Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-224/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardaddan verilmiş şikayətə dair (Açar sözlər: ölkədən getmək hüququnun məhdudlaşdırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-150/2024 saylı 20 may 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1524/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsi üzrə xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən, 16 iyun 2020-ci il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir.
2. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birgə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbin icrasının könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü icra edilmədiyi üçün onun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasından yayınan borclunun ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane ola bilər. Bu səbəbdən Qaradağ rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət etmişdir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-150/2024 saylı, 20 may 2024cü il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi qərara alınmışdır.
5. Birinci instansiyası məhkəməsi qərardadını “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
6. Borclu həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-150/2024 saylı, 20 may 2024-cü il tarixli qərardadı ləğv edilərək, təqdimatın təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, o, maddi imkanı çatdığı qədər icra sənədini icra etməyə çalışır. Hazırda aldığı maaşla həm alimenti ödəməkdə, həm də öz ailəsini dolandırmaqda çətinlik çəkir. Bundan başqa, bəzən işlə əlaqədar xarici ölkələrə səfər etməli olur. O, xarici ölkəyə səfər edib orada pul qazana bilməsə, icra sənədini icra etməkdə daha da çətinlik çəkəcək. İcra məmurunun çağırışlarına vaxtında getmiş və maddi imkansızlıq səbəbindən icra sənədini tam şəkildə icra edə bilmədiyini bildirmişdir. Yekun olaraq, şikayətinin təmin edilməsini xahiş edir.
8. Borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-150/2024 saylı, 3 iyun 2024-cü il tarixli qərardadı ilə məhkəmənin 8(002)-150/2024 saylı, 20 may 2024-cü il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
10. Şikayətə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun
12. 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
13. 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
14. 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın
15. 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.
16. 2.4-cü bəndində qeyd olunmuşdur ki, təqdimata borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubun) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir
17. 2.5-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır; təqdimatla razılaşdıqda onu təsdiq edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. İş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1524/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsi üzrə xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən, 16 iyun 2020-ci il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir.
20. xx.xx.2022-ci il tarixli qərar və bildirişin təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22(002)-1524/2020 saylı, 27 avqust 2020-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış, tələbin könüllü icrası barədə bildiriş Borclu göndərilmişdir.
21. Qaradağ rayon icra şöbəsində xx.xx.2022-ci il tarixdə borcluya, icra sənədi könüllü icra üçün müəyyən edilmiş vaxtda icra olunmadığına görə qanunamüvafiq qaydada barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə izah verilmiş, bununla əlaqədar ondan izahat alınmışdır.
22. Qaradağ rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq bildirişinin surətindən görünür ki, borclu, icra sənədi könüllü icra üçün müəyyən edilmiş vaxtda icra olunmadığına görə qanunamüvafiq qaydada barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə xəbərdar edilmişdir.
23. Fiziki şəxsin məlumatları barədə “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, borclunun mülkiyyət hüququ ilə hər-hansı əmlaka sahiblik etməsi, adında hər-hansı aktiv bank hesabının olması aşkar edilməmişdir.
24. Elektron informasiya sistemindən çıxarışdan həmçinin görünür ki, borclu satıcı vəzifəsi üzrə işləməklə 310 manat məbləğində əmək haqqı alır.
25. Kollegiya qeyd edir ki, icra sənədi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyən borclunun həmin icra sənədini tam icra edənədək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun qanunla ona verilmiş səlahiyyət daxilində icra qanunvericiliyinin pozulmasına görə tətbiq etdiyi məsuliyyət tədbirlərindən biridir. Bu tədbirin tətbiqində məqsəd müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin borclu tərəfindən icra edilməsini təmin etməkdir.
26. «X6 (X10) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 may 2017-ci il tarixli qərarına əsasən, “İcra haqqında” Qanunun və Təlimatın müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət edir: icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir.
27. Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyi əsaslandırılmalıdır.
28. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsi qərardadında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə istinad edərək bu qənaətə gəlmişdir ki, icra məmuru tərəfindən qanunvericiliyin tələblərinə əsasən müvafiq ardıcıllığa riayət edilməklə hazırki təqdimatla məhkəməyə müraciət edilməzdən əvvəl bütün tədbirlər həyata keçirilmişdir.
29. Hazırkı məqamda da iş materiallarından görünür ki, borclu tərəfindən icra sənədi üzrə maliyyə xarakterli öhdəlik tam icra edilməmişdir. İcra məmuru tərəfindən “İcra haqqında” Qanunun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın müvafiq normalarına uyğun olaraq məhkəməyə təqdimatla müraciət edilməzdən əvvəl könüllü icra üçün bildiriş borcluya rəsmən təqdim edilmiş, borclu tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi səbəblərinin olmaması müəyyən edilmiş, borclunun mülkiyyət hüququ ilə hər-hansı əmlaka sahiblik etməsi, adında hər-hansı aktiv bank hesabının olması və s. məsələlər araşdırılmış, “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiq edilməsi üçün müəyyən addımlar atılmışdır.
30. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq məhkəmə qərarında nəzərdə tutulmuş tələbi müəyyən edilmiş müddət ərzində icra etmədiyindən, məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunda nəzərdə tutulmuş digər tədbirlərin tətbiq edilməsi heç bir nəticə vermədiyindən, onun müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətə cəlb edilməsi üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş əsaslar yaranmışdır. Beləliklə də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1524/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən verilmiş bu təqdimat əsaslıdır, birinci instansiya məhkəməsi də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olması barədə nəticəyə gəlməklə haqlı olmuşdur. Şikayətdə göstərilən halların mövcud olması (başqa nikahdan uşaqları olması və s.) isə hazırki təqdimatın təmin edilməsini istisna etmir.
31. Belə olan halda məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, hazırki şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 8(002)-150/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən qanun normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 8(002)- 150/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova