Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-204/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, icra sənədi üzrə borclu X3 Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun icra sənədinin icrası ilə bağlı hərəkətindən şikayətə dair iş üzrə Suraxanı Rayon Məhkəməsinin 26.01.2021-ci il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: X4 icra sənədi üzrə borcludur. Belə ki, Suraxanı Rayon Məhkəməsinin 28.03.2014-cü il tarixli qətnaməsi ilə qət olunub ki, X1 3.360 manat pul, habelə dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq X2 verilsin. Qətnaməyə əsasən icra vərəqəsi verilib və icra edilməsi üçün Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə göndərilib. Məhkəməyə müraciət: Borclu X4 04.12.2020-ci il tarixdə icra məmurunun hərəkətindən şikayətlə Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Şikayətdə xahiş olunub ki, həmin icra işi ilə bağlı icra məmuru tərəfindən qanuni tələb yazılı surətdə və rəsmi qaydada təqdim edilmədən inzibati protokol tərtib edilməsi üçün borcludan izahat tələb edilməsi qanunsuz hesab edilsin, icra işi ilə bağlı borcludan izahat tələb edilməsindən əvvəl borcluya (və ya nümayəndəsinə) qanuni tələbin yazılı surətdə və rəsmi qaydada təqdim edilməsi öhdəliyi icra məmurunun üzərinə qoyulsun. Borclu şikayəti onunla əsaslandırıb ki, icra sənədi üzrə icraat başlandıqdan sonra icra şöbəsinə gəlmiş, gəlirlərinin olub-olmaması, habelə əmlakının olmaması barədə məlumat vermişdir. Həmin zaman işləyirdi, aldığı əmək haqqınının 50 faizi aliment kimi tutulurdu. Bu barədə icra məmuruna məlumat vermiş, lakin icra məmuru buna əhəmiyyət verməmişdir. Qanuna görə aliment ilk növbədə, maddi zərərin tutulması isə 5-ci növbədə həyata keçirilməlidir. Bir müddət keçdikdən sonra onu icra şöbəsinə çağrımışlar və yazılı izahat tələb etmişlər. O, buna etiraz etmişdir. Buna baxmayaraq icra məmuru qanunu pozaraq izahat tələb edir və inzibati protokol tərtib etməsi ilə onu hədələyir. Ona görə hesab edir ki, icra məmurunun hərəkətləri qanunsuz hesab edilməlidir. Məhkəmənin qərardadı: Suraxanı Rayon Məhkəməsinin 26.01.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, borclunun şikayəti təmin edilməsin. Qərardad onunla əsaslandırılıb ki, şikayət əsassız olmaqla formal mülahizələr üzərində qurulmuşdur. Məhkəmə qərardadından şikayət: Borclu X4 tərəfindən verilmiş şikayətdə tələb olunub ki, Suraxanı Rayon Məhkəməsinin 26.01.2021-ci il tarixli qərardadı ləğv edilsin və icra məmurunun hərəkətindən verilmiş şikayət təmin edilsin. Məhkəmə qərardadının yoxlanılması: “İcra haqqında” Qanunun 29.1-ci maddəsindən görünür ki, şifahi və yazılı izahatlar vermək borclunun hüquqlarından biridir. O cümlədən İnzibati Xətalar Məcəlləsinin 61.1.2-ci maddəsindən görünür ki, izahat vermək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarından biridir. Göründüyü kimi, həm icra sənədi üzrə icraatda, həm də inzibati xəta haqqında iş üzrə icraatda izahat vermək subyektiv hüquq kimi müəyyən olunub. Subyektiv hüquq – mümkün davranış qaydasıdır. İzahat verməyə məcbur edilmək üçün X3 barəsində icra məmuru tərəfindən hər hansı tədbir görüldüyünü təsdiq edən sübut yoxdur. Əgər inzibati məsuliyyətə cəlb etmə ilə bağlı X3 hüquqları və ya qanuni mənafeləri pozularsa o, inzibati xəta haqqında iş üzrə qərarı İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş qaydada mübahisələndirə bilər. Beləliklə, icra məmurunun hərəkətindən şikayət əsassızdır, birinci instansiya məhkəməsi şikayəti rədd edilməsi barədə qərardad qəbul etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 26.01.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-204/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-204/2021
07.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver