Məhkəmə qərarları › İş №8(103)-221/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-221/2023

04.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-221/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu məxsus əmlak üzərinə həbs qoyluması barədə qərardaddan verilmiş şikayətə dair (Açar sözlər: əmlakın üzərinə həbs qoyulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(007)-179/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-171/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 15979,22 manat məbləğində borc pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmuşdur İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir.

2. İcra məmuru Fəxrəddin Şahhüseynov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi üzrə xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılmışdır. İcra zamanı borcluya borc tələbin icrası haqqında qərar və bildiriş göndərilmiş, lakin borc tələbi müəyyən edilən vaxtdan tələbkarın xeyrinə ödənilməmişdir. İcra hərəkətləri davam etdirilən zaman tələbkar “Atəşgah Sığorta Şirkəti" ASC şöbəyə ərizə ilə müraciət edərək Borclu məxsus əmlaklar üzərinə həbs qoyulması və tələbin təmin olunmasını xahiş etmişdir. Borclunun əmlak vəziyyəti araşdırılmış, ona məxsus bir neçə mənzil aşkar edilmiş, tələbkar tərəfin tələbinin təmin edilməsi məqsədi ilə ona məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 94V saylı ev, 44 saylı mənzilin üzərinə həbs qoyulamsı zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Borclu məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 94V saylı evin, 44 saylı mənzilinin üzərinə həbs qoyulması və hərrac vasitəsil satılaraq borc pul vəsaitinin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-171/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə Borclu tərəfindən 2.400 manat məbləğində ödəniş həyata keçirilmiş, lakin bu günə ödənilməmiş 13.579,22 manat qalıq borcu qalmışdır.

4. “Elektron icra” informasiya sistemindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 94V, 44 saylı mənzil Borclu məxsusdur.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-179/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-171/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 94V, 44 saylı mənzilin üzərinə üzərinə həbs qoyulması qərara alınmışdır.

6. Birinci instansiyası məhkəməsi qərardadını “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1, 50.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

7. Borclu həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2023-cü il 8(007)-179/2023 saylı qərardadının ləğv edilməsi və təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-yə olan 15979,22 manat məbləğində borc pul vəsaitini demək olar ki, hissə-hissə ödəyir, artıq 4000 manata yaxın ödəniş olunub. Onun mənzilinə həbs qoymaqla heç nə dəyişmir, sadəcə olaraq bir mülkiyyətçi kimi mənzilin üzərinə olan mülkiyyət hüquqları pozulmuş hesab olunur. Beləliklə, işə baxan məhkəmə onun xüsusi mülkiyyətində olan sözügedən mənzilinə həbs qoyması səhv nəticəyə gəlmək deməkdir. Məhkəmə iclası zamanı, birinci instansiya məhkəməsində "xxxx" ASC-yə ödənilmiş qəbzlər təqdim edilməmiş və məhkəmə onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclasında həmin ödəniş qəbzləri məhkəməyə təqdim ediləcəkdir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 8(007)- 179/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 8(007)-179/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

10. Məhkəmə şikayətdə göstərilən dəlillərə münasibətdə bildirir ki, borclu şikayətdə tələbkarın 4000 manata yaxın borcunu ödədiyini bildirsə də, bununla bağlı şikayətə hər hansı sübut əlavə edilməmiş borc məbləği tamamilə ödənilməmişdir. 11 Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

12. Şikayətə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun

14. 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

15. 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

16. 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları; iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları; məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi; beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları; xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri icra sənədi sayılır.

17. 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir.

18. 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır.

19. 43.1.1-cu maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, məcburi icra tədbiri kimi göstərilmişdir.

20. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

21. 58-ci maddəsinə əsasən borclu hüquqi şəxsin birinci növbədə - istehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak); ikinci növbədə - hazır məhsul (əmtəə), habelə istehsalda bilavasitə istifadə edilməyən və istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmamış digər maddi sərvətlər; üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmuş xammal və materiallar, dəzgahlar, avadanlıqlar və digər əsas vəsaitlər; dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak üzərinə həbs qoyulması və onun satılması həyata keçirilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki təqdimatı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.

24. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002).

25. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). “Tələb” onun hüquqi cəhətdən reallaşdırılması kifayət qədər müəyyənləşdirilmişdirsə və o, hüquqi cəhətdən reallaşdırıla bilərsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “əmlak” kimi başa düşülür (“Stren” X6 Zavodu və X1rşı”, 09 dekabr 1994-cü il).

26. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, şikayətçinin icra sənədi üzrə ödənişlərin tərəfindən həyata keçirilməsinə dair dəlilləri icraat üzrə toplanmış hər hansı mötəbər sübutla təsdiqlənmir. Hazırki icra hərəkəti “İcra haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun şəkildə həyata keçirilib, tətbiq olunan bu məcburi icra tədbirinin realizəsi (əmlakı satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi) isə borclunun birbaşa öz hərəkətlərindən asılıdır və aparılan icra icraata “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam veriləcəyi təqdirdə məcburi icra tədbirinin tətbiq edilməsinə yaranmış zərurət aradan qalxacaqdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(007)-179/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar