Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-221/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli e-2(011)- 1655/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nun ərizəsinə dair icraat üzrə (Açar sözlər: qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə təmin edilmədi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli e-2(011)-1655/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nun ərizəsinə dair icraat üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-401/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli e-2(011)- 1655/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X2 5.282,95 (beş min iki yüz səksən iki manat doxsan beş qəpik) manat əsas borc, 1.455,57 (bir min dörd yüz əlli beş manat əlli yeddi qəpik) manat faiz borcu, 0.04 (dörd qəpik) manat cərimə olmaqla, cəmi 6.738,56 (altı min yeddi yüz otuz səkkiz manat əlli altı qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 87.38 (səksən yeddi manat otuz səkkiz qəpik) manat və 0.40 (qırx qəpik) manat komissiya haqqının tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
2. X1 hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, borcun hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli e-2(011)-1655/2024 saylı qətnaməsinə əsasən ondan "xxxx" ASC-nin xeyrinə 5.282,95 manat əsas, 1.455,57 manat faiz, cəmi 6.738,56 manat borcun tutulması qət edilmişdir. Əvvəllər ödənişləri vaxtında ödəsə də sonradan borcu ödəyə bilməmişdir. Hazırda işləmir və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
4. Daha sonra borclu ərizə ilə məhkəməyə müraciət edərək, vəziyyətini nəzərə alaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli e-2(011)-1655/2024 saylı qətnaməsinə əsasən ondan tələb olunan borcun hər ay 200 manat olmaqla hissəhissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-401/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli e-2(011)- 1655/2024 saylı qətnaməsinə əsasən X1ndan "xxxx" ASC-yə ödənilməli olan 6.826,34 manat məbləğində pul vəsaitinin X1 tərəfindən hər ay 200 (iki yüz) manat olmaqla hissə-hissə icra edilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Borclunun məhkəmə iclasında verdiyi izahatlara və “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, borclu barəsində ittihamedici hökm çıxarılmış və sonuncu azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin, borclunun rəsmi iş yerinin olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı X1nun qətnamə ilə müəyyən edilmiş məbləği ödəmək iqtidarında olmadığı müəyyən edilmişdir. Belə ki, onun işləməməsini, hazırda azadlığın məhdudlaşdırılması cəzasını icra etdiyini və digər hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, ərizə təmin olunaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli e-2(011)- 1655/2024 saylı qətnaməsinə əsasən X1ndan "xxxx" ASC-yə ödənilməli olan 6.826,34 manat məbləğində pul vəsaiti X1 tərəfindən hər ay 200 manat olmaqla hissə-hissə icra edilməlidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
7. tələbkar "xxxx" ASC Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 8(011)-401/2024 saylı qərardadından şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-401/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını ləğv edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1655/2024 saylı, 08 fevral 2024-cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin ümumi qaydada davam etdirilməsi barədə yeni qərardad çıxarılmasını, əks təqdirdə bu şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2(011)-1655/2024 saylı qətnaməsinə əsasən cavabdeh X2 cəmi 6738.56 manat pul vəsaiti, dövlət rüsumuna görə ödənilmiş 87.38 manat və 0.40 manat komissiya haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin verilməsindən bugünədək borclu tərəfindən heçbir ödəniş edilməmişdir. Cavabdeh X6 08 fevral 2024-cü il tarixli, e-2(011)-1655/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verərək, Banka olan borcun hissəhissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-401/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən qeyd edilən ərizə təmin edilmişdir. Hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qərardadı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə elektron icra sistemindən çıxarışa əsaslanaraq, borclunun əmlak vəziyyətinin araşdırılması qənaətinə gəlsə də, nəzərə almamışdır ki, borclunun rəsmi reyestr qeydiyyatı tələb edilməyən əmlakları, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakı ola bilər. Həmçinin fiziki şəxslərin bank hesablarının olması, olduğu təqdirdə, həmin hesabların daxilindəki pul vəsaitlərinin miqdarına dair məlumatların aşkar edilməsi üçün, banklara sorğular edilməlidir. Əlavə olaraq qərardadda qeyd olunduğu kimi 6.826,34 manat məbləğində pul vəsaitinin hər ay 200 (iki yüz) manat olmaqla (34 ay ərzində) hissə-hissə icra edilməsi qaydası və məbləği tələbkarın mənafeyinə ziddir, eyni zamanda, qətnamə əsasında verilmiş icra vərəqəsinin icrasından yayınmaq və icra vərəqəsinin icrası müddətinin uzadılması məqsədini daşımaqdadır. Bu da öz növbəsində göstərir ki, məhkəmənin qəbul etdiyi qərar tələbkar olaraq bankın hüquqlarının pozulması ilə nəticələnmiş, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı daxili qanunvericiliyin pozulması ilə yanaşı, beynəlxalq hüququn bununla bağlı ümumi prinsiplərini də pozmuşdur. Bununla yanaşı, məhkəmə öz qərardadında Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 231.1-ci maddəsinə istinad etmişdir. Bununla bağlı isə qeyd edirik ki, məhkəmə işə baxarkən tələbkarın deyil, birtərəfli mövqe tutaraq borclu tərəfindən çıxış etmişdir. Belə ki, maddənin dispozisyasından da göründüyü kimi, məhkəmə o halda borcun hissə-hissə ödənilməsini nəzərə alır ki, tərəflərin əmlak vəziyyəti və maddi vəziyyətini müəyyən edən digər halları ciddi şəkildə araşdırır. Ancaq buna baxmayaraq məhkəmə tərəfin mövcud vəziyyətini obyektiv araşdırmamış, borclunun əmlak vəziyyətinin aşağı olduğunu əsas gətirərək ədalətsiz qərar çıxarmışdır. Göründüyü kimi məhkəmənin yuxarıda qeyd olunan qanunvericliyin tələblərinə riayət etməməsi hüquqi şəxs kimi bankın hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin tələbkarın xeyrinə çıxarılmış məhkəmə qərarının icra edilməməsi tələbkarın mənafeyinə ciddi xələl gətirməklə, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini də pozur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə Burdov Rusiyaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətiməməlidir. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq, vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır.Həmin mövqeyini təkrarlayaraq Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı).
9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-401/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 8(011)-401/2024 saylı qərardadından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətin rədd edilməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər.
13. Azərbaycan Respublikası “İcra haqqında” Qanun:
Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir.
15. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli e-2(011)- 1655/2024 saylı icra sənədinə əsasən cavabdeh X2 5.282,95 manat əsas borc, 1.455,57 manat faiz borcu, 0.04 manat cərimə olmaqla, cəmi 6.738,56 manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 87.38 manat və 0.40 komissiya haqqının tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
16. Birinci instansiya məhkəməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2024cü il tarixli, e-2(011)-1655/2024 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə X1nun ərizəsinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi mövqeyini onunla əsalandırmışdır ki, borclu barəsində ittiham hökmü qanuni qüvvəsini almış, borclu barəsində azadlığın məhdudlaşdırılması qərarı qəbul edilmişdir.
17. Birinci instansiya məhkəməsinin qərardadından şikayət verən tələbkar şikayətinin dəlili olaraq ona istinad edir ki, icra sənədinin hissə-hissə icra edilməsi tələbkar olaraq onun mənafelərinin pozulması ilə nəticələnir.
18. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilir ki, “...MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə məsələni məhz işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsinin hakimi həll edə bilər.. Bununla yanaşı, “İcra haqqında” Qanunun 15-ci maddəsinə müvafiq olaraq tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. Məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamənin icrasına möhlət verilməsi barədə ərizə təmin edildikdə: - möhlət müddəti başa çatana qədər qətnamə icraya yönəldilə bilməz (icra vərəqəsi verilə bilməz); - möhlət icra vərəqəsi verildikdən sonra verildikdə, icra məmuru möhlət başa çatana qədər icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edə bilməz; - icra sənədi üzrə icraata başlamaq haqqında qərar möhlət verilənə qədər qəbul olunduqda isə icra məmuru möhlət müddəti başa çatana qədər icra hərəkətlərini həyata keçirə bilməz. Bununla yanaşı qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.”
19. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilən hüquqi mövqedən görünür ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda icra sənədinin icrasına möhlət verilməsi tələbkarın hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
21. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir.
22. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
23. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-401/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli e-2(011)-1655/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nun ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev