Məhkəmə qərarları › İş №8(103)-207/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-207/2021

05.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-207/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi və İddiaçı “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi X2-Tədqiqat Mərkəzi” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 8(004)- 222/2021 saylı qərardadından borclu “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi X2-Tədqiqat Mərkəzi” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Anar Əyyubov Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.07.2017-ci il tarixli 10(102)- 66/2017 saylı icra sənədinin icrası ilə bağlı borclu “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi X2-Tədqiqat Mərkəzi” MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1158,7 kv.m olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 10.03.2020-ci il tarixli 8(004)-222/2020 saylı qərardadına əsasən təqdimat təmin edilmişdir. Borclu “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi X2-Tədqiqat Mərkəzi” MMC ərizə ilə məhkəməyə müraciət edərək, həmin MMC-nin mülkiyyətində olan qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar Fərdi Səhmdar Cəmiyyəti Yasamal rayon icra və probasiya şöbəsinə 29.01.2021-ci il tarixli ərizə ilə müraciət edərək, icra sənədinin icra olunduğunu bildirmiş və buna görə də icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. “xxxx” MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1158,7 kv.m olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.07.2017-ci il tarixli 10(102)-66/2017 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi daşıyır. Həmin icra sənədi icra olunduğu üçün qeyd olunan əmlak üzərinə qoyulmuş həbs götürülməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli 8(004)-222/2020 saylı qərardadı ilə həbsin götürülməsi barədə ərizə təmin edilməmişdir. Qərardad belə əsaslandırılmışdır ki, borclu təşkilat tərəfindən Ukrayna şirkətinə olan borc ödənilsə də, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsi ilə müəyyən edilmiş tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişi (17090,73 ABŞ dolları və 255,78 Ukrayna qrivnası) həyata keçirilməmişdir. Həmin qərardaddan borclu “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi X2-Tədqiqat Mərkəzi” MMC şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli qərardadının ləğv edilib, həmin qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.07.2017-ci il tarixli 10(102)-66/2017 nömrəli icra sənədinə əsasən tutulmalı olan məbləğ “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi X2-Tədqiqat Mərkəzi” MMC-dən tutularaq Tələbkar Fərdi Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmişdir. Bundan sonra Tələbkar Fərdi Səhmdar Cəmiyyəti Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən müvafiq icra sənədi üzrə “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi X2-Tədqiqat Mərkəzi” MMCdən 17090,73 ABŞ dolları və 255,78 Ukrayna Qrivnası məbləğində icra ödənişinin tutulması barədə 09.02.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Göründüyü kimi borclu tərəfindən icra sənədinə əsasən müəyyən edilmiş məbləğ tam şəkildə tələbkara ödənmişdir. Lakin məhkəmə haqsız olaraq 17090,73 ABŞ dolları və 255,78 Ukrayna Qrivnası məbləğində icra ödənişinin tutulması barədə qərara və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə istinad edərək əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəni rədd etmişdir. Lakin məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Məhkəmə yuxarıdakı qanunun müddəasına istinad etmiş və ərizəni təmin etməməsinin səbəbi kimi ödənilməmiş icra ödənişinin olduğunu qeyd etmişdir. Lakin «İcra haqqında» Qanunun müvafiq maddəsinə nəzər saldıqda həmin maddədə sadəcə 7 faiz həcmində icra ödənişinin alınması barədə qərar qəbul edilməsi qeyd edilmişdir. Buna müvafiq olaraq da qərar qəbul edilmiş və icra ödənişinin tutulması qərara alınmışdır. Lakin həmin qanunda icra sənədi üzrə öhdəlik tam yerinə yetirildikdə, buna müvafiq icra ödənişi ödənilmədikdə əmlak üzərində həbsin qalmasının zərurəti qeyd edilməmişdir. İcra ödənişinin ödənilmədiyi təqdirdə icra məmurunun və onun təqdimatı əsasında məhkəmənin həyata keçirəcəyi növbəti prosessual addımlar olduğu təqdirdə məhkəmə borcun ödənilməsi üçün əmlak üzərinə qoyulmuş həbsin icra ödənişlərinin də ödənilməsinə şamil edərək əmlak üzərində həbsin qalmasını məqbul hesab etməklə yanlış qənaətə gəlmişdir. «İcra haqqında» Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. İcra sənədinə əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, icra sənədi üzrə nəzərdə tutulmuş öhdəlik tam icra olunmuşdur ki, bu da «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən qeyd edilməlidir ki, icra sənədi üzrə öhdəlik tam icra edildiyindən və ödənilməmiş borc qalmadığından əmlak üzərində həbsin qalmasına zərurət aradan qalxmışdır. Əmlak üzərinə həbsin qoyulmasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə qətnaməsinin gələcəkdə icra edilməsinə mane olan halların mövcudluğu aradan qaldırılmış olsun. Buna görə də hesab edirlər ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1158,7 kv.m olan qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbs götürülməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-222/2020 saylı 15.03.2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 8(004)- 222/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclunun nümayəndəsi məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tələbkar məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.03.2020-ci il tarixli 8(004)-222/2020 saylı qərardadı ləğv edilməli, həbsin götürülməsi barədə borclunun ərizəsi təmin edilməli, “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi X2-Tədqiqat Mərkəzi” MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1158,7 kv.m olan qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.07.2017-ci il tarixli 10(102)-66/2017 saylı icra sənədinə əsasən borclu “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi X2-Tədqiqat Mərkəzi” MMC-dən 244153,42 ABŞ dolları və 3654 Ukrayna qrivnası məbləğində pul vəsaiti tutularaq Tələbkar Fərdi Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Anar Əyyubov borclu “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi X2-Tədqiqat Mərkəzi” MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1158.7 kv.m olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 10.03.2020-ci il tarixli 8(004)-222/2020 saylı qərardadına əsasən təqimat təmin edilmişdir. Müvafiq icra sənədi iş üzrə borclu tərəfindən qanunvericliklə müəyyən edilmiş müddətdə icra edilməmiş, bu səbəbdən də, icra məmuru tərəfindən bir sıra icra hərəkətləri yerinə yetirilmiş, borclunun əmlakı, gəlirləri, bank hesabları, pul vəsaitləri və s. barədə müxtəlif yerlərə sorğular verilmişdir. Daha sonra iş üzrə Tələbkar Fərdi Səhmdar Cəmiyyəti Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə ərizə ünvanlayaraq icra sənədi icra olunduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.07.2017-ci il tarixli icra vərəqi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən müvafiq icra sənədi üzrə “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi X2-Tədqiqat Mərkəzi” MMC-dən 17090,73 ABŞ dolları və 255,78 Ukrayna qrivnası məbləğində icra ödənişinin tutulması barədə 09.02.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında borclunun nümayəndəsi tərəfindən təqdim edilən 21.03.2021-ci il tarixli və 31.03.2021-ci il tarixli 275398/12 nömrəli inkasso sərəncamının surətlərindən görünür ki, borclu “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi X2-Tədqiqat Mərkəzi” MMC tərəfindən 17090,73 ABŞ dolları və 255,78 Ukrayna Qrivnası məbləğində icra ödənişləri həyata keçirilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, icra sənədi icra olunmuş, borclu tərəfindən tələbkarın xeyrinə tutulmalı olan pul vəsaiti ödənilmiş və nəticədə borcluya məxsus əmlak üzərində həbsin saxlanılmasını zəruri edən səbəb aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi X2-Tədqiqat Mərkəzi” MMC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 8(004)- 222/2021 saylı qərardadı ləğv edilsin. Həbsin götürülməsi barədə “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi X2-Tədqiqat Mərkəzi” MMC-nin ərizəsi təmin edilsin. “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi X2-Tədqiqat Mərkəzi” MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1158,7 kv.m olan qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbs götürülsün. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar