Məhkəmə qərarları › İş №8(103)-220/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-220/2024

21.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-220/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-458/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5511/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ümumilikdə 2.000 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti Borclu tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən həmin icra sənədi Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Tələbkar "xxxx" MMC şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X6 icra sənədinin qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icra olunması üçün aidiyyəti üzrə qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-458/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tələbkar "xxxx" MMC-nin Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024cü il tarixli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir. Həmin qərardaddan tələbkar "xxxx" MMC şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Kəmalə Həsənovanın xx.xx.2024-cü il tarixli, 2(103)- 5511/2023 saylı qərarının ləğv olunaraq icra sənədinin icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovaya borclu barəsində mühüm əhəmiyyətə malik olan məlumatlar, yəni X7 Azərbaycan Respublikası vətəndaşı olması barədə məlumat, onun şəxsiyyətini təsdiq edən AA4054252 saylı sənədin surəti, BB117328 saylı sürücülük vəsiqəsinin surəti, Borclu İsveç Krallığından aldığı 94713605 seriyalı 830415-0892 şəxsi identifikasiya nömrəli pasportunun surəti, sürücülük vəsiqəsinin surəti kağız daşıyıcıda təqdim edilmiş və Dehghan X2 ilə rəsmi nikahda olması bildirilmişdir. Buna baxmayaraq, həmin icra məmuru özünə məlum olan səbəblərdən xx/xx-280068/2023-4k saylı, xx.xx.2023-cü il tarixli sorğu məktubunda borclu barəsində yuxarıda qeyd olunan məlumatları qərəzli və məqsədli olaraq göstərməmiş, yalnız borclunun doğum gününü, ayını, ilini, adını və soyadını göstərməklə kifayətlənmişdir. Sorğu məktubuna borclunun şəxsiyyətini təsdiq edən sənədlər əlavə edilmədiyindən və zəruri olan məlumatlar göstərilmədiyindən Dövlət Miqrasiya Xidmətindən sorğuya müsbət cavab verilməmişdir. Borclunun şəxsiyyətini təsdiq edən sənədin təqdim olunmasına baxmayaraq, icra məmuru Dövlət Sərhəd Xidmətinə Azərbaycan Respublikasının hüdudlarına giriş etməsi və çıxması barədə göndərdiyi xx/xx-280068/2023-4k saylı, xx.xx.2023-cü il tarixli sorğu məktubunda borclunun hansı ölkə vətəndaşı olmasını, pasportunun seriya nömrəsini və şəxsi identifikasiya nömrəsini bilərəkdən qeyd etməmişdir. İcra sənədinin icrası üçün əhəmiyyətli və zəruri olmasına baxmayaraq, İcra məmuru tərəfindən borclu barədə Azərbaycan Respublikası DİN-nin “Giriş-çıxış və qeydiyyat” İAMAS qeydiyyat idarəsinə sorğu göndərilməmişdir. İş üçün əhəmiyyətli olmasına baxmayaraq, icra məmuru Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5511/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində qeyd olunmuş ünvanda borclunun müvəqqəti yaşayış yerinin müəyyən olunması istiqamətində qonşularla sorğu keçirməmiş və bu barədə müvafiq akt tərtib etməmişdir. Eyni zamanda, icra məmuru MKTB-də icra vərəqəsində qeyd olunan ünvanda kimlərin yaşamasını dəqiqləşdirməmiş və borclu Dehghan X2 ilə rəsmi nikahının olub-olmaması barədə X4 Dövlət Qeydiyyatı İdarəsinə sorğu göndərməmişdir. İcra məmuru Borclu müəyyən olunması üçün onun həyat yoldaşı X7 və qaynatası X5 izahatlarını almamışdır. Bununla bağlı vəsatətləri də qanunsuz və əsassız təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-458/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-458/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, tələbkar Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, Bakı Apellyasiya Məhkəməsinin icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir; 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir; 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir; 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir; 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər; 76-cı maddəsinə əsasən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər barəsində məhkəmə və digər orqanların qərarları bu Qanunla nəzərdə tutulmuş qaydada icra olunur; 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir; 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər X9 və Borclu qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, 2.460 manat məbləğində maddi zərərin, 60 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2.520 manat məbləğində pul vəsaitinin Borclu alınaraq, "xxxx" MMC-nin xeyrinə ödənilməsi, 50 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin cavabdeh Borclu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5511/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011) -144/2023 saylı qətnaməsi tutulmalı olan pul vəsaitinin məbləği hissəsində dəyişdirilmiş və məbləğ 1.940 manat müəyyən edilmişdir. Bu qətnamə üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-5511/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarla icra icraatına başlanılsa da, şöbənin xx.xx.2024-cü il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” Qərarına əsasən icra sənədi Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Həmin qərara əsasən icra sənədinin icrası ilə bağlı həyata keçirilmiş icra tədbirləri çərçivəsində borclunun faktiki qeydiyyat ünvanı, həmçinin, şəxsiyyətini təsdiq edən sənədin surətinin şöbəyə təqdim edilməsinə dair şöbə tərəfindən Dövlət Miqrasiya Xidmətinə məktub göndərilmiş, lakin cavab məktubunda bu şəxsin Xidmət tərəfindən olduğu və ya yaşayış yeri üzrə qeydiyyata alınmadığı bildirilmişdir. Həmçinin, borclu barəsində axtarış qərarı tərtib olunaraq, icra olunması üçün Bakı şəhəri Xətai rayon Polis idarəsinə göndərilsə də, həmin İdarə xx.xx.2024-cü il tarixli məktubla borclu barəsində axtarış işi açılmadan qərarı geri qaytarmış və bunu borclunun Dövlət Miqrasiya Xidmətindən Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşaması ilə bağlı qeydiyyata alındığı ünvan barədə rəsmi məlumatların olmaması ilə əsaslandırmışdır. Bununla belə, icra məmuru qeyd edilən icra sənədinin icrası ilə bağlı borclu barədə aidiyyəti məlumatların əldə edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, habelə borclunun yaşayış yerinin müəyyən edilməsi üçün onun axtarılması barədə qərar qəbul edərək, icra olunması üçün Bakı şəhəri Xətai rayon Polis idarəsinə göndərmişdir. Lakin hər iki tədbir bir nəticə verməmiş və icra məmuru bu tədbirlərlə kifayətlənərək, “İcra Haqqında” Qanunun 70.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, icra sənədini onun icrasının mümkün olmaması əsası ilə Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdır. Halbuki, bu iki tədbir qeyd edilən qərarın qəbul edilməsi üçün yetərli hesab edilə bilməz. Nəticə etibarı ilə icra məmuru icra sənədinin icrasının təmin edilməsi üçün bütün zəruri tədbirləri yerinə yetirməmişdir. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, şöbə tərəfindən Dövlət Sərhəd Xidmətinə göndərilmiş məktuba icra sənədinin və və borclunun şəxsiyyətini təsdiq edən sənədin surətinin əlavə edildiyi göstərilsə də, borclunun şəxsiyyətini təsdiq edən sənədin Dövlət Miqrasiya Xidmətinə göndərilməsi müəyyən edilmir. Dövlət Miqrasiya Xidməti də şöbəyə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda yalnız borclunun təvəllüdünə istinad edir. Şöbə tərəfindən qəbul edilmiş “Borclunun axtarışı haqqında” xx.xx.2024-cü il tarixli qərarda da borclunun ünvanı barədə hər hansı məlumat öz əksini tapmamışdır. Halbuki, icra sənədində borclunun ünvanı qismində ünvan 1şdir. Bakı şəhəri Xətai rayon Polis idarəsi də məhz bu səbəbdən borclu barəsində axtarış işi açılmadan qərarı geri qaytarmışdır. Həmin ünvan icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda da borclunun ünvanı kimi göstərilmişdir. Lakin bu məlumatla yanaşı bu aktda həmçinin, borclunun yaşadığı ünvanın müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Nəticə etibarı ilə aktda olan bu ziddiyyətli qeydlərdən onu imzalayan şəxslərin, o cümlədən icra məmurunun həmin ünvanda olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Hər bir halda, aktda yalnız “borclunun yaşadığı ünvanı müəyyən etmək mümkün olmamışdır” ifadəsinin qeyd edilməsi (aktda həmin mənzilin qapısının bağlı olubolmaması, orada hər hansı başqa şəxsin yaşayıb-yaşamaması, yaşayan şəxsin borclunu tanıyıb-tanımaması və bu kimi sair məsələlərə aydınlıq gətirilməmişdir) məhz bu qənaətə gəlməyə əsas verir. Digər tərəfdən şöbənin müraciətinə cavab olaraq, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda Azərbaycan Respublikası İcra baş idarəsində və Penitensiar Xidmətində fəaliyyət göstərən İAMAS-ın iş yerlərində “Sərhədkeçmə” altsisteminin mövcud olduğu bildirilmiş və borclunun dövlət sərhədindən hərəkəti ilə əlaqədar məhz bu qurumlara müraciət edilməsi xahiş edilmişdir. Buna baxmayaraq, şöbə tərəfindən bu istiqamətdə hər hansı tədbirin görülməsi müəyyən edilmir. Hər bir halda, borclu ilə tələbkar arasında xx.xx.2022-ci il tarixdə “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”nin bağlanması onun həmin vaxt Azərbaycan Respublikasının hüdudları daxilində olduğunu təsdiq edir. Onun ölkədən giriş-çıxışı ilə bağlı hərəkətləri də bu sahə üzrə fəaliyyət göstərən aidiyyəti qurum tərəfindən qeydə alınır. Başqa sözlə, icra sənədi üzrə icraata başlanıldıqdan sonra borclunun ölkədən giriş-çıxışı barədə məlumatları, o cümlədən giriş-çıxışın sayını və müddətlərini müəyyən etmək və nəticəsindən asılı olaraq, “İcra Haqqında” Qanunun 84-1.1-ci maddəsinin tələblərinə uyğun tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdən keçirmək olardı. Nəzərə alınmalıdır ki, istinad edilən xx.xx.2022-ci il tarixli müqavilədə ***-***-**-** nömrəsi qeyd edilmişdir. Lakin icra məmurunun bu nömrə ilə əlaqə saxlayıb, onun borcluya hansı qaydada aidiyyətinin olub-olmadığının, habelə nömrə sahibinin borclu ilə münasibətlərinin olub-olmadığının araşdırılmasını təsdiq edən hər hansı sübut mövcud deyil. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçı "xxxx" MMC iddiasını iki cavabdehə, yəni X9 və Borclu qarşı irəli sürmüşdür. Onun iddiası X9 münasibətdə təmin edilməsə də, birinci instansiya məhkəməsinin bu barədə qətnaməsi apellyasiya qaydasında məhz X10 tərəfindən mübahisələndirilmişdir. Tələbkar bu şəxslərin nikahda olduğunu bildirir. Lakin bu halın araşdırılması üçün icra məmuru tərəfindən hər hansı tədbirin görüldüyü öz təsdiqini tapmır. Halbuki, bu halın araşdırılması ən azı “İcra haqqında” Qanunun 45.8-ci maddəsinin tələbləri baxımından zəruridir. Qeyd edilənlər öz növbəsində Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmamış, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin qərarının qanuniliyinə hüquqi qiymət verərkən yuxarıda göstərilən halların mövcudluğunu nəzərə almamışdır. Bu səbəbdən tələbkarın şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-458/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, Bakı Apellyasiya Məhkəməsinin icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-458/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Tələbkar "xxxx" MMC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5511/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar