Məhkəmə qərarları › İş №8(103)-218/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-218/2022

26.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-218/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin 08 aprel 2022-ci il tarixli qərarının ləğv olunmasına dair tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı tərəfindən verilmiş şikayət üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 8(003)- 123/2022 nömrəli qərardadından tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı məhkəməyə şikayət ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icraata xitam verilməsi barədə 08 aprel 2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Xəzər Rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş xitam qərarı əsassızdır. Ona görə ki, qanuna əsasən icra işi o halda xitam olunur ki, tam icra olunsun. İcra şöbəsi tərəfindən heç bir sübuta əsaslanmadan qərar qəbul olunub. Dəfələrlə icra şöbəsinə şikayət etməyinə baxmayaraq icra məmuru işi araşdırmadan icra işinə xitam vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 8(003)-123/2022 nömrəli qərardadı ilə (hakim Zaur Tağıyev) şikayət rədd olunmuşdur. Tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı həmin qərardaddan şikayət vermiş, şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv olunmalı, iş şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İlkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflərin (tələbkarın, borclunun, icra məmurunun) iştirakını təmin etmədən (işə məhkəmə iclasının yeri və vaxtı barədə məktublar tikilsə də, çatdırılması barədə sübutlar yoxdur) baxılmışdır ki, bu da prosessual hüquq normalarının tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda işdən görünür ki, məhkəmə iclası 19 may 2022-ci il tarixə, saat 12.00-a təxirə salınmış, bu barədə işə tələbkarın adına ünvanlanmış 11 may 2022-ci il tarixli məktub tikilsə də, həmin məktubun göndərilməsi işdə olan sənədlərdən görünmür. Bununla yanaşı, məktubda məhkəmə iclasının vaxtı yanlışlıqla 11 may 2022-ci il tarixi, saat 12.40 kimi qeyd olunmuşdur (halbuki, yuxarıda da qeyd edildiyi kimi məhkəmə iclası 19 may 2022-ci il tarixə, saat 12.00-a təxirə salınmışdır). Göründüyü kimi, birinci instansiya məhkəməsi məhkəmə iclaslarının yeri və vaxtı barədə tələbkarı qanunla müəyyən olunmuş qaydada məlumatlandırmamış, bununla da tələbkarın dinlənilmə hüququ pozulmuşdur. Halbuki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-in 9-cu maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X1rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. MPM-in 387.2 və 387.2.2-ci maddəsinin tələbinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Bununla yanaşı, birinci instansiya məhkəməsi icra işini tələb edərək ona baxış keçirməmiş, görülmüş icra tədbirlərini və s. yoxlamamışdır. Həmçinin, işdə icra sənədi (qətnamə) də mövcud deyildir. Belə olan halda icra məmuru tərəfindən hansı icra sənədinin icra olunması aydın deyildir. İş materiallarından birinci instansiya məhkəməsinin hansı sübutlara əsaslanmaqla icra sənədinin tam icra olunması nəticəsinə gəlməsi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır (məhkəmə icra məmurunun icraata xitam verilməsi barədə qərarında göstərilənləri sadalamaqla kifayətlənmişdir). Birinci instansiya məhkəməsi borclunun barəsində olan Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarına əsaslansa da, işdən həmin qəranın qanuni qüvvədə olması görünmür. Bununla yanaşı, məhkəmə icra icraatı materiallarına baxış keçirməklə alment tələbi üzrə hər hansı borcun qalıb-qalmamasını və s. yoxlamamışdır. Belə ki, qeyd edilən qərara əsasən borcluya ona görə müvafiq cinayət ittihamı verilmişdir ki, o, 07 oktyabr 2020-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 3800 manat aliment borcunu tələbkara ödəməmişdir. Borclu həmin tarixədək aliment borcunu ödədiyindən cinayət məsuliyyətindən azad edilsə də, sonrakı ödəmələrin həyata keçirilib-keçirilməməsi, bu sahədə (alimentlə bağlı) məhkəmə qətnamələrinin tam icra olunub-olmaması və s. bu kimi hallar yoxlanılmamış, tərəflərin, eləcə də icra məmurunun iştirakı ilə dəqiqləşdirilməmişdir (ümumiyyətlə işdə olan bəzi sənədlər kserosurət olmaqla, həqiqiliyi qanunla müəyyən olunmuş qaydada təsdiq olunmamışdır). “İcra haqqında” Qanunun 20.1 və 20.1.5-ci maddələrinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi əsaslarından biri də icra sənədinin tam icra olunmasıdır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Qanunun 20.5 və 20.6-cı maddələrinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, icra icraatına xitam verilməsi barədə qərarda ətraflı və müfəssəl əsaslandırma aparmaq icra məmurunun vəzifəsindən irəli gələn xidməti borcudur. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, icra məmuru icra sənədinin icrası zamanı «İcra haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına nail olmalıdır. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 8(003)- 123/2022 nömrəli qərardadı ləğv olunmalı, iş şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar işdə iştirak edən şəxslərin və icra məmurunun iştirakı ilə (icra işinə baxış keçirilməklə) tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin 08 aprel 2022-ci il tarixli qərarının ləğv olunmasına dair tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı tərəfindən verilmiş şikayət üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 8(003)- 123/2022 nömrəli qərardadından tələbkar Cümşüdova (Abasova) Nigar Mirsaleh qızı tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 8(003)-123/2022 saylı qərardadı ləğv edilsin, iş şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar