Məhkəmə qərarları › İş №8(103)-22/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-22/2025

10.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-22/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1342/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında iş üzrə (açar sözlər: apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmadığından şikayətin qeyri-mümkün hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1342/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin təqdimatına dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(011)- 1216/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(011)- 1216/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1342/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu – xx.xx.1977-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu “Elektron kabinet” vasitəsi ilə məhkəməyə şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(011)1216/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 8(011)- 1216/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 dekabr 2024cü il tarixli, 8(011)1216/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4.şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Maddə 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan prosessual normaların tələblərindən müəyyən olunur ki, işdə iştirak edən şəxslər birinci instansiya məhkəmələrinin qərardadlarından MPM ilə müəyyən olunan məzmunda, MPM-ə “Əlavə 2”-də müəyyən edilmiş formada apellyasiya şikayəti verə bilərlər. Borclu tərəfindən verilmiş ərizə (məlumat) adlandırılan şikayətdən görünür ki, şikayət MPM ilə müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməmişdir. İlkin mərhələdə şikayətin mümkünlüyünü yoxlamalı olan birinci instansiya məhkəməsi isə şikayətin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan şikayətə baxaraq təmin etməmiş, daha sonra şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, işə apellyasiya qaydasında prosessual əsaslar mövcud olduğu halda baxılması mümkündür. Hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366 və 402 maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1342/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin təqdimatına dair işlə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 8(011)- 1216/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar