Məhkəmə qərarları › İş №8(103)-219/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-219/2021

26.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-219/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 8(008)- 144/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.05.2017-ci il tarixli 2(005)-655/2017 №-li icra sənədinə əsasən, cavabdeh Borclu və X2 müştərək qaydada 429832,32 ABŞ dolları əsas, 126204,82 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 558037,14 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, həmçinin ƏMDK DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pulun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın X3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 58 t saylı bağ evinə yönəldilməli, ipoteka predmeti açıq hərracdan satılması, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçiyə qaytarılması, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh X4 bağ evindən çıxmazsa, onun məcburi qaydada çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Amil Əmirov məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, icra sənədi şöbəyə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Borclu tərəfindən icra sənədi üzrə tələb təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclu mülkiyyətində ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən təqdimatın təmin edilərək, Borclu mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli (hakim Z.Hacıyev, iş № 8(008)- 144/2021) qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.05.2017-ci il tarixli, 2(005)-655/2017 №-li icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulmuşdur. Borclu qərardaddan şikayət vermiş və şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 2(005)-655/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş borc məbləğinin ödənilməsi məqsədilə tutmanın yönəldilməsi üçün əmlak müəyyən olunaraq satılmış və borcun ödənilməsinə yönəldilmişdir. Qalıq borcun bocrlu Borclu məxsus əmlaka yönəldilməsi yolverilməzdir. Belə ki, məhkəmə qətnaməsi ilə borcun tutulması və tutmanın müəyyən əmlaka yönəlməsi qət edilmiş, bununla da qətnamənin icra qaydası müəyyən olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi M.Osmanov məhkəmə Kollegiyasının iclasında şikayəti qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Borclu məhkəməyə göndərdiyi teleqramda səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etməyəcəyini göstərsə də, bununla bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 01 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin şikayətin təmin edilməməsində mövqeyi əsaslı olmuşdur. Nərimanov Rayon Məhkəməsinin 25.05.2017-ci il tarixli 2(005)-655/2017 №-li icra sənədi tam icra edilməmiş, borclular göstərilən məbləği könüllü icra üçün müəyyən olunmuş müddətdə ödəməmişlər. Belə ki, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 58 t saylı bağ evi tələbin icrası kimi tələbkara verilsə də, sözügedən icra sənədi tam icra edilmədiyindən Nərimanov Rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli, 8(005)-364/2020 №-li qərardadından da göründüyü kimi, icra sənədi üzrə icraata xitam verilməsi barədə Sabunçu Rayon İcra Şöbəsinin 16.01.2020-ci il tarixli qərarı icra tədbirlərinin davam etdirilməsi üçün ləğv edilmişdir. Bundan əlavə, borclu ona məxsus əmlakın artıq digər tələbkar “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi üçün hazırkı icra sənədinin icrasını təmin etmək üçün üzərinə həbs qoyulmasını yolverilməz hesab edir. Lakin, qanunvericiliyin tələbinə əsasən borculunun əmlakının üçüncü şəxsin xeyrinə yüklü edilməsi özü-özlüyündə həmin əmlaka hazırkı tələbin yönəldilməsinə maneə deyil, sadəcə ilkin olaraq xeyrinə ipoteka ilə yüklü olan əmlak üzrə əsas öhdəlik ödənildikdən sonra qalan məbləğ hazırki tələbin ödənilməsi üçün tutulur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, borclunun mövqeyi mötəbər sübutlarla təsdiq edilməmiş və əsassız olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən AZEMİS vasitəsilə edilmiş elektron sorğudan görünür ki, Borclu məxsus olan ünvan 3 ünvanında yerləşən əmlakın üzərində məhdudiyyət müəyyən edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü və 44.2-ci maddələrinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasıdır. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 01 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər Həmid Həmidov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar