Məhkəmə qərarları › İş №8(103)-222/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-222/2024

20.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-222/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xəzər Rayon Məhkəməsinin 8(003)-302/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsinin icra məmuru Mübariz Abbasov Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(003)-302/2023 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, borclu – xx.xx.1974-cü il təvəllüdlü Borclu mülkiyyətində olan Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən, sahəsi 240,20 kv.metr olan fərdi yaşayış evinin və üzərində yerləşdiyi, sahəsi 0,06 ha torpaq sahəsinin ½ hissəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan Borclu verdiyi şikayət Xəzər Rayon Məhkəməsinin 8(003)- 302/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin 8(003)-302/2023 №-li, 28 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilmişdir. Həmin qərardaddan narazı qalan Tələbkar tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-302/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Borclu verdiyi şikayət təmin edilməməlidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli, 89 №-li qərarı ilə təsdiq edilmiş, “fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı” Bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə); Hazırkı halda rayon məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli, 89 №-li qərarına istinad etməklə, Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən sahəsi 240.2 kv.m olan fərdi yaşayış evi və üzərində yerləşdiyi sahəsi 0.06 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətində olmaqla onların yeganə yaşayış yeri olduğundan, borclunun adına başqa yaşayış yeri müəyyən edilmədiyindən şikayəti təmin edərək, icra məmurunun Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatı təmin etməmişdir. Qeyd edilən qərardadla razılaşmayan tələbkar öz şikayətinin dəlili kimi göstərir ki, rayon məhkəməsi Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının birinci bəndinə istinad etsə də görünən odur ki, məhkəmə tək borclunun absurd mülahizələrini nəzərə alaraq yalnışlıq etmişdir. Belə ki, əgər məhkəmə icra işini tələb etsəydi müəyyən edə bildərdi ki, Borclu izahatlarında Xəzər rayonu, X2 qeydiyyatda olduğunu və elə orada da yaşadığını bildirmişdir. Əgər borclu qeyd edilən ünvanda yaşamasaydı, məhkəməyə yalan dediyi şəkildə Lənkəranda yaşasaydı, o zaman icra işinin də məhz oraya göndərilməsini istəyərdi. Adicə bu detalın özü borclunun Bakı şəhərində qeydiyyatda olduğu ünvanda da yaşadığını, yəni onun başqa yaşayış yerinin olduğunu birbaşa olaraq sübut edir. Odur ki, rayon məhkəməsinin bu mötəbər detalı nəzərə almadan borclunun başqa yaşayış yerinin olmadığı qənaətinə gələrək qanunvericiliyin tələbini düzgün tətbiq etməməsi işin hallarına, qanunvericiliyə uyğun deyil. Borclu özünün izahatalarında, şəxsi məlumatlarında, eləcə də özü tərəfindən məhkəməyə yazılan ərizələrində Xəzər rayonu, X2 qeydiyyatda olaraq yaşadığını özü təsdiq edir. Qeyd edilənləri və onların təsdiqi olaraq əlavə etdiyi sənədləri əsas tutaraq bildirir ki, məhkəmənin istinad etdiyi Nazirlər Kabinetinin qərarının sözügedən bəndi hazırki iş üzrə borclunun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və yaşamadığı əlavə əmlakı kimi qiymətləndirilməli olan əmlakın ½ hissəsinə tətbiq edilə bilməz. Bir daha qeyd edir ki, borclunun yaşadığı və qeydiyyatda olduğu başqa ünvanının olması (Xəzər rayonu, X4) mübahisə edilməzdir və bu halda borclunun əsassız şikayəti üzrə qəbul edilmiş qərardad ləğv edilməli, icra məmurunun həbs barədə təqdimatı təmin edilməlidir ki, borclunun öhdəliyi mübahisə predmeti olan əmlakın ½ hissəsinə yönəldilərək və borcun ödənilməsi mümkün olsun. Əks yanaşma qanunvericiliyin tələblərinin, onun hüquqlarının kobud şəkildə pozulması, fakt və sübutların borclunun maraqlarına uyğun təhrif edilməsi deməkdir. Hazırkı iş materiallarından məlum olur ki, Xəzər Rayon Məhkəməsinin e-2(003)- 456/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu 40000,0 manat və ödənilmiş dövlət rüsumuna görə 210,0 (iki yüz on) manat pul vəsaiti tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3009/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Tələbkar iddia ərizəsi təmin edilmiş, xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla X1 adına olan, Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən, sahəsi 240,20 kv.metr olan fərdi yaşayış evinin və üzərində yerləşdiyi, sahəsi 0,06 ha torpaq sahəsinin ½ hissəsinə Borclu, ½ hissəsinə X1 payı müəyyən edilmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən, sahəsi 240,20 kv.metr olan fərdi yaşayış evinin və üzərində yerləşdiyi, sahəsi 0,06 ha torpaq sahəsinin ½ hissəsi Borclu mülkiyyətindədir. Həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-456/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu göndərilən tələbin könüllü icrası barədə bildirişlər “Bakı şəhəri, Binə qəsəbəsi, X4” ünvanına göndərilmişdir. Kollegiya hesab edir ki, borcluya tələbin könüllü icrası barədə bildirişlərin “Bakı şəhəri, Binə qəsəbəsi, X4” ünvanına göndərilməsi onu təsdiq edir ki, Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən, sahəsi 240,20 kv.metr olan fərdi yaşayış evinin və üzərində yerləşdiyi, sahəsi 0,06 ha torpaq sahəsinin borcluya məxsus ½ hissəsi onun yeganə yaşayış yeri deyil. Həmçinin Xəzər Rayon Məhkəməsinin e-2(003)-456/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin icrası da, borclunun yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayon icra şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fıziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.) Yuxarıda qeyd edilənlərə əsasən, Kollegiya hesab edir ki, qüvvədə olan məhkəmə qətnaməsinin icrasının təmin edilməsi baxımından, həmçinin Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən, sahəsi 240,20 kv.metr olan fərdi yaşayış evinin və üzərində yerləşdiyi, sahəsi 0,06 ha torpaq sahəsinin borcluya məxsus ½ hissəsinin onun yeganə yaşayış yeri olmadığı müəyyən edildiyindən, şikayət təmin edilməli, qərardad ləğv edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-302/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Borclu verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə də müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Tələbkar tərəfindən rayon məhkəməsinin qərardadından verilmiş şikayət təmin edilsin. Xəzər Rayon Məhkəməsinin 8(003)-302/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin, həmin məhkəmənin 8(003)-302/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Borclu verdiyi şikayət təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar