Məhkəmə qərarları › İş №8(103)-212/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-212/2025

21.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-212/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-5705/2023-019 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə icra məmurunun təqdimatına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-38/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhər Yasamal rayon İcra Şöbəsinin icra məmuru X7 təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu xx.xx.1974-cü il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-5705/2023-019 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 22698,64 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş üzrə Borclu xx.xx.2024- cü il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən boyun qaçırmışdır. Bu səbəbdən də borcun ödənilməsi təmin edilməmişdir. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılasını məqsədə müvafiq hesab edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-38/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, xx.xx.1974-cü il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsi və təqdimatın təmin edilməməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən ondan və digər cavabdeh X1 müştərək qaydada əsas borc üzrə 19.623.89 manat, faiz borcu üzrə 2157.89 manat, cərimə borcu üzrə 759.49 manat olmaqla ümumilikdə 22.541.27 manat məbləğində borc və 157.37 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ASC-nə ödənilməsi qət edilmişdir. Göstərmək istəyir ki, krediti aldıqdan sonra onun maddi vəziyyəti pisləşdiyindən krediti və hesablanmış faizləri ödəyə bilmədiyindən Bank onu və digər cavabdeh X2 məhkəməyə vermiş və bankın iddia tələbi təmin olunmuşdur. İcra tələbinin təmin olunması onun barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsinə, Xatirə Abbasovanın barəsində isə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə həvalə edilmişdir. Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən digər borclu Xatirə Abbasovadan mütəmadi olaraq borcun tutulması davam edir. Belə olan təqdirdə digər borclu Xatirə Abbasovadan borcun tutulması prosesi davam etdiyindən və bu barədə sonuncu tərəfindən heç bir irad və narazılıq bildirilmədiyindən hesab edir ki, onun ölkədən çıxışının icra sənədi üzrə tələb icra edilənədək müvəqqəti olaraq məhdudlaşdırılması barədə Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərardadı əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır. Məhkəmənin 30 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yasamal Rayon Məhkəməsinin e-2(004)-5705/2023 saylı, xx.xx.2023- cü il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu və X1 müştərək qaydada əsas borc üzrə 19623.89 manat, faiz borcu üzrə 2157.89 manat, cərimə borcu üzrə 759.49 manat olmaqla,ümumilikdə 22541.27 manat məbləğində borc və 157.37 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Yasamal rayon İcra Şöbəsinin icra məmuru xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və xx.xx.2024- cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2024-cü il tarixdə borclunun etibarnamə üzrə nümayəndəsinə təqdim olunmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında xx.xx.2013-cü il tarixli Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə kollegiyası işin faktiki hallarını, borcun məbləğini, tələbin könüllü icrasına dair bildirişin borcluya xx.xx.2024-cü il tarixdə təqdim edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş müddətdə icra edilməməsini, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair işə baxan məhkəmənin müvafiq qərardadının olmamasını, borclunun mülkiyyətində tələbin yönəldilə biləcək əmlakının olmamasını, hazıradək icra məmuru tərəfindən görülmüş məcburi icra tədbirlərinin nəticə verməməsini və qeyd olunan hüquq normasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimatı təmin etməkdə haqlı olmuşdur. Borclu şikayətində icra sənədi üzrə tələbin digər borclu tərəfindən hissə-hissə icra edildiyini, bu səbəbdən hazıki təqdimata zərurət qalmadığını bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə qətnaməsi ilə borcun müştərək qaydada hər iki cavabdehdən tutulması qət edilmişdir. Qanunverici icra sənədi üzrə tələb tam icra olunanadək borclu barəsində məcburi icra tədbirlərinin tətbiqini mümkün saymışdır. Qeyd edilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-38/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar