Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-217/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-380/2023 nömrəli, 30 may 2023-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 nömrəli, 15 noyabr 2018ci il tarixli icra sənədinə əsasən Borclu 58000 manat məbləğində pul vəsaiti və 15 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 17 fevral 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.16 ha olan torpaq sahəsində 20 saylı bağ evi olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoyulması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-605/202 nömrəli, 07 iyul 2022-ci il tarixli qərardadı ilə təqdimın təmin olunması, Borclu mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsində 20 saylı bağ evinin torpaq sahəsi ilə birlikdə üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Borclu həmin qərardadan şikayət verərək göstərmişdir ki, üzərinə həbs qoyulmuş daqınmaz əmlak (bağ evi) onun yeganə yaşayış yeridir, bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”-nın 1-ci bəndinə əsasən tələbin həmin əmlaka yönəldilməsinə yol verilmir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 8(103)-425/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərardadı icra olunmuş, borcluya məxsus müvafiq əmlakın üzərinə həbs qoyulmuşdur. Bundan qısa müddət sonra, Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş həmin daşınmaz əmlakın həbsdən azad edilməsini xahiş etmiş, ərizəni - həmin daşınmaz əmlakın onun yeganə yaşayış yeri olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”-nın 1-ci bəndinə əsasən tələbin qeyd edilən əmlaka yönəldilməsinə yol verilməməsi, digər məzildə olan qeydiyyatının formal olması və s. kimi əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-380/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Sahibə Hacıyeva) ərizə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 8(011)-605/2022 saylı qərardadı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsində 20 saylı bağ evinin üzərinə qoyulmuş həbsin (həmçinin, özgəninkiləşdirilmə) götürülməsi qərara alınmışdır. Tələbkar qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışıdr ki, borcludan 58000 manat pul tutulması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi 2019-cu il tarixdə qanuni qüvvəsini alsa da, hazırki vaxtadək icra olunmamışdır. Bu səbəbdən də məcburi icra tədbiri olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərardadına əsasən borcluya məxsus bağ evinin üzərinə həbs qoyulmuşdur. Borclu həmin qərardaddan şikayət versə də, şikayəti apellyasiya instnsiyası tərəfindən təmin olunmamışdır. Borclu adında olan bir çox əmlakı (Qazax rayonunda yerləşən, MTK-dan alınmış və s. mənzilləri) özgəninkiləşdirdikdən sonra eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə hər hansı araşdırma aparmadan həbsin götürülməsi barədə qərardad qəbul etmişdir. Hesab edir ki, qərardad qanunsuz və əsassızdır. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 nömrəli qərarı düzgün təfsir də etməmişdir. Qeyd etdiyi kimi, borcu bəzi əmlakları özgəninikləşdirmişdir. Bununla yanaşı, şikayətə əlavə etdiyi qiymətləndirmə rəyindən görünür ki, üzərinə həbs qoyulmukş bağ evinin onun yerləşdiyi 0,16 ha torpaq sahəsi ilə birlikdə dəyəri 270000 manat təşkil edir. Hətta torpaq sahəsinin bir hissəsinin dəyəri belə borcun ödənilməsinə kifayət edər. Bununla yanaşı, əmlak açıq hərracdan satıldıqdan sonra artıq qalan pula bir neçə mənzil belə almaq olar. Məhkəmə isə bütün qeyd edilən halları nəzərə almamış, məsələyə formal yanaşmış, torpaq sahəisnin bir hissəsinin üzərinə həbs qoyulmasının mümkünlüyü belə araşdırmamışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 8(01)-380/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv olunmalı, iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İlkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi zərurət olduğu halda, ərizəyə iş üzrə tələbkarın və icra məmurunun iştirakı ilə, onların dinlinilmə hüquqlarının təmin olunması şəraitində baxmamışdır. Halbuki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-in 9-cu maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X2rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Bununla yanaşı, məhkəmə tələbkarın məhkəməyə ünvanladığı ərizəsində göstərilən dəlillərinə (ona əlavə olunmuş sənədlərə) də hüquqi qiymət verməmişdir. Halbuki, “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Xüsusilə qeyd edilməlidir ki, borclu eyni dəlilləri (üzərinə həbs qoyulmuş əmlakın onun yeganə yaşpayış yeri olması və s.) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərardadından verdiyi şikayətdə də irəli sürmüş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, təqdimatın təmin olunması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi isə borclunun sonradan analoji dəlillərlə çıxış etdiyi ərizəni təmin edərkən, qeyd edilən hallara qiymət verməmiş, üzərindən qısa müddət keçməsinə baxmayaraq vəziyyətin dəyişməsinin nədən ibarət olmasını və s. əsaslandırmamışdır. Qeyd edilməlidir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Həmçinin, birinci instansiya məhkəməsi icra işini də tələb edərək ona baxış keçirməmiş (işdən icra işinin tələb oluması və onun məhkəməyə təqdim edilməsi görünmür), tərəflərin və icra məmurunun dinlənilmə hüquqlarının təmin olunması şəraitində məsələni araşdırmamışdır. Belə olan halda, qeyd edilən halların yalnız borclunun bildirdiklərinə əsasən müəyyən olunması əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi tələbkarın qərardadan verdiyi şikayətdə göstərdiyi halları (yuxarıda ətraflı qeyd olunmuşdur) da araşdırmamış, onlara hüquqi qiymət verməmiş, yalnız əvvəlki qərardadının qüvvədə saxlanılmalı olmasını qeyd etməklə kifayətlənmişdir. Halbuki, MPM-in 269.1 və 269.2-ci maddələrinin tələblərinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Göründüyü kimi, qanunverici məhkəmənin qərardadlardan verilmiş şikayətlərin dəlilllərinin əsaslılığını araşdırmaq vəzifəsini müəyyən etmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə qərarının icrasına nəzarət isə daima məhkəmənin diqqət mərkəzində olmalı, bu sahədə ona edilən müraciətlər üzrə tam, hərtərəfli və çevik araşdırma aparılması, adekvat qərarlar qəbul edilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi ümumiyyətlə yuxarıda qeyd edilən halların mövcud olub-olmaması istiqamətində heç bir araşdırma aparmamış, məsələyə formal yanaşmış, ziddiyyətli və əsaslandırılmamış qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası, xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi isə daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də ziddir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququna əsasən məhkəmə qərarının icrası AİHK-nın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-380/2023 nömrəli, 30 may 2023cü il tarixli qərardadı ləğv edilməli, iş borclunun ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar işdə iştirak edən şəxslərin və icra məmurunun iştirakı ilə (icra işinə baxış keçirilməklə, tərəflərin bildirdikləri, eləcə də təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə) tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-380/2023 nömrəli, 30 may 2023-cü il tarixli qərardadı ləğv edilsin, iş borclunun ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-217/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-217/2023
04.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver