Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-226/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 8(007)-4/2021 saylı qərardadından borclu “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 3(010)- 215/2020 nömrəli icra sənədinə əsasən, hüquqi şəxs “xxxx” MMC Azərbaycan Respublikası İXM-nin 428.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində 5.000 manat inzibati cərimə tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2020-ci il tarixli 3(103)-1170/2020 nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin direktoru X1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 3(010)-215/2020 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2018-ci il tarixli 3(007)-165/2020 nömrəli icra sənədinə əsasən, hüquqi şəxs “xxxx” MMC-yə 1500 manat inzibati cərimə tətbiq edilmişdir. Nizami rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Tahir Ağayevin 22 oktyabr 2020-ci il tarixli qərarına əsasən, borclu “xxxx” MMC-dən 455 manat məbləğində icra ödənişi alınması və icra ödənişi məbləğinin 7 faiz icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. Borclu “xxxx” MMC həmin qərardan şikayət verərək “xxxx“ MMC-dən 7 faiz icra ödənişi tutulması haqqında Nizami rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Tahir Ağayevin 22 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Borclu “xxxx” MMC şikayət verərək göstərmişdir ki, Nizami rayonu İcra və Probasiya şöbəsinin böyük icra məmuru Tahir Ağayevin 22 oktyabr 2020-ci il tarixli qərarı ilə, güya “xxxx” MMC 11 fevral 2020-ci il tarixli, 3(007)- 165/2020-006 saylı və 28 fevral 2020-ci il tarixli, 3(010)-215/2020-006 saylı icra sənədlərini könüllü icra müddətində icra etmədiyinə görə, ondan 7 faiz icra ödənişi tutulması qərara alınmışdır. Qərar qanunsuzdur. Belə ki, əvvəla, 28 fevral 2020-ci il tarixli icra sənədi üzrə ödənişin könüllü ödənilməsi haqqında bildiriş onlara təqdim edilərkən, həmin qərar qanuni qüvvədə olmamışdır, apellyasiya icraatında olmuşdur. İkincisi və ən əsası isə, MMC hüquqi şəxsdir və ödənişləri qanunvericiliyə uyğun olaraq nağdsız qaydada icra edir. Buna baxmayaraq, Nizami rayon İcra və probasiya şöbəsi onlara ödəniş üçün bank hesabı rekviziti təqdim etməmişdir. Əvəzində isə sonradan qərarla birgə 7 faiz icra ödənişi edilməsi üçün bank rekvizitini göndərmişdir. Ona görə də, “xxxx“ MMC-dən 7 faiz icra ödənişi tutulması haqqında Nizami rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Tahir Ağayevin 22 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 8(007)-4/2021 nömrəli qərardadı ilə Nizami rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Tahir Ağayevin 22 oktyabr 2020-ci il tarixli qərarından borclu “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməməsi qərara alınmışdır. Borclu “xxxx” MMC həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 8(007)-4/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 8(007)-4/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, MMC hüquqi şəxsdir və ödənişləri qanunvericiliyə uyğun olaraq nağdsız qaydada icra edir. Buna baxmayaraq, Nizami rayon İcra və Probasiya şöbəsi onlara ödəniş üçün bank hesabı rekviziti təqdim etməmişdir. Əvəzində isə sonradan qərarla birgə özünə 7 faiz icra ödənişi edilməsi üçün bank rekvizitini göndərmişdir. Halbuki, icra məmurunun (070) ***-**-** telefon nömrəsi ilə əlaqə saxlanaraq, ondan dəfələrlə xahiş edilmişdir ki, icra sənədi üzrə ödəniş edə bilmədikləri üçün bank hesab rekviziti təqdim edilsin. Onlar 7 faiz icra ödənişi tutulması haqqında qərardan şikayət etdikdən sonra, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi onlara elektron poçtla bank rekviziti göndərmişdir və onlar bütün icra sənədləri üzrə məbləğləri həmin rekvizit üzrə ödəmişlər (ödənişi təsdiq edən sənədlərin surəti işdə vardır). Məhkəmənin mövqeyi ilə razı deyillər, ona görə ki: əvvəla, onlar hesab edirlər ki, ödənişin könüllü icra müddətində icra edilə bilinməməsı onların təqsirindən baş vermədiyinə görə, yəni onlara rekvizit təqdim ediləmədiyinə görə, onlardan 7 faiz tutula bilməz. İcra işi üzrə tərəflər və Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli icra sənədinə əsasən, hüquqi şəxs “xxxx” MMC Azərbaycan Respublikası İXM-nin 428.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində 5.000 manat inzibati cərimə tətbiq edilmişdir. 27 aprel 2020-ci il tarixli qərarla icra sənədi üzrə icraata baılanılmış və tərəflərə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Nizami rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Tahir Ağayevin 22 oktyabr 2020-ci il tarixli qərarına əsasən, borclu “xxxx” MMC-dən 455 manat məbləğində icra ödənişi alınması və icra ödənişi məbləğinin 7 faiz icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. Borclu “xxxx” MMC Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2018-ci il traixli qərarından şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2020-ci il tarixli 3(103)-1170/2020 nömrəli qərarı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” Mmnin direktoru X1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli 3(010)-215/2020 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 11 dekabr 2020-ci il tarixli 251057 nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx” MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2020-ci il tarixli 3(103)-1170/2020 nömrəli qərarının icrası ilə əlaqədar olaraq 5.000 manat ödəniş edilmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qərarının icrasının təmin edilməsi məqsədi ilə ödəniş, həmin ödənişin edilməsi üçün nəzərdə tutulmuş könüllü icra müddəti bitdikdən sonra, yəni 11 dekabr 2020-ci il tarixdə edilmişdir. Borclu “xxxx” MMC Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 3(007)-165/2020 saylı qərarından şikayət verməmiş, həmin iş üzrə icra sənədini də tələbin könüllü icrası müddətində icra etməmişdir. Belə ki, iş materiallarında olan 11 dekabr 2020-ci il tarixli 251138 nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx” MMC tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 3(007)-165/2020 nömrəli qərarının icrası ilə əlaqədar olaraq 1500 ödəniş edilmişdir. Göründüyü kimi, borclu “xxxx” MMC Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qərarının icrasının təmin edilməsi məqsədi ilə ödənişləri, həmin ödənişlərin edilməsi üçün nəzərdə tutulmuş könüllü icra müddəti bitdikdən sonra, yəni 11 dekabr 2020-ci il tarixdə etmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci bəndinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 78.1-ci bəndinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Məhkəmə kollegiyası şikayətin dəlili ilə bağlı qeyd edir ki, borclu qərarın icrasının könüllü icra müddətində ödənilməməsinin səbəbi kimi icra məmuru tərəfindən bank rekvizitlərinin onlara göndərilməməsi, bununla bağlı icra məmuruna telefon vasitəsilə zəng edib bildirsələr də, icra məmurunun bu məlumatları yenə də onlara göndərməməsi, bu səbəbdən də icranın onlar tərəfindən üzrlü səbəbdən gecikdirilməsinə istinad etmişdir. Bunlarla bağlı məhkəmə qeyd edir ki, icra məmurunun könüllü icra ilə bağlı bildirişi borcluya təqdim etmək icra məmurunun «İcra haqqında» qanunla nəzərdə tutulmuş vəzifəsidir. İcra sənədəini hansı qaydada icra etmək, hazırkı halda pul məbləğini hansı şəkildə – nəğd və ya köçürmə yolu ilə ödəmək isə borclunun hüququdur. Lakin borclunun bu hüququndan yararlanaraq, pul məbləğini köçürmə yolu ilə həyata keçirmək istədiyi və bu barədə icra məmurunu telefon vasitəsilə məlumatlandırmasına dair dəlilləri iş materialları ilə öz təsdiqini tapmır. Bu zaman məhkəmə nəzərə alır ki, borclu bank rekvizitlərinə dair məlumatların ona icra məmuru tərəfindən elektron poçt vasitəsilə göndərildiyini bildirmişdir. Lakin borclunun öz elektron poçtu vasitəsilə icra məmuruna müraciət edə bilməsi mümkün olduğu halda, onun belə bir müraciətinin olması iş materiallarından görünmür. Həmçinin, iş materiallarından görünür ki, borclu icra məmuruna ərizə ilə müraciət edərək özünün cərimə edilməsi ilə bağlı qərarları rəsmi olaraq almadığını, bu qərarları almaq üçün müraciət etdiyini və aldıqdan sonra onları yuxarı instansiya məhkəmələrində mübahisələndirəcəyini, bu halları nəzərə alaraq icra hərəkətlərinin dayandırılmasını xahiş etmişdir. Lakin borclu cərimə məbləğini köçürmə yolu ilə ödəmək istədiyi, lakin bank rekvizitlərinin olmaması səbəbindən bunu həyata keçirə bilmədiyi barədə icra məmuruna eyni qaydada hər hansı məktub göndərməmişdir. Göstərilənlərə əsaslanaraq və şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, borclu tərəfindən həqiqətən də icra sənədinin könüllü icra olunması üçün hər hansı hərəkətin edildiyi iş materialları ilə təsdiq olunmur. Belə ki, icra məmuru tərəfindən borcluya bildiriş göndərilsə də, icra sənədi uzun müddət ərzində, 11 dekabr 2020-ci il tarixədək faktiki olaraq icra olunmadan saxlanılmışdır. Beləliklə iş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətin dəlilləri isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Borclu “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 8(007)-4/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Həsən Əhmədov
Məhkəmə qərarları › İş №8(103)-226/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-226/2021
20.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver