Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-224/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-229/2022 saylı, 10 may 2022ci il tarixli qərardadından Borclu tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qərarına Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin Borclu tərəfindən boşaldılaraq tələbkarlar X4 və X3 təhvil verilməsinə maneə yaradan həmin mənzilin ayrılmaz hissələri olan Borclu mülkiyyətində olan zirzəmi və ona icazə verilmiş artırılmış sahə ilə bağlı qarşıya çıxmış problemlərin mövcud olduğu vəziyyətdə qətnamənin hansı qaydada icra edilməsinə aydınlıq gətirilməsi ilə bağlı izah verilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 375/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzili Borclu tərəfindən boşaldılaraq tələbkarlar X4 və X3 təhvil verilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmiş, bildiriş rəsmi qaydada borclu tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şöbəyə çağırılmış, mübahisəli ünvana baxış keçirilmiş, eyni zamanda borclu tərəfindən sənədlər təqdim edilmiş, araşdırma zamanı boşaldılmalı olan sahənin giriş hissəsinə daxil olan kimi həmin sahənin mərkəzindən qapısız və başqa girişi olmayan zirzəminin açıldığı, zirzəmiyə gedən yolda pilləkən yerləşdirildiyi, zirzəminin Borclu mülkiyyətində olduğu, bununla bağlı çıxarış və texniki pasportun mövcud olduğu (ərizəyə əlavə olunur), mübahisəli sahənin bir tərəfinin divar hissəsinin olmadığı, həmin hissədən daha bir sahənin açıldığı, həmin sahənin qeyri-yaşayış sahəsi kimi borclunun istifadəsinə icazə verilməsi barədə Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının sərəncamının mövcud olduğu, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarında, eyni zamanda həmin qərarın qüvvədə qalması barədə qətnamə qəbul etmiş apellyasiya instansiyası məhkəməsinin qərarında zirzəminin və artırılmış hissənin mövcud olduğu qeyd edilsə də mübahisəli məqamlara həm təsviri, həm də nəticəvi hissələrdə münasibət bildirilmədiyi müəyyən olunmuşdur. X4 və X2 mülkiyyətində olan mübahisəli sahənin, Borclu mülkiyyətində olan zirzəminin və ona icazə verilmiş artırılmış sahənin bir-birindən ayrılmaz olduğu məlum olmuş, mübahisəli sahələrin fotoşəkilləri çəkilmiş (ərizəyə əlavə olunur), məhkəmə qərarının icrasında çətinliklər yarandığı müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə qərarına izah verilməlidir. Nərimanov Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Məhkəmənin 2(005)-375/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin Borclu tərəfindən boşaldılaraq tələbkarlar X4 və X3 təhvil verilməsi zirzəmi girişinin yerindən, artırılmış sahədən asılı olmayaraq təmin olunması qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil qardaşı Etiqadın adına alınsa da onun olub, daima onun istifadəsində olub. Belə ki, mənzil alınanan bəri, bütün kommunal xidmətlərə dair müqavilələr onunla bağlanıb və bütün kommunal xidmət xərclərin o, ödəmiş və həmin mənzil daim onun sahibliyində və istifadəsində olub. Hal hazırda həmin mənzil onun istifadəsindədir və mənzildə ancaq onun əmlakları var. Mübahisəli mənzil obyekt kimi işlənilir və həmin mənzil RX seriyalı ******* saylı qüvvədə olan Çıxarışa əsasən, onun mülkiyətindədir. Bundan başqa həmin mənzildən onun mülkiyətində, MA seriyalı ******* saylı qüvvədə olan Çıxarışa əsasən 43.7 kv/m olan zirzəmiyə yol açılmışdır və mənzilin ayrılmaz hisəsi olmuşdur. Həmin mənzilin sahəsi 30 kv.m artırılmışdır və o da mülkiyətindədir və mənzilin bölünməz hissəsi olmuşdur. Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Nərimanov Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarına izah verilməsi institutunu nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə aktının izah olunması barədə məsələ həmin aktın məzmununun toxunulmazlığı ilə şərtləndirilmişdir. Qanunvericiliyin mənasına görə məhkəmə aktına izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, həmin aktda anlaşılmazlıqlara yol verilməsi və onun icrasında yaranmış çətinliklə bağlıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə 11 fevral 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” 29 iyul 2010-cu il tarixli qərarlarında həmin Məhkəmə göstərmişdir ki, “Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir”. Qeyd olunanlara əsaslanmaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq qətnaməyə izah vermiş, bununla da qüvvədə olan məhkəmə aktının icraediləbilənliyini təmin etmişdir ki, şikayətin dəlilləri bununla əlaqədar olan qərardadın ləğvi üçün əsas təşkil etmir. Eyni zamanda nəzərə alınmalıdır ki, zirzəmi və artırılmış sahə Borclu mülkiyyətindədir və onun bu hüququ da qorunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-229/2022 saylı, 10 may 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №8(103)-224/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-224/2022
03.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver