Məhkəmə qərarları › İş №8(103)-214/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-214/2022

26.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-214/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun (məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-197/2022 saylı 05 aprel 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə baxılmasına dair həmin məhkəmənin 02 iyun 2022-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icraatında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6787/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Borclu Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmiş, təqdimat onunla əsaslandırılmışdır ki, icraatda olan yuxarıda qeyd edilən icra vərəqəsinə əsasən, Borclu 1800 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulub Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2018-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişə əlavə edilmiş icraata başlamaq haqqında qərar, habelə xx.xx.2022-ci il tarixdə məcburi gətirilmə barədə qərar Borclu göndərilmişdir. Borclu isə icra sənədinin icrasından qərəzli şəkildə yayınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-197/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Binəqədi Rayon Məhkəməsinin 8(001)-197/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar məcburi qaydada Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. Həmin qərardaddan borclu şikayət vermiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 197/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və təqdimat təmin edilməmişdir. Hazırda həmin qərardaddan tələbkar şikayət verərək, ləğv edilməsini və təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra vərəqəsi xx.xx.2018-ci il tarixlidir. Əgər borclu məhkəmə tərəfindən verilmiş icra vərəqəsinin icrasına vicdanlı və qərəzsiz yanaşmış olsaydı, o zaman sözügedən borc indiyədək tam şəkildə ödənilmiş olardı. 1500 manat borcdan 700 manatı ödənilməmişdir. Qərardadda göstərilmişdir ki, borclu icradan yayınmadığını və hər ay mütəmadi ödənişlər etdiyini qeyd edib, ödənişlər barədə qəbzlərin surətini təqdim edərək şikayətin təmin edilməsini xahiş etmişdir, əgər qəbzlər təqdim edilmişdirsə məhkəmə qərardadında həmin qəbzlərin tarixini və qəbzin özündə hansı məlumatı əks etdirdiyini qeyd etməli idi. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə tələbkarın şikayəti təmin olunmayaraq, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və həmin məhkəmənin 05 aprel 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 1800 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulub Tələbkar xeyrinə ödənilməlidir. xx.xx.2018-ci il tarixdə “İcraata başlamaq haqqında” Qərar qəbul edilmiş və eyni tarixli “Tələbin könüllü icrası haqqında” Bildiriş borcluya göndərilmişdir. xx.xx.2022-ci il tarixdə “Borclunun məcburi gətirilməsi haqqında” Qərar qəbul edilmiş və eyni tarixli məktubla borcluya göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun 84.3-cü maddəsinə görə bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, tərəflərin icra məmurunun məcburi gətirilmə haqqında qərarını aldıqdan sonra 10 gün müddətində şikayət vermək hüququ nəzərdə tutulmuşdur. Baxılan iş üzrə isə icra məmurunun “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı eyni tarixli məktubla tərəflərə göndərilsə də, həmin qərarı tərəflərin nə vaxt alması iş materiallarından müəyyən edilmir. Belə olan halda, tərəflərin həmin qərardan şikayət verməsi üçün nəzərdə tutulmuş 10 gün müddətin gözlənibgözlənilməməsi kimi halları müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə bu hallar araşdırılmamışdır. Digər tərəfdən borclu şikayətində borcun əksər hissəsini ödədiyini, 250 manat borcu qaldığını qeyd etmiş, əlavə etdiyi ödəniş qəbzlərinə əsasən isə xx.xx.2020-ci ildə 406 manat, xx.xx.2021-ci ildə 50 manat, xx.xx.2022-ci ildə 50 manat, xx.xx.2022-ci ildə 50 manat və xx.xx.2022-ci ildə 50 manat ödəniş etdiyi müəyyən edilmişdir (yəni, qeyd olunan ödənişlərin 150 manatı icra məmurunun hazırki təqdimatla məhkəməyə müraciət etdiyi vaxtdan sonra aparılmışdır). Tələbkar isə şikayətində borcun qismən ödənildiyini və 700 manat borc qaldığını qeyd etmişdir. İş materiallarından borcun ümumilikdə nə qədər hissəsinin ödənilməsi, nə qədər qalması müəyyən edilmir, məhkəmə tərəfindən isə bu hallar araşdırılıb müəyyən edilmədən əvvəl təqdimat təmin edilmiş, daha sonra isə borclunun şikayəti təmin edilərək, təqdimat rədd edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən yuxarıda qeyd olunan hallar araşdırılmamışdır, odur ki, Kollegiya hesab edir ki, qərardad ləğv edilməli, sadalanan hallar nəzərə alınaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-197/2022 saylı 05 aprel 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yenidən baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli 8(001)- 197/2022 saylı qərardad ləğv edilsin və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-197/2022 saylı 05 aprel 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar