Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-216/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 8(004)- 342/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3685/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 28.174 (iyirmi səkkiz min yüz yetmiş dörd) manat məbləğində pulun Tələbkar xeyrinə tutulması müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Cadillac Escalade” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədinin icrası ilə əlaqədar icraata başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Eyni zamanda onun tərəfindən müvafiq orqanlara sorğular edilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. İcraat zamanı “elektron icra” informasiya sistemindən alınmış məlumata əsasən borclunun mülkiyyətində “Cadillac Escalade” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Borclu hazırkı dövrədək tələbkara heç bir ödəniş etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 8(004)- 342/2023 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-3685/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan 2007-ci il buraxılışlı, qara rəngli "Cadillac Escalade" minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbsin qoyulması qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuzdur faktlar və sübutlar nöqteyi nəzərindən işə ətraflı və düzgün baxılmamışdır. Məhkəmənin bu iş üzrə mövqeyi şablon üsullardan istifadə edilməklə qərardad qəbul etmək olmuşdur. Belə ki, məhkəmə işə baxarkən avtomobilin başqa səxsə faktiki satılmasını və borclunun sahibkarlıq fəaliyyəti nəticəsində icarədarın qanunsuz hərəkəti üzündən mebel sexində baş vermiş yanğın nəticəsində ümumilikdə borcluya dəymiş 290.000 manat zərərin araşdırması nəticəsində FHN –nin İstintaq İdarəsində aparılan araşdırma nəticəsində qəbul edilmiş qərarın borcluya gec verildiyini nəzərə almadan qərardadı qəbul etmişdir. ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus borclunun icarəsində olan təmir sexində baş vermiş yanğın hadisəsi ilə əlaqədar bu iş üzrə tələbkar Nuriyev Sərdar Nuru oğluna məxsus mebel sənayesində istifadə olunan və onun sifarişi əsasında hazırlanan “CNC” dəzgahı yanmışdır. Hadisə zamanı aparılmış araşdırma barəsində Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində ”Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 fevral 2023-cü il tarixdə qərar qəbul edilmiş və həmin qərarda borcluya 290.000 manata yaxın zərərin dəyməsi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə tərəfindən Yusufova Arzu Yaqub qızına 19 saylı NK-da verilmiş 7e-3136 reyestrli etibarnamə əsasında mülkiyyətində olan 2007-ci il buraxılışlı, qara rəngli, “Caddilac Escalade” minik markalı **-BZ-*** dövlət nömrə nişanlı minik avtomobili faktiki olaraq satılmışdır. Hesab edir ki, bütün bu hallar nəzərə alınmaqla qəbul edilmiş qərardad ləğv olunmalı və işin icrası zərərin ödənilməsi tələbinə dair məhkəmə qətnaməsi mövcud olub qüvvəyə minənədək təxirə salınmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 8(004)-342/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə apellyasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxılarkən tərəflərin etiraz və ya vəsatətləri daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3685/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən müəyyən edilir ki, Borclu 28.000 manat məbləğində pul vəsaiti və 174 manat ödənilmiş dövlət rüsmu, ümumilikdə 28.174 manat Nuruiyev Sərdar Nuru oğlunun xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə icraata başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Eyni zamanda icra məmuru tərəfindən müvafiq orqanlara sorğular edilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. İcraat zamanı “elektron icra” informasiya sistemindən alınmış məlumata əsasən borclunun mülkiyyətində “Cadillac Escalade” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası icra işi və iş materiallarını nəzərdən keçirib qeyd edir ki, borcun məbləği, digər icra tədbirlərinin nəticə vermədiyi və görülən icra tədbirinin borc məbləğinə mütənasib olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, təqdimat təmin edilməli, “Cadillac Escalade” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Məhkəmə kollegiyası həmçinin Borclu xx.xx.2022-ci il tarixdə tərəfindən Yusufova Arzu Yaqub qızına 19 saylı NK-da verilmiş 7e-3136 reyestrli etibarnamə əsasında mülkiyyətində olan 2007-ci il buraxılışlı, qara rəngli, “Caddilac Escalade” minik markalı **- BZ-*** dövlət nömrə nişanlı minik avtomobili faktiki olaraq satılmasına dair şikayətin dəlilinə qiymət verərək qeyd edir ki, Borclu həbs qoyulması tələb edilən nəqliyyat vasitəsini məhkəmə çəkişməsindən öncə digər şəxsə satmasını iddia etməsinə baxmayaraq məhkəməyə buna dair hər hansı sübut təqdim etməmişdir. Belə ki, etibarnamə verilməsi faktiki satış kimi qiymətləndirilmir. Yusufova Arzu Yaqub qızı Borclu mülkiyyətində olan 2007-ci il buraxılışlı, qara rəngli, “Caddilac Escalade” minik markalı **-BZ-*** dövlət nömrə nişanlı minik avtomobilinə münasibətdə 19 saylı NK-da verilmiş 7e-3136 reyestrli etibarnamə əsasında nümayəndəsidir. Başqa sözlə, sərəncamverici mahiyyətli etibartnamənin verilməsi isə avtomobili özgəninkiləşdirmək anlamına gəlməməlidir. Avtomobilin özgəninkiləşdirilməsinin qanunvericilikdə nəzərdə tutulmuş xüsusi qaydası mövcuddur. Borclu tərəfindən isə məhkəməyə avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı nəqliyyat vasitəsinə digər şəxsin mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi və ya alğı-satqı müqaviləsi təqdim edilməmişdir. Beləliklə də, hazırda sözügedən avtomobil Borclu mülkiyyətində qalmaqdadır. Bununla yanaşı icra sənədinin verilməsinə əsas olmuş mülki iş materiallarından müəyyən edilir ki, iddiaçı Tələbkar tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-16(004)- 66/2022 saylı qərardadına əsasən təmin edilmiş və “Cadillac Escalade” minik markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Borclu və digər şəxslərə qadağan edilmişdir. Qeyd olunan qərardad qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayətinin dəlili bu hissədə əsassızdır. Bundan başqa, Borclu şikayətinin digər dəlili ondan ibarətdir ki, hazırki icra sənədi üzrə borc ona məxsus sexdə yanğın hadisəsini baş verməsi və müvafiq avadanlığın yanması olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, icra sənədinin verilməsinə əsas olmuş Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3685/2022 saylı qətnaməsinin məzmunundan müəyyən edilir ki, qeyd olunan faktla bağlı cavabdeh olan Borclu izahatında hər hansı məlumat verməmiş və bunun əksinə olaraq israrla dəzgahı iddiaçıya təhvil vermək niyyətində olduğunu bildirmişdir. Hətta o, məhkəmə baxışı zamanı ilkin izahatında borcu etiraf etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia edilən dəzgahın düzəldilməsi ilə bağlı sifariş götürməmiş, yalnız mövcud dəzgahın təmirinə görə, yəni lampasının dəyişdirilməsinə görə təxmini olaraq 1300-1500 manat almış, həmin vəsaiti isə qeyd olunan materiala sərf etmişdir. Növbəti məhkəmə iclaslarında isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntü tədqiq edildikdən sonra cavabdeh Borclu iddia tələbini qismən qəbul etmişdir. Lakin işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixinə dəzgahın dəyərinin əksər hissəsini şifahi razılaşmaya görə ödəmiş, cavabdeh tərəfindən isə sifariş 2 ay müddətinə icra edilərək təhvil verilməli idi. Lakin o, öhdəliyini icra etməmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən verilmiş apellyasiya şikayəti əsasında bu xüsusatlara yenidən baxılmış və dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Borclu apellyasiya icraatında da bu fakta toxunmamışdır. Eləcə də borclu yanğın hadisəsində məhz həmin avadanlığın yanmasına dair sübut təqdim etməmişdir. İcra sənədi üzrə tələb isə dəzgahın tələbkara qaytarılması deyil, pul vəsaitinin ödənilməsidir. Göründüyü kimi, 2022-ci ilin iyun ayında yanğın hadisəsi baş vermiş olsa da belə, bu hazırki təqdimatın təmin edilməsi üçün maneə deyildir. Məhkəmə kollegiyası həmçinin borclunun şikayətdə qeyd etdiyi digər məqamlarla bağlı qeyd edir ki, hazırda Yasamal Rayon Məhkəməsinin 2(004)-3685/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin preyudisial hüquqi qüvvəyə malik olmamasına və hazıradək icra məmuru tərəfindən görülmüş məcburi icra tədbirlərinin nəticə verməməsini və hazırda tətbiq edilməsi məhkəmədən xahiş edilməsinin icra tədbirinin borc məbləğinə mütənasibliyini ilə bağlı dair birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, avtomobil üzərinə həbsin qoyulması ilə bağlı qərardadında birinci instansiya məhkəməsi haqlı olmuş, lazım olan bütün sübutları məhkəməyə təqdim edilməsini təmin etmiş və hər hansı prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 8(004)- 342/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(103)-216/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-216/2023
04.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver