Məhkəmə qərarları › İş №8(103)-207/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-207/2025

20.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-207/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(011)-221/2025 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2025-ci il tarixli qərardadından X1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 ərizə və “ərizəyə əlavə” ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 2(011)-2076/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 2 övladının yetkinlik yaşına çatana kimi onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin hər ay ondan tutularaq iddiaçı (tələbkar) Kərimova (Əliyeva) Gülər Məzahir qızının xeyrinə tutulmalı olan alimentin yarısının uşaqlarının adına açılmış bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, borcludan tələbkarın xeyrinə hər ay tutulan alimentin məbləği təxminən 1.000 manat təşkil edir. Lakin tələbkar aliment məbləğini təkcə uşaqların xərclərinin qarşılanmasına deyil, həm də öz ehtiyaclarının ödənilməsinə sərf edir. Buna görə də, borclu hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə ərizənin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu tərəfindən təqdim edilmiş “xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi dövrü əhatə edən hesabdan çıxarış”dan görünür ki, o, 2024-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 2025-ci ilin yanvar və fevral aylarında 1.704,94 manat məbləğində əmək haqqı almışdır. 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün borcludan tələbkarın xeyrinə tutulmalı olan alimentin məbləği isə borclunun əmək haqqının 1/3 hissəsi, yəni təxmini 566 manat təşkil edir. Göründüyü kimi, bir uşağın saxlanması üçün tutulan alimentin məbləği hər ay təxmini 283 manat təşkil edir. Belə olan halda təyin edilmiş aliment məbləğinin 50 faizi, yəni 141,5 manatın uşağın adına açılacaq bank hesabına köçürüləcəyi halda yerdə qalan 141,5 manat uşaq üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumdan az olmaqla yanaşı, uşağın maddi və mənəvi tələbatlarını ödəmək və onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayət etməyəcək. Buna görə də ərizə təmin edilməməlidir. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, borclunun ərizəsinə əlavə edilmiş arayışla təsdiq edilir ki, onun aylıq qazancı və başqa gəlirləri yüksəkdir, ildən ilə artır. Ödədiyi alimentin 50 faizi uşaqlarının normal saxlanılması üçün kifayət edir. Uşaqlarının gələcəkdə zəruri olan təminatları üçün qalan 50 faiz miqdarında məbləğin yetkinlik yaşına çatmayan uşaqlarının adına açılmış bank hesabına köçürülməsi zərurəti yaranmışdır. Lakin ərizəyə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardadında göstərilir ki, borclu, 2024-cü ilin sentyabr ayından 2025-ci ilin fevral ayı daxıl olmaqla hər ay 1.704,94 manat əmək haqqı almışdır. Halbuki, borclu, məhkəmə iclasında dönə-dönə, təkrarən bildirmişdir ki, 1.704,94 manat onun əmək haqqından aliment və digər ödəmələr tutulduqdan sonra təmiz şəkildə aldığı əmək haqqıdır. Tələbkarın nümayəndəsinin və vəkilinin məhkəmə iclasında özünün etiraf etdiyi kimi, tələbkar hər ay borcludan 810 manat miqdarında aliment almışdır. Hakimin apardığı hesablamalara görə isə, guya tələbkar borcludan hər ay 566 manat aliment almışdır. Bundan əlavə isə 2025-ci ilin yanvar ayının 17-də isə ona 13-cü əmək hesabına verilmiş puldan 912 manat məbləğində aliment tələbkara ödənilmişdir (bank çıxarışı əlavə edilir). Göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olmayan riyazi hesablamalar aparmaqla, habelə borclunun və tələbkarın nümayəndəsinin və vəkilinin məhkəmə iclasında dediklərinə, təqdim etdikləri sübutlara heç bir əhəmiyyət vermədən və əsaslı araşdırma aparmadan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-ci maddəsini nəzərə almayaraq, əsassız və qanunsuz qərardad qəbul etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tələbinə görə, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Məhkəmə, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın və həmin qərardaddan borclunun verdiyi şikayətin dəlillərinin əsaslığına elə şikayətdə qeyd edilən xüsastlardan yanaşaraq hesab edir ki, şikayət təmin edilə bilməz. Çünki həqiqətən də tələbkarın vəkili (nümayəndəsi) Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, borclu tərəfindən hər ay ödənilən alimentin məbləğ 810 manat təşkil edir. Bu baxımdan müəyyən edilir ki, həmin məbləğin hər uşağa düşən hissəsi Rayon Məhkəməsinin qeyd etdiyi kimi, 283 manat deyil, 405 manat təşkil edir. Əgər hər uşağa düşən həmin məbləğin 50 % hissəsi uşağın adına açılmış bank hesabına köçürülərsə, onda yerdə qalan məbləğ Rayon Məhkəməsinin qeyd etdiyi kimi 141,5 manat deyil, 202,5 manat təşkil edir. Rayon Məhkəməsi hesab etmişdir ki, həmin məbləğ (141,5 manat) 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş 246 manat məbləğində yaşayış minimumdan az olmaqla yanaşı, uşağın maddi və mənəvi tələbatlarını ödəmək və onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayət etməyəcək. Buna görə də ərizə təmin edilməməlidir. Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin hesablaması səhv olsa da, məhkəmə baxışının predmetinə olan yanaşması mahiyyət etibarı ilə düz olmuşdur. Çünki borclunun şikayətində qeyd edilən məbləğ (202,5 manat) də 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş 246 manat məbləğində yaşayış minimumdan azdır. Bundan başqa Məhkəmə hesab edir ki, borcludan tələbkarın xeyrinə tutulmalı olan alimentin 50 faizindən daha az faiz hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi üçün də əsas yoxdur. Belə ki, dövlət uşağı lazımi dərəcədə müdafiə etmək imkanlarından tam istifadə etməlidir. Uşaq dövlət tərəfindən müdafiə olmaq hüququndan heç bir halda məhrum oluna bilməz. Məhkəmə, uşağın özünün və onun valideynlərinin Azərbaycan Respublikası Konstitusiyasında, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda, “Uşaq hüquqları haqqında” Konvensiyada və “Uşaq hüquqları haqqında” Bəyannamədə qeyd edilən “həyat və azadlıq hüquqlarının qorunmasına” və “uşağın “üstün maraqları” konsepsiyasına” əsaslanmalıdır. “Uşaqların “üstün maraqları” konsepsiyası” ilk dəfə 1959-cu ildə BMT-nin “Uşaq hüquqları haqqında” Bəyannaməsində ifadə edilmişdir. Həmin Bəyannamənin ikinci maddəsinin mənasına görə, qanunla və başqa vasitələr ilə uşağın sosial müdafiəsi təmin edilməli, uşağın əqli, fiziki, mənəvi və sosial baxımdan sağlam, normal, azad və ləyaqətli inkişafı üçün bütün şəraitlər yaradılmalıdır. BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyasının” 3-cü maddəsinə görə isə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən (maddə 3.). Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinin mənasına görə, alimentin məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Odur ki, Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini, iş üzrə tərəflərin uşaqlarının “üstün maraqlarını” nəzərə alaraq və uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas götürərək, hesab edir ki, Rayon Məhkəməsi ərizəni təmin etməməklə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar