Məhkəmə qərarları › İş №8(103)-212/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-212/2024

20.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-212/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi X2 qətnamənin izah olunmasına dair ərizəsi üzrə (Açar sözlər:icra qaydası müəyyənləşdirilən qətnamənin izah olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixdə qəbul etdiyi qətnaməyə izah verilməsi haqqında həmin məhkəmənin 08 aprel 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halı

1. X2 Borclu qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment ödənilməsi” tələbləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (məhkəmə) 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, X10 və Borclu arasında 18 avqust 2010-cu il tarixdə Sabirabad rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan övladları - 20 fevral 2011-ci il təvəllüdlü X3, 01 iyun 2012-ci il təvəllüdlü X4 və 18 aprel 2014-cü il təvəllüdlü X5 anaları X2 himayəsində saxlanılmaları, 18 aprel 2014-cü il təvəllüdlü X5 Borclu alınaraq, anası X6 verilməsi, Borclu 20 fevral 2011-ci il təvəllüdlü X3, 01 iyun 2012-ci il təvəllüdlü X4 və 18 aprel 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulub X6 ödənilməsi, alimentin tutulmasının 20 fevral 2011-ci il təvəllüdlü X7 və 01 iyun 2012-ci il təvəllüdlü X8 münasibətdə 18 yanvar 2023-cü il tarixdən, 18 aprel 2014-cü il təvəllüdlü X9 münasibətdə uşağın Borclu alınıb anası X6 verildiyi tarixdən hesablanması qət olunmuşdur.

2. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. X2 nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, 09 iyun 2023-cü il tarixli qətnaməyə “18 aprel 2014-cü il təvəllüdlü X1 Ramil Tofiq oğlundan məcburi qaydada alınaraq, anası X6 verilsin” məzmununda izah verilməsini xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, qətnamənin qəbul edilməsindən xeyli müddət keçməsinə baxmayaraq icraçı qətnaməni icra etməkdən boyun qaçırır və bildirir ki, qətnamədə uşağın atadan məcburi alınması göstərilməmişdir.

4. Məhkəmənin 08 aprel 2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, 09 iyun 2023-cü il tarixli qətnamənin nəticə hissəsinə aşağıdakı məzmunda izah verilməsi qərara alınmışdır: “18 aprel 2014-cü il təvəllüdlü X5 cavabdeh Borclu alınaraq, anası X6 verilməsi uşağın atadan məcburi qaydada alınmasını ehtiva edir”.

5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, 09 iyun 2023-cü il tarixli qətnamə icraya yönəldiyindən, 18 aprel 2014-cü il təvəllüdlü X5 cavabdeh Borclu alınaraq, anası X6 verilməsi qət edilsə də, qətnamənin icrasında çətinliklər yarandığından, qətnaməyə izah verilməlidir.

6. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə istinad etmişdir.

7. Həmin qərardaddan Borclu şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir.

8. Şikayət belə əsaslandırılmışdır ki, İcra şöbəsinin çağırdığı müddətlərdə X12 ilə birlikdə İcra şöbəsinə getmiş, tələbkar özü birinci dəfədən sonrakı dəvətlərdə gəlib icra prosesində iştirak etməmiş, birinci dəfəki dəvətdə uşaq ananın yaxınlaşmasına imkan verməmiş, hər dəfəsində isə icra prosesi ilə bağlı həm çəkiliş aparılmış, həm də akt tərtib olunaraq tərəflərə verilmişdir. Qeyd edilən aktlardan da göründüyü kimi xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə təşkil edilmiş görüşlərə gəlməmişdir. Uşağı verməkdən imtina etməmiş, əksinə ilk görüşdə azyaşlı uşaq özü atadan əl çəkməmiş (hətta uşağı gətirdikdən sonra uşaq maşından çıxmamış, çətinlikdə onu çıxmağa inandıra bilmiş), özü dəfələrlə anası ilə yaşamaq istəmədiyini bildimişdir, hətta bir dəfə qeyd edilən halla bağlı atasını hədələmişdir ki, əgər onu anasına versə özünü binadan atacaqdır (xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərar şikayətə əlavə edilmişdir). Qeyd edilən icra tədbirləri borcluya qarşı yönələ bilər, Rəsul isə bu iş üzrə borclu deyil. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, uşağın məcburi şəkildə özünü yerə çırparaq, sürütdüyü-sürütdüyə, zorla atadan alınaraq anaya verilməsi uşağın mənafeyi üçün nə dərəcədə məqsədəuyğun ola bilər?. Birinci instansiya məhkəməsi qərarını çıxararkən birinci uşağın mənafelərini, onun psixologiyasını nəzərə almalı olduğu halda bu kimi hallara diqqət yetirməmişdir. Həmçinin 3 dəfə akt tərtib edildikdən sonra uşaq anaya getmədiyi üçün onun himayəsinin anadan alınaraq ataya verilməsi üçün tərəfindən mediasiya prosesini keçdikdən sonra iddia ərizəsi hazırlanaraq Nizami Rayon Məhkəməsinə verilmişdir. İş hal-hazırda hakim Rauf Əhmədovun icraatındadır.

9. Şikayət məhkəmənin 21 may 2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

10. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

12. Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.

13. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir

14. Maddə 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur

15. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

16. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Məhkəmə kollegiyasının mövqeyi

17. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin icra qaydası qətnamənin özündə göstərilmiş (§ 1), 18 aprel 2014-cü il təvəllüdlü X5 Borclu alınıb anası X6 verilməsi göstərişi verilmişdir.

18. Qanunvericiliyin mənasına görə məhkəmə aktına izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, həmin aktda anlaşılmazlıqlara yol verilməsi və onun icrasında yaranmış çətinliklə əlaqədar olur. Hazırki işdə isə belə hallar yoxdur, çünkü “18 aprel 2014-cü il təvəllüdlü X5 Borclu alınıb anası X6 verilməsi” göstərişi məhkəmə aktının məcburiliyi (§ 11) çərçivəsində icra edilməli olan göstəriş olmaqla, bu göstərişin “məcburi” olduğunun izahına ehtiyac yoxdur.

19. Buna görə də kollegiya ərizəni əsaslı hesab etməyərək onun təmin edilməməli olduğunu vurğulayır və eyni zamanda icra icraatının tərəflərinə, habelə icra məmuruna izah edir ki, məhkəmə aktının icrasından qərəzli yayınmaya görə Borclu məsuliyyətə (inzibati və ya cinayət) cəlb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülə bilər.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-346/2024 saylı iş üzrə 08 aprel 2024-cü il tarixli qərardadı ləğv olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixdə qəbul etdiyi qətnaməyə izah verilməsi haqqında X2 nümayəndəsinin ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar