Məhkəmə qərarları › İş №8(103)-217/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-217/2021

04.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-217/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Əmlak üzərinə həbs qoyulması barədə 8(007)-66/2021 saylı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli qərardadından Borclu firması tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasının təmin olunması məqsədi ilə borcluya məxsus həmin avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 8(007)-66/2021 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 007840 saylı 07.01.2014-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu firmasının mülkiyyətində olan “Audi A8” markalı, AZ10- AS-838 dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. Borclu firması Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 8(007)-66/2021 saylı qərardadından narazı qaldığından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(007)- 66/2021 saylı qərardadın ləğv edilməsi və “Audi A8” markalı, AZ**-AS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 8(007)-66/2021 saylı qərardadı ilə Borclu firması tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Borclu firması Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 8(007)-66/2021 saylı qərardadından şikayət və həmin qərardaddan şikayət verilməsi üçün ötürülmüş müddətin buraxılmamış hesab edilməsinə dair ərizə verərək, əmlak üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli, 8(007)-66/2021 saylı qərardadı ilə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 8(007)-66/2021 saylı qərardadı ləğv edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 8(007)-66/2021 saylı qərardadının ləğv edilməsindən ötrü şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət Borclu firması tərəfindən ötürülməmiş hesab edilmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır (263.1). Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır (268). Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir (269). İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi şikayətlə birlikdə təqdim edilən buraxılmış prosessual müddətin bərpasına dair ərizəni təmin edərək 16 mart 2021-ci il tarixli, 8(007)-66/2021 saylı qərardadı ləğv etmiş, lakin mübahisələndirilən 17 fevral 2021-ci il tarixli, 8(007)-66/2021 saylı qərardaddan şikayətə münasibət bildirmədən apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Göründüyü kimi borclu tərəfindən verilmiş şikayətə münasibət bildirilməmiş, mübahisələndirilən qərardadın ləğv edilməli olub-olmamasına dair araşdırma aparılmadan qərar qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan tələbinə riayət etmədən iş apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 8(007)-66/2021 saylı qərardadından Borclu firması tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363.1.4, 363.2, 363.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 8(007)-66/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 8(007)-66/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə uyğun yenidən baxılması üçün iş materialları həmin məhkəməyə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar