Məhkəmə qərarları › İş №8(103)-211/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-211/2021

26.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-211/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İsmayıllı rayon Notariat Kontorunun 7E-2172 saylı, 07.09.2017-ci il tarixli icra sənədinə əsasən, Borclu 46.450 manat tutularaq, Tələbkar ödənilməlidir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin 12 noyabr 2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraatın dayandırılmışdır. Tələbkar, həmin qərardan şikayət verərək, ləğv olunmasını xahiş etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmişdir. Tələbkar, həmin qərardaddan şikayət verərək, onun ləğv, icra məmurunun qərarından verdiyi şikayətin təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, icra sənədi üzrə icraat dayandırıla bilməz, ona görə ki, borclu ilə 28.04.2017-ci il tarixdə aralarında bağlanmış kredit müqaviləsinin 2-ci bəndinə əsasən, borc 27.07.2017-ci il tarixədək qayatarılmalıdır. Hazırda öhdəlik icra olunsa da, borclu müqavilənin ləğv olunmasını tələb edir. Qanunun tələbinə görə, məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi andan müqavilə ləğv olunmuş sayıla bilər, yəni həmin qətnamə qüvvəyə minənədək müqavilə qüvvədə olmuş sayılır və öhdəlik icra olunmalıdır. Lakin məhkəmə bu hala düzgün hüquqi qiymət verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 16 aprel 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, tələbkarı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə əsasən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Baxılan işdən görünür ki, 28.04.2017-ci il tarixdə tərəflər arasında notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən, Tələbkar, Borclu 27.07.2017-ci il tarixədək qaytarılmaq şərtilə 47.250 manat məbləğində borc vermişdir. Həmin müqavilə əsasında İsmayıllı rayon Notariat Kontorunun verdiyi 07.09.2017-ci il tarixli icra sənədi əsasında Nəsimi rayon İcra şöbəsində icraata başlanılmışdır. Bundan sonra Borclu, Tələbkar və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı sözügedən kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmış və Nəsimi Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Qətnamədən narazı qalan iddiaçı Borclu verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 220.08.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmədən, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli qərarı ilə Borclu kassasiya şikayəti də təmin edilməmiş və apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi rayon İcra şöbəsinin icra məmuru 12 noyabr 2020-ci il tarixdə icra sənədi üzrə icraat dayandırarkən, Borclu tərəfindən, Tələbkar və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı həmin kredit müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmasına, yəni borclu tərəfindən iddia qaydasında mübahisə edilməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi icra üzrə icraatın dayandırılması barədə icra məmurunun qərarından tələbkar tərəfindən verilmiş şikayəti rədd edərkən, mövqeyini belə əsaslandırmışdır ki, həmin mülki işin yekun nəticəsi hazırda mübahisə edilən icra işi üzrə icra hərəkətlərinin davam etdirilib-etdirilməməsinə bilavasitə təsir edəcəyi üçün icra məmuru haqlı olaraq icra sənədi üzrə icra icraatının dayandırılması barədə qərar qəbul etmişdir. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşmır, ona görə ki, icra məmuru tərəfindən icraat dayandırlarkən Borclu Tələbkarla aralarında bağlanmış 27.04.2017-ci il tarixli kredit müqavilənin ləğv edilməsi tələbinə dair ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi və ərizənin icraata qəbul edilməsi iş materiallarından görünmür. Birinci instansiya məhkəməsi də, icra işini tələb etməklə və ya borclunun iştirakını etməklə, bu halın təsdiq olunması üçün bütün prosessual imkanlardan istifadə etməmiş, yalnızca icra məmurunun mübahisələndirilən qərarında yazılan əsaslarla kifayətlənmişdir. Odur ki, qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən ətraflı şəkildə aydınlaşdırılmadığına görə qərardad ləğv olunmalı, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin 12.11.2020-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərarından tələbkar tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş rayon məhkəməsinə qaytarılmalı, yuxarıda göstərilən hallar üzrə araşdırma aparılmaqla təqdimata hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-26/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin və Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin 12 noyabr 2020-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərarından tələbkar tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar