Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-216/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-185/2021 nömrəli iş üzrə qəbul etdiyi 01 mart 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru x təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(103)- 822/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “İQL CU 36” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(103)-822/2020 saylı icra sənədinə əsasən, Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrasına başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Lakin iş üzrə borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 01.03.2021-ci il tarixli, 8(004)-185/2021 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Qərardaddan Borclu tərəfindən şikayət verilmiş, Yasamal rayon məhkəməsinin 01.03.2021-ci il tarixli, 8(004)-185/2021 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 20.04.2021-ci il tarixli, 8(004)-185/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, üzərinə həbs qoyulmuş avtomobil formal olaraq Borclu adında qeydiyyatdadır. Əslində həmin avtomobilin sahibinin qeydiyyat ünvanı onun 1992-ci ildə satdığı əmlakın qeydiyyat ünvanıdır. Avtomobil başqa şəxsin sahibliyindədir. Məhkəmə iclasında iştirak edən Tələbkar şikayətə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış Borclu və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndəsi gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Adı çəkilən Qanunun 50.1 və 50.2-ci maddələrinə görə, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilmədiyindən qərardadın ləğv olunması və ya üzərinə həbs qoyulmuş əmlakın üzərindən həbsin götürülməsinə dair şikayətin dəlili əsassızdır. Belə ki, təqdimata əlavə edilmiş məlumatdan görünür ki, “İQL CU 36” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobil Borclu mülkiyyətindədir. Kollegiya qeyd edir ki, həmin avtomobilin başqa şəxsin sahibliyində olması sübut olunmur, sübut olunduğu təqdirdə belə, həmin əmlakın üzərinə həbs qoyulması və tələbin bu əmlaka yşnəldilməsinin qarşısını almır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-185/2021 nömrəli iş üzrə qəbul etdiyi 01 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-216/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-216/2021
16.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver