Məhkəmə qərarları › İş №8(103)-205/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-205/2021

05.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-205/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-61/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadından borclu Abbasov Zəka Vəli oğlu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Borclu Abbasov Zəka Vəli oğlu şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Zamiq Kazımovun hərəkətlərinin qanunsuz sayılması və yol verdiyi kobud qanun pozuntularına görə icra məmuru barəsində xüsusi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx" ASC cavabdeh ona qarşı kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, məndən iddiaçı “xxxx" ASCnin xeyrinə əsas borc üzrə 330,000 manat, faiz borcu üzrə 91299,56 manat, dəbbə borcu üzrə 4154,83 manat olmaqla ümumilikdə 425454,39 manat məbləğində kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və Nərimanov Rayon Məhkəməsi onu iştirakı olmadan mülki işə baxaraq 01.02.2013-cü il tarixli 2(005)-124/2013 saylı qətnaməsi ilə iddia tələbini təmin edilərək, məndən iddiaçı “xxxx” ASC-nin xeyrinə əsas borc üzrə 330,000 manat, faiz borcu üzrə 91299,56 manat, dəbbə borcu üzrə 4154,83 manat olmaqla ümumilikdə 425454,39 manat məbləğində kredit borcunun və 20 manat dövlət rüsumunun tutulmasını qət edilmişdir. Qeyd olunan qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə 22.07.2020-ci il tarixdə Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kazımov Zamiq Mütəllif oğlu tərəfindən icra icraatına başlanılmışdır. Başlanılmış icra icraatı üzrə ötən dövrdə icra məmuru Kazımov Zamiq Mütəllif oğlu səlahiyyətlərini aşaraq heç bir zəruri icra tədbirləri görmədən guya qeydiyyatda olduğu ünvan 1 ünvana baxış keçirmiş və orada yaşamadığı müəyyən edildiyindən 22.09.2020- ci il tarixdə barəsində “Borclunun axtarılması haqqında” qərar qəbul edərək Nərimanov rayon Polis İdarəsinə göndərmişdir. 28.12.2020-ci il tarixində o polis orqan tərəfindən saxlanılaraq Nərimanov rayon İcra və probasiya şöbəsinə təhvil verilmiş, lakin buna baxmayaraq Zamiq Kazımov onu əsassız olaraq yenidən axtarışa vermiş, habelə onun ölkədən getmək hüququna məhdudiyyətin qoyulmasına dair təqdimatla Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin təqdimata baxılması hakim Kəmalə Əmirxanova tərəfindən 29.01.2021-ci il tarixə saat 09:30-a təyin edilmişdir. Məlumat üçün bildirir ki, o ünvan 2 ünvanda yaşayır, habelə qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək icra məmuru qarşısında “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.7-ci maddəsinə əsasən icra icraatının məcburi qaydada dayandırılması haqqında vəsatət qaldırmışdır. Lakin icra məmuru tam qanunsuz olaraq icra icraatını dayandırmır. Belə ki, icra məmuru Zamiq Kazımov 28.12.2020-ci il tarixində ona tələbin könüllü icra edilməsi üçün bildiriş verənədək onun icra sənədinin verilməsinə əsas olan Nərimanov rayon məhkəməsinin 01.12.2013-cü il tarixli, 2(005)- 124/2013 saylı qətnaməsindən xəbəri olmamışdır. Buna görə də, o icra məmurundan mövcud sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar məhkəmələrin 25.01.2021-ci il tarixədək işləmədiyinə görə qeyd olunan mülki işlə tanış olmağı, habelə qətnamənin rəsmi olaraq ona təqdim edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi və apellyasiya şikayəti verməyi üçün mənə möhlət verilməsini xahiş etdim o, isə mənə bunun qarşılığında ona hörmət etməyimi təklif etdi. Onun isə həmin məbləği ona verməyə maddi imkanı olmadı üçün o, onu tam əsassız olaraq təkrar axtarışa vermiş, habelə onun ölkədən getmək hüququna məhdudiyyətin qoyulmasına dair təqdimatla Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Məlumat üçüm bildirir ki, icra məmuru Zamiq Kazımov 28.12.2020-ci il tarixdə ona tələbin könüllü icra edilməsi üçün bildriş - verənədək onun icra sənədinin verilməsinə əsas olan Nərimanov rayon məhkəməsinin 01.12.2013-cü il tarixli, 2(005)-124/2013 saylı qətnaməsindən xəbəri olmamış və onun həmin qətnamədən apellyasiya şikayəti yermək hüququnun olduğunu icra məmuruna bildirmişdir. Qeyd olunan icra işi üzrə toplanmış materiallardan görünür ki, icra məmuru tam qərəzli olaraq zəruri icra tədbirlərini görmədən yəni onun yaşadığı yer üzrə müvafiq orqandan arayış almadan yalandan formal olaraq akt tərtib etməklə onu axtarışa vermiş. Hesab edir ki, icra məmuru Zamiq Kazımovun icra hərəkətləri qeyri-obyektiv, qərəzli və qanunsuzdur. O, məhkəmə qərarına hörmətlə yanaşır, lakin Azərbaycan Respublikası Konstitusiyası, Mülki və Mülki Prosessual Məcəlləsində qeyd olunan hüquqlarından istifadə etməkdə israrlıdır. Belə ki, qeyd olunan qətnamədə göstərilən məbləğdə onun kreditor bank qarşısında öhdəliyi yoxdur, habelə əsas və faiz borcu süni şəkildə şişirdilmişdir. Qeyd olunan icra sənədi üzrə icraatın dayandırılmasını icra məmurundan tələb etsə də, o, heç bir qanun əsas olmadan onu həbs etdirəcəyi və barəsində digər qanunsuz tədbirlər görəcəyi ilə hədələyir. Bütün bunlar ona icra məmuru Zamiq Kazımov öz maraqlarına görə qeyri prosessual münasibətlərə yol verərək vəzifə səlahiyyətlərini aşdığını düşünməyə əsas verir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-61/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan borclu Abbasov Zəka Vəli oğlunun verdiyi şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclunun nümayəndəsi-vəkili şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən icra məmurunun köhnə tarixlə guya 11.02.2021-cı il tarixdə qəbul edilmiş icraatın dayandırılması haqqında qərarı əsas götürlümüş, həmin qərarın nə üçün 16.02.2021-ci il tarixdə şikayətinə baxıldığı gün məhkəməyə təqdim edilmədiyi araşdırılmamış və nəticə etibarı ilə icra məmurunun qanunsuz hərəkətləri ört-basdır etmək məqsədilə köhnə tarixlə qəbul edilmiş icra məmurunun qərarı əsasında onun şikayəti təmin edilməmişdir. Belə ki, Nərimanov rayon İcra şöbəsi tərəfindən mənə və borclu Abbasov Zəka Vəli oğluna məlumat üçün göndərilmiş 1913-100399/15/27 nömrəli 11.02.2021-ci il tarixli məktubun poçt konvertindən görünür ki, icraatın dayandırılması haqqında qərar fakt olaraq 26.02.2021-ci il tarixdə qəbul edilmiş, sadəcə formal olaraq köhnə tarixlə guya 11.02.2021ci il tarixdə qəbul edilmiş, lakin həmin qərarın qəbul edilməsi haqqında məktub 03.03.2021ci il tarixdə mənə poçt vasitəsi ilə təqim edilmişdir. Onun icraatın dayandırılması haqqında 22.01.2021-ci il tarixli vəsatəti 25.01.2021-ci il tarixdə şöbənin dəftərxanasın daxil olsa da, həmin vəsatətə cavab verilməmiş, ikinci analoji vəsatəti 08.02.2021-ci il tarixdə həmin icra şöbəsinin icraatında daxil olduqdan sonra vəsatətinə 03.03.2021-ci il tarixdə cavab olaraq aldığım 1913-100399/15/27 nömrəli 11.02.2021-ci il tarixli məktubun poçt konvertindən görünür ki, icraatın dayandırılması haqqında qərar fakt olaraq 26.02.2021-ci il tarixdə qəbul edilmiş, sadəcə formal olaraq köhnə tarixlə guya 11.02.2021-ci il tarixdə qəbul edildiyi qeyd edilmişdir. Sübut kimi hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətində istifadəyə verilmiş və icra məmurlarının bütün qərarlarının daxil edildiyi “Elektron İcra” informasiya sistemindən çıxrış almaqla da müəyyən etmək olar ki, icra məmuru Zamiq Kazımov tərəfindən 11.02.2021-ci il tarixdə qəbul edildiyi ehtimal olunan icraatın dayandırılması haqqında qərar “Elektron İcra” informasiya sistemindən kənar qəbul edilmiş qəradır və nəticə etibarı ilə icra informasiya siteminə qəsdən əlavə edilməmişdir. Belə ki, həmin qərarın “Elektron İcra” informasiya sistemi vasitəsi ilə qoyulan bar kodu və tarixi yoxdur İcra məmuru Zamiq Kazımov tərəfindən 11.02.2021-ci il tarixdə qəbul edildiyi ehtimal olunan icraatın dayandırılması haqqında qərar “Elektron İcra” informasiya sistemində qeydiyyatdan keçmədiyinə görə saxtadır və nəticə etibarı ilə Nərimanov rayon məhkəməsinin 8(005)-61/2021 saylı, 16.02.2021-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş, həmçinin Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tələbkarın izahatını dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin olunmalı, Borclu Abbasov Zəka Vəli oğlunun icra məmurunun hərəkətindən verdiyi şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından aydın olur ki, Abbasov Zəka Vəli oğlu tərəfindən 22.01.2021- ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2013 saylı 01.02.2013-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmiş, həmin şikayətin surəti şöbəyə 25 yanvar 2021-ci il tarixdə vəsatətlə təqdim edilmiş, lakin apelyasiya şikayətinin icraata qəbul edilməsi barədə bildiriş 08 fevral 2021-ci il tarixli təkrar vəsatətlə təqdim edilmişdir. Bundan sonra icra məmuru tərəfindən 11 fevral 2021-ci il tarixdə icraatın dayandırılması haqqında qərar qəbul edilərək, tərəflərə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi borclu tərəfindən Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadından verdiyi şikayətdə qeyd olunanlarla bağlı araşdırma aparmamış, şikayətdə qeyd olunan dəlillərə ümumiyyətlə münasibət bildirməmişdir. Digər tərəfdən 11.02.2021-cı il tarixdə qəbul edildiyi qeyd olunan icraatın dayandırılması haqqında qərarın həqiqətən hansı tarixdə qəbul edildiyi və həmin qərarın nə zaman “Elektron İcra” informasiya sisteminə daxil edildiyi araşdırmadan əsassız olaraq şikayəti təmin etməmişdir. Belə ki, “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə görə isə, məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən dayandırılır. Həmin qanunun 21.8-ci maddəsinə əsasən, dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin qanunun 85.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Həmin qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə borclu Abbasov Zəka Vəli oğlunun axtarılması zərurəti olduğundan icra icraatı çərçivəsində borclunun axtarılması barədə qərar qəbul olunduğunu qeyd etsə də, şikayətə baxılması ilə bağlı məhkəmənin iclas protokollarından icra işinin tələb edilərək öyrənildiyi, ötən müddət ərzində hansı icra hərəkətlərinin aparıldığının yoxlanıldığı da görünmür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-61/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları araşdıraraq şikayətə qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-61/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadı ləğv edilərək iş borclu Abbasov Zəka Vəli oğlunun icra məmurunun hərəkətlərindən verdiyi şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar