Məhkəmə qərarları › İş №8(103)-216/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-216/2024

20.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-216/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, X1 “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə şikayəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 8(002)-143/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 (bundan sonra ərizəçi) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 103/2022-021 saylı, xx.xx.2002-ci il tarixli icra vərəqəsi üzrə yaşayış evini qanunsuz sökdüyünə görə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Orxan Göyüşlünün hərəkətlərinin qanunsuz hesab edilərək, barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 8(002)- 143/2024 nömrəli qərardadı ilə (hakim Kamran Əsədov) şikayətin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina olunmuş, ərizəçiyə inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə şikayət etmək hüququ izah olunmuşdur. Həmin qərardaddan narazı qalan ərizəçi şikayət vermişdir. Şikayət onunla əsasldırılmışdır ki, məhkəmə ərizəni qaytararkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, təqdim olunmuş subutları nəzərə almamış, hərtərfli, tam və obyektiv araşdırma aparmamış, heç bir qanuni əsas olmadan ərizəni qaytarmış, icra qanunvericiliyinə əsasən icra icraatı üzrə müvafiq qərardan şikayət verilə bilməsini nəzərə almamış, bununla da ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş icra məmurunun hərəkətindən verilmiş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, şikayətdən göründüyü kimi, ərizəçi məhkəmə qərarının icrası (Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022-021 saylı, xx.xx.2002-ci il tarixli icra vərəqəsi üzrə) zamanı icra məmurunun hərəkətini mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi isə şikayəti ona mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə qaytarmış, ərizəçiyə müvafiq inzibati məhkəməyə müraciət etməli olmasını tövsiyyə etmişdir. Lakin, qərardaddan görünür ki, o ümumiyyətlə əsaslandırılmamış, şikayətə nəyə görə məhz inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına hüquqi qiymət verilməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi şikayətin aidiyyət məsələsini tərəflərin və icra məmurunun iştirakı ilə də müzakirə etməmiş, bununla da ərizəçinin dinlənilmə hüquqları pozulmuşdur ki, bu da ədalətli məhkəmə araşdırması prinsipinə uyğun deyildir. “Hadjanastassiou Yunanıstana qarşı” işdə (para. 33) Avropa Məhkəməsi qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlər öz məhkəmə sistemlərinin 6-cı maddənin tələblərinə uyğun olmasını təmin etmək üçün uyğun vasitələrin seçimində əhəmiyyətli azadlığa malikdirlər (art.6). Bununla belə, yerli məhkəmələr qərarlarının istinad etdiyi əsasları kifayət qədər aydın şəkildə göstərməyə borcludurlar” “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göründüyü kimi, məhkəmə ərizəsinin dəlillərinə tam və hərtərəfli hüquqi qiymət verməli, bu istiqamətdə ərizəçinin icra icraatında prosessual vəziyyəti (borclu və s.), ərizəsində göstərdiyi müdaxilələrin icra sənədi ilə əhatə olunub-olunmaması və s. bu kimi zəruri hallar ərizəçinin və işdə iştirak edən digər maraqlı şəxslərin iştirakı ilə, habelə icra işinə baxış keçirilməklə müəyyənləşdirilməli, bundan sonra şikayətin mahiyyətinə uyğun aidiyyət məsələsinə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməlidir. Hazırki vəziyyətdə isə, şikayətə məhz inzibati icraat qaydasında baxılmalı olması barədə birinci instansiya məhkəməsinin mövqeyi aydın olmamaqla, şikayətin mahiyyətinə uyğun əsaslandırılmamışdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə baxır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair” 4 aprel 2012-ci il; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarları). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar işdə iştirak edən şəxslərin və icra məmurunun iştirakı ilə (icra işinə baxış keçirilməklə) tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: X1 “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə şikayəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 8(002)-143/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin olunmasın. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 8(002)-143/2024 qərardadı ləğv olunsun, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar