Məhkəmə qərarları › İş №8(103)-225/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-225/2021

26.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-225/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, tələbkarın nümayəndəsi X3 və X1nun iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-49/21 saylı, 16 aprel 2021-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-721/2019 saylı, 22 aprel 2019-cu il tarixli icra sənədi ilə bağlı Qaradağ rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, borclu X2 adına qeydiyyatda olan “OPEL ASTRA” minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ” minik markalı, **- FM-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-443/2019 saylı, 30 dekabr 2019-cu il tarixli qərardadı ilə borclu X2 adına qeydiyyatda olan “OPEL ASTRA” minik markalı, **-KP- *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. X1 avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-443/2019 saylı, 30 dekabr 2019-cu il tarixli qərardadı ilə onun sahibliyində və istifadəsində olan “VAZ 21074” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim F.Hüseynov, iş № 8(002)-49/21) ərizə təmin edilməmişdir. Ərizəçi Ş.Cəfərov həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bir vicdanlı alıcı kimi onun həbsdən xəbəri olmamışdır. Onun maddi vəziyyətinin ağır olmasını, gəlirinin yalnız avtomobildən asılı olmasını nəzərə almağı xahiş edir. Bundan başqa, cavabdehin adına olan digər avtomobilin qiyməti kifayət qədər yülsək olduğundan yarana biləcək borcun ödənilməsinə kifayət edəcəyini düşünür. Qaradağ Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçi məhkəmə kollegiyasının iclasında ərizəni və şikayəti müdafiə edərək onların məzmununa uyğun izahat verdi. Tələbkarın nümayəndəsi məhkəmə kollegiyasının iclasında ərizəyə və şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadı ləğv olunmalı və ərizənin təmin edilməsinə dair yeni qərardad qəbul olunmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, borclu icra mərhələsində (2000-2001-ci illərdə) avtomobiilin üzərində həbsin olduğunu bildiyi halda ərizəçiyə avtomobilə dair etibarnamələr vermişdir. Ona görə də qeyd olunan hallar və qanunvericiliyin tələbləri nəzərə alınaraq ərizə əsassız hesab olunmalı və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, əmlak üzərinə həbsin qoyulmasının borcun məbləği ilə müqayisədə nə qədər mütənasib olması nəzərə alınmalıdır. Lakin icra məmuru tərəfindən üzərinə həbs qoyulmuş əmlakların dəyəri müəyyənləşdirilməmiş, onların borc məbləği ilə müqayisəsi aparılmamış, beləliklə məcburi icra tədbirinin tətbiqi zamanı mütənasiblik prinsipinə əməl olunmamışdır. Hazırda icra məmurunun təqdimatına əsasən üzərinə həbs qoyulmuş əmlakların cəm şəkildə dəyəri ilə borc məbləği arasında kəskin fərq olması aşkardır. 9409,1 manat borc müqabilində 3 ədəd avtomobilin üzərinə həbs qoyulması ağlabatan deyil, həmin avtomobillərin bir və ya ikisinin dəyəri borc məbləğinin tam şəkildə ödənilməsinə kifayət edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göründüyü kimi, hazırda tələb borclunun əmlakına lazım olandan dəfələrlə artıq həcmdə yönəldilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin olunsun. Qaradağ Rayon Məhkəməsinin 8(002)-443/2019 saylı, 30 dekabr 2019-cu il tarixli qərardadı ilə “VAZ-21074” markalı, 10MO553 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər Həmid Həmidov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar