Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-204/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, 8(011)-10/2024 nömrəli iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 aprel 2024-cü il tarixli qərardaddan Tələbkar verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı, xx.xx.2018-ci il tarixli, 2(011)-634/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamələri, habelə həmin məhkəmənin 8(011)-17/2021 saylı, xx.xx.2021-ci İl tarixli qərardadı ilə Borclu onun xeyrinə ümumilikdə tutulmalı olan 69.832,78 manat pul vəsaitinə münasibətdə 2023-cü il üçün hesablanmış cari dəyərinin (ekvivalenti) 15.293,37 manat təşkil edən vəsaitin borcludan tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsi ilə borcludan 53.000 manat borc məbləği, 6.218 manat məzənnə fərqi, habelə 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla 59.248,4 manat tutularaq tələbkara ödənilməlidir. Xətai Rayon Məhkəməsinin qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qətnaməsi ilə borcludan 5.921,84 manat maddi zərər, 500 manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq 30 manat cəmi isə 6.451,84 manat tutularaq tələbkar ödənilməlidir. Xətai Rayon Məhkəməsinin qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qərardadı ilə indeksasiya məbləği olaraq 4.132,54 manat borcludan tutularaq tələbkar ödənilməlidir. Qeyd edilən məhkəmə aktları əsasında verilmiş icra vərəqələri icra edilməsi üçün Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra məmuru onları ümumi icraata birləşdirmişdir. İcra sənədləri borclu tərəfindən hazıradək icra edilməmişdir. Qeyd edilən məbləğlər bugünədək borcludan tələbkarın xeyrinə tutulmadığı üçün və ötən müddət ərzində sözü gedən məbləğ inflyasiyanın təsirinə məruz qalmış, tələbkar həmin zaman kəsiyində bazarda istehlak qiymətlərinin artması nəticəsində real zərərlə üzləşmişdir. Həmin məhkəmə aktları üzrə ümumilikdə ödənilməli olan 69.832,78 manat pul vəsaiti 2023-cu il üçün qiymətdən düşməsi heç də mübahisə doğurmur və rəsmi sənədlərlə, internet şəbəkəsində, informasiya resurslarında qeydə alınan məlumatlardan tam təsdiq olunur. Nəzərə alınmalıdır ki, pul məbləğinin indeksasiya edilməsinə dair Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə 69.832,78 manat pul vəsaiti 2022-ci üzrə indeksasıya olunmuş, həmin məbləğ 15.293,37 manat təşkil etmiş, borcludan tələbkarın xeyrimə tutulması qərara alınmış, lakin məhkəmə aktı qanuni qüvvəsini almasına baxmayaraq borclu tərəfindən icra edilməmişdir. Tələbkar hesab edir ki, tutulmalı olan pul vəsaiti 2023-cü il üzrə də indeksasiya olunmalı, ona dəymiş zərərin məbləği – 15.293,37 manat məbləğində müəyyən edilməli və həmin məbləğ borcludan onun xeyrinə tutulmalıdır. Borclu ərizəyə etirazını onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən artıq 3 dəfə qətnamə və qərardad çıxarılmışdır. 50.000 manat borca görə ondan bu qədər pul tutulmamalıdır. Onun borcuna görə eyni zamanda arvadından da pul tutulması barədə məhkəmə qərarı çıxarılmışdır. Tələbkar nüfuzundan istifadə edərək həmişə onu məhkəməyə verir, nəticədə ziyanına məhkəmə aktları çıxarılır, onun evinin üzərinə həbs qoyulmuş, buna görə də o evini satıb borcunu ödəyə bilmir. Həmin ev onun yeganə yaşayış yeri olduğundan qanunvericiliyin tələbinə əsasən, həmin evin icra məmuru tərəfindən məcburi olaraq satılması mümkün deyil, o, özü evini satıb borcu ödəmək istəyir, bununla bağlı istintaqda öz üzərinə öhdəlik də götürmüşdür. Lakin qarşı tərəf buna imkan vermir, evin üzərindən həbsin götürülərək satılmasına və borcun qaytarılmasına şərait yaratmır. Başqa şəxslərin ona olan borcunun əvəzi kimi vermək istədikləri ofis sahəsini təklif etmiş, lakin tələbkar bunu da qəbul etmir. Həmçinin tələbkarın hazırda tələb etdiyi məbləğ Xətai Rayon Məhkəməsinin əvvəlki qərarı ilə tutulmuşdur. Tələbkar isə yenidən məhkəməyə müraciət edərək, eyni məbləği ondan tələb edir. Qeyd edilənlərə əsasən o hesab edir ki, ərizə rədd olunmalıdır. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə ərizənin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borc məbləğinin əvvəllər indeksasiya olunması, borclunun həbs qoyulmuş əmlakının satışından əldə ediləcək vəsait hesabına tələbkara olan borcunun ödənilməsi barədə istintaq orqanında üzərinə götürdüyü öhdəlikləri, həmçinin də borcluya məxsus əmlak (5 otaqlı mənzil) üzərinə məhkəmə qərardadı ilə həbs qoyulmasına baxmayaraq həmin əmlakın məhkəmə qətnaməsinin icrası üçün məqsədyönlü tədbirlərin görülməməsi və əmlak üzərində həbsin olması, digər tərəfdən də qətnamənin icrası məqsədilə borclunun mülkiyyətindəki “Kamaz” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsində tələbkarın razılığının olması kimi halları, xüsusilə də məhkəmə aktlarının icrasının gecikdirilməsində borclunun təqsirli əməlinə dair hallarının müəyyən olunmaması, ərizənin rədd edilməsi üçün əsasdır. Tələbkar, həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borc məbləğinin 2022-ci il üçün indeksasiya olunması, 2023-cü il üçün indeksasiya olunmasına mane olmur. İndeksasiya Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Lakin Rayon Məhkəməsi əsassız olaraq ərizəni rədd etməklə qanunsuz qərardad qəbul etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və Tələbkar ərizəsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Borclu cəmi 59.248,40 manatın Tələbkar xeyrinə tutulması qət edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2016-cı il tarixli “Kredit müqaviləsi” üzrə müəyyən edilmiş 59.218,40 manat (53.000 manat əsas borc, 6.218 manat məzənnə fərqi) borc məbləğinin 2 il müddət üçün hər il 5 faiz olmaqla illik 2.960,92 manat, 2 illik 5.921,84 manat maddi zərər, 500 manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat pul tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)-687/2019 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-1184/2018 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair Tələbkar ərizəsi təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icra üsulu və qaydası aşağıdakı qaydada dəyişdirilmişdir: - icra sənədi üzrə Borclu mülkiyyətində olan “Mercedes-220” markalı **-OK-*** qeydiyyat nişanlı, “VAZ 21214” markalı **-EG-*** qeydiyyat nişanlı, “KAMAZ 65115 016- 02” markalı **-EZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin likvid dəyərinin müəyyən olunması məqsədilə həmin nəqliyyat vasitələrinin saxlanılsın və mühafizə altında olan xüsusi duracağa yerləşdirilsin. - borclunun mülkiyyətində olan həmin nəqliyyat vasitələrinin prosedura uyğun hərrac vasitəsilə satılsın və hərracdan əldə olunmuş vəsait hesabına borc məbləğinin bir hissəsinin ödənilməsinə yönəldilsin. - qalıq borca münasibətdə isə icra tədbirlərinin ümumi qaydada davam etdirilsin. Xətai Rayon Məhkəməsinin 8(011)-687/2019 saylı iş üzrə xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərardadlardan görünür ki, “Mercedes-220” minik markalı, **-OK-*** qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı **-EG-*** qeydiyyat nişanlı avtomobillərin üzərindən həbs, avtomobil Borclu istifadəsində olmadığından, “KAMAZ 65115 016-02” yük markalı, **-EZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən isə Tələbkar razılığı ilə həbs götürülmüşdür. Notarial qaydada təsdiq edilmiş **********558 nömrəli ərizədən görünür ki, tələbkar borcluya məxsus və yuxarıda qeyd edilən “KAMAZ 65115 016-02” markalı nəqliyyat vasitəsinə dair heç bir şikayət və tələbi olmadığını, nəqliyyat vasitəsinin üzərində olan həbsin götürülməsinə etiraz etmədiyini bildirmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə borcludan tələbkarın xeyrinə 4.132,54 manatın tutulması qərara alınmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-1280/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qətnaməsi ilə cəmi 3.543,24 manat pulun borcludan alınaraq tələbkara ödənilməsi qət edilmişdir. Xətai Rayon İcra Şöbəsinin “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərarından görünür ki, borclunun barəsində olan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Həmin İcra Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməklə, baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmiş, Xətai Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli (iş № 3(011)-1825/2022) qərarla borclunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilməsini qərara almışdır. Xətai Rayon Məhkəməsinin 8(011)-3/2023 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı, xx.xx.2018-ci il (59.248,40 manat) tarixli, 2(011)- 634/2020 saylı, xx.xx.2020-ci il tarixli (6.451,84 manat) qətnamələri və 8(011)-17/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə (4.132,54 manat), ümumilikdə ödənilməli olan 69.832,78 manat məbləğ 2022-ci il üzrə indeksasiya olunmaqla 15.293,37 manat miqdarda pulun borcludan alınaraq tələbkara ödənilməsi qərara alınmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv.m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin özgəninkiləşdirilməsi borcluya və başqa şəxslərə qadağan edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-6934/2021 saylı qərardadı ləğv edilmiş, yuxarıda qeyd edilən həmin mənzilin üzərinə özgəninkiləşdirilmə ilə bağlı qoyulmuş qadağa götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı (iş № 2(103)-1790/2024) qərardadından görünür ki, tələbkar tərəfindən verilmiş şikayət təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, hazırkı iş üzrə tələbkarın cavabdehlər (hazırkı iş üzrə borclu) Borclu və (sonuncunun övladı) X5 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka dair mülkiyyət hüququnun ilkin vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Borclun “əmlakın üzərindən həbsin götürülməsi” barədə ərizəsi rədd edilmişdir. Borclu tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, evini sataraq tələbkara olan borcunu ödəyə biləcəyini, lakin evin üzərinə tələbkarın ərizəsi əsasında həbs qoyuluğu üçün evi satıb borcunu ödəyə bilmədiyini, tələbkar tərəfindən şərait yaradılıb evin üzərindən həbs götürülən kimi borcu ödəyəciyinə dair öhdəlik götürmüş, həmçinin qeyd etmişdir ki, başqa şəxslərin ona olan borcunun əvəzi kimi vermək istədikləri ofis sahəsini təklif etmiş, lakin tələbkar bunu qəbul etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsindən (iş № 2(103)-8405/2021) görünür ki, cavabdeh (hazırkı iş üzrə borclunun arvadı) X1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 “E” yerləşən qeyriyaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin 1/2 hissəsi (yəni 62.500 manat) məcburi qaydada alınması və həmin vəsaitin ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmçinin qeyd etmişdir ki, X2 mülkiyyət hüququnun xx.xx.2019-cu il tarixdə qeydiyyata alınması və bu daşınmaz əmlakın xx.xx.2019-cu il tarixdə ən qısa zaman kəsiyində 125.000 manata satılması məhz borclu (ər) Borclu icra etməli olduğu icra sənədinin Xətai rayon İcra şöbəsinin icraatında olduğu zaman baş vermiş, bu qaydada davranışın məqsədi öhdəliyin icrasından yayınmaq olmuşdur. Kollegiya hesab etmişdir ki, hazırki halda iddiaçı cavabdeh Gülnarə Gözəlovadan mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin 1/2 hissəsinin (yəni 62.500 manat) məcburi qaydada alınması və həmin vəsaiti ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsini tələb etməkdə tələbkar haqlı olmuşdur. İşdə olan sübutlardan görünür ki, Borclu Xətai Rayon Məhkəməsinin 2(011)- 1184/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 59.248,40 manat, 2(011)-634/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 6.451,84 manat, 8(011)-17/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə 4.132,54 manat olmaqla, məhkəmə aktları üzrə cəmi 69.832,78 manat məbləğində pulun tutularaq Tələbkar ödənilməsi qət edilmiş, həmin məbləğin indeksasiyasını təşkil edən 15.293,37 manat məbləğində pulun Xətai Rayon Məhkəməsinin 8(011)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu alınaraq Tələbkar ödənilməsi qərara alınmış, həmin qərardad qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir və hazırda da icra mərhələsindədir. Eyni zamanda iddianın təmin edilməsi məqsədilə Borclu məxsus olan və ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv.m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin özgəninkiləşdirilməsi borcluya və başqa şəxslərə qadağan edilmiş və hazırda da həmin mənzilin özgəninkiləşdirilməsinə dair məhdudiyyət qalmaqdadır. Qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Borclu icra etməli olduğu borc öhdəliyi ilə bağlı onun arvadı X4 rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 “E” yerləşən qeyriyaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin yarısının, yəni 62.500 manatın məcburi qaydada alınması və həmin vəsaitin ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmiş, həmin qətnamə icraya yönəldilmiş, Borclu istintaqda verdiyi izahatında evinin satılmasına şərait yaradılan kimi evini satıb pulu ilə borcunu ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Həmçinin Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-1184/2018 saylı qətnaməsinin icra üsulu və qaydası kimi borclunun mülkiyyətində olan və yuxarıda qeyd edilmiş 3 ədəd nəqliyyat vasitəsinin üzərindən həbs qoyulmuş, onlardan birinin üzərindəki həbs tələbkarın razılığı ilə götürülmüşdür. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 232.1-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarına görə, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa görə, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir (maddə 1.). Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır... . İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin (maddə 2.). Apellyasiya icraatı zamanı Məhkəmənin qəbul etdiyi xx.xx.2024-cü il qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və araşdırılıb cavab verilməsindən ötrü ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - 69.832,78 manat pul məbləğinin 2023-cü il üçün istehlak qiymətləri indeksi nə qədər təşkil etmişdir? - 2022-ci il ilə müqayisədə 2023-cü il üzrə istehlak qiymətləri indeksi 5 faizlik həddi keçmişdirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin qərardad əsasında verilmiş xx.xx.2024-cü il tarixli, 9/6249 nömrəli rəydən görünür ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən, 2023-cü ildə 2022-ci ilə nisbətən istehlak qiymətləri indeksi 108,8% təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 8,8% artmışdır. Həmin 8,8% artım nəzərə alınmaqla qeyd edilən 2022-ci il üçün 69.832,78 manatın 2023cü ilə dəyəri 75.978,06 manat məbləğində müəyyən edilir. Göründüyü kimi, icra sənədləri üzrə ödənilməli olan pul məbləği tələbkarın ərizələri əsasında müvafiq məhkəmə qərarları ilə 2021 və 2022-ci il üçün indeksləşdirilmişdir. Hazırda həmin məbləğin 2023-cü il üçün də indeksləşdirilməsi ilə bağlı ərizənin rədd edilməsi barədə Rayon Məhkəməsinin qənaəti əsassızdır. İcra sənədləri əsasında tutulmalı olan pul məbləğlərinin ödənilməsi borclu tərəfindən artıq uzun müddətdir icra olunmur və bu halda inflyasiyanın təsirləri nəticəsində tələbkarın zərərə uğraması aşkardır. İcra edilməli olan pul məbləğlərinin əvvəlki illərdə indeksləşdirilməsi, 2023-cü il üçün indeksləşdirilməsinə mane olmur, əksinə buna zəmin təşkil edir. Digər tərəfdən 2022-ci il üçün indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksinin 2023-cü ildə 5 faizlik həddi keçdiyi müşahidə edilir. Borcludan tələbkarın xeyrinə tutulmalı olan 69.832,78 manatın 2023-cü ilə dəyəri 75.978,06 manat, fərq isə 6.145,28 manat təşkil edir. Belə olan halda qəbul edilməlidir ki, tələbkar tərəfindən verilmiş “məhkəmə aktları ilə borcludan tələbkarın xeyrinə ümumilikdə tutulmalı olan 69.832,78 manat pul vəsaitinə münasibətdə 2023-cü il üçün hesablanmış cari dəyərinin (ekvivalenti) 15.293,37 manat təşkil edən vəsaitin borcludan tutularaq tələbkara ödənilməsi barədə” ərizə qismən əsaslıdır. Rayon Məhkəməsinin həmin ərizənin tam həcmdə rədd edilməsi barədə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı səhvdir. Tələbkarın həmin qərardaddan verdiyi şikayət qismən əsaslıdır və formal mülahizə xarakteri daşımır. Bundan başqa Məhkəmə qeyd edir ki, apellyasiya baxışı zamanı iş üzrə borclu Məhkəməyə bildirmişdir ki, o, tələbkara olan borcundan 35.000 manat ödəmişdir. Buna görə də, o, bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, həmin hal tələbkarın verdiyi və hazırkı apellyasiya baxışının predmeti olan ərizənin həllinə təsir göstərmir. Belə ki, tələbkarın həmin ərizəsində məhkəmə aktları əsasında borcludan tutulmalı olan pul vəsaitinə münasibətdə 2023-cü il üçün indeksasiya edilərək tutulması xahiş edilir, amma borclu tərəfindən Məhkəməyə təqdim edilmiş 5 ədəd “Ödəniş qəbzindən” görünür ki, həmin ödənişlər 2023-cü ildə deyil, 2024-cü ildə edilmişdir (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək borclu tərəfindən tələbkara hissə-hissə cəmi 35.000 manat məbləğində ödəniş edilmişdir). Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Tələbkar şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qəbul etdiyi 19 aprel 2024cü il tarixli qərardadı ləğv edilsin və iş üzrə yeni qərardad qəbul edilsin. Tələbkar “məhkəmə aktları əsasında borcludan tutulmalı olan pul vəsaitinə münasibətdə 2023-cü il üçün indeksasiya edilərək tutulması barədə” ərizə qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulmalı olan (59.248,40 manat), Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmalı olan (6.451,84 manat), Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə tutulmalı olan (4.132,54 manat) cəmi 69.832,78 manat məbləğ 2023-cü il üzrə indeksasiya olunsun və Borclu Tələbkar xeyrinə 6.145 (altı min yüz qırx beş) manat 28 (iyirmi səkkiz) qəpik tutulsun. Tələbkar “məhkəmə aktları əsasında borcludan tutulmalı olan pul vəsaitinə münasibətdə 2023-cü il üçün indeksasiya edilərək tutulması barədə” ərizəsinin qalan hissəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-204/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-204/2024
10.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver