Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-215/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1957/2013 saylı 04.07.2013-cü il tarixli və 2(007)-2614/2013 saylı 16.09.2013-cü il tarixli qətnamələrinin hissə-hissə icra edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 8(007)-90/2021 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1957/2013 saylı 04.07.2013-cü il tarixli qətnaməsi ilə 13.01.2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi, saxlanılması üçün 11.06.2013-cü il tarixdən başlayaraq, hər ay X5 Tələbkar xeyrinə hər ay 120 manat sabit pul məbləğində aliment tutulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2614/2013 saylı 16.09.2013-cü il tarixli qətnaməsi ilə 14.06.2013-cü il təvəllüdlü X1 üçün X5 hər ay 100 manat, minimum aylıq əmək haqqı məbləğinin 0.95 misli miqdarında, sabit pul məbləğində Tələbkar xeyrinə tutulması qət edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 1957/2013 saylı 04.07.2013-cü il tarixli və 2(007)- 2614/2013 saylı 16.09.2013-cü il tarixli qətnamələrinə əsasən yaranmış aliment öhdəliyi üzrə 5200 manat borcun hissə-hissə yəni hər ay 50 manat tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16.09.2013cü il tarixli qətnaməsinə əsasən 14.07.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün mimimum əmək haqqının 0.95 miqdarında aliment tutulması və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04.07.2013-cü il tarixli qətnaməsinə əsasən 13.01.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat aliment tutulması qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvəsini almışdır. İcra işinin materiallarından görünür ki, borclu işsiz kimi məşğulluq mərkəzində qeydiyyatdadır və müavinət almır. Tələbin yönləndirilə biləcək əmlakı yoxdur. Buna baxmayaraq o, daimi iş tapanadək hərdən bir muzdlu işlər tapıb azda olsa aliment ödənişi edir. Hər ay 220 manat aliment ödəyir. Sadəcə aliment üzrə borc 5200 manat təşkil edir. Aliment üzrə borcu birdəfəlik ödəməkdə çətinlik çəkir. Yeni nikahdan bir övladı var. Onu da təmin etməkdə çətinlik çəkir. Yoldaşı işləmir. Borcun yaranması sırf onun günahı ucbatından deyil. Belə ki, 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının törətdiyi fəsadlar Azərbaycan Respublikasından da yan ötməmiş, ölkənin iqtisadiyyatına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini göstərmişdir. Buna görə də o, işsiz qalmış və aliment ödənişi çətinləşmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 8(007)-90/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan borclu A.Kazımov şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hər ay 220 manat aliment ödəyir. Sadəcə aliment üzrə ümumi borc 5200 manat təşkil edir. Aliment üzrə borcu birdəfəlik ödəməyə çətinlik çəkir. Tələbkar alimentdən imtina etmişdir. Əvəzində isə o, uşaqlarını Türkiyə Respublikasına aparılması üçün razılıq almışdır. Uzun müddət Türkiyədə qaldıqdan sonra Azərbaycana qayıtmışdır. Sonradan yığılmış borcu tələb etmişdir. Onda isə həmin məbləğ yoxdur. Tələbkar sadəcə onu aldatmışdır. Eyni zamanda onun maddi vəziyyətinə COVİD-19 pandemiyası mənfi təsir etmişdir. Həmçinin o yenidən ailə həyatı qurmuş və yeni nikahından bir övladı var. Onu da təmin etməkdə çətinlik çəkir. Yoldaşı işləmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 8(007)-90/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən şikayətə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız oldğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-inn 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəzıyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində qeyd edilən tövsiyyələrə görə, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Hazırkı iş üzrə icra vərəqəsinin icrasına çətinlik yaradan, borclu üçün yaranmış əlverişsiz hal ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İcra vərəqəsinin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına icra vərəqəsi üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Borclunun əmlak vəziyyətini nəzərə almaqla icra vərəqəsinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya icra vərəqəsinin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun icra vərəqəsini icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikasının Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. Onun maddi imkanının aşağı olması, uşaqların artan tələbatının ödənilməməsinə əsas ola bilməz. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının artan tələbatını təmin etməlidir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, borclunun ərizəsində icra vərəqəsinin hissə-hissə icra olunmasına əsas ola biləcək heç bir dəlil göstərmədiyindən, icra vərəqəsinin icrasına çətinlik yaradan, borclu üçün yaranmış əlverişsiz hal ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən ərizə təmin edilə bilməz. Ona görə də hazırkı iş üzrə icra vərəqəsinin hissəhissə icra edilməsinə əsas verən hallar müəyyən edilmədiyindən, ərizə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 8(007)-90/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 8(007)-90/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-215/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-215/2021
18.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver