Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-228/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 25.07.2019-cu il tarixli, 2(103)-721/2019 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsi əsasında qəbul olunmuş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 8(007)-110/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(103)-721/2019 saylı qətnaməsinin ilkin olaraq 7841,34 manat, sonra isə qalan məbləğin hər ay 900 manat ödəmək şərti ilə 36 ay müddətində hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu və X3 müştərək qaydada 40180.34 manat məbləğində pul vəsaiti, 30 manat dövlət rüsumu və 31 manat bildiriş qeydə alınması məbləği tutularaq tələbkar “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, borcun tutulmasının ipoteka predmeti olan X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi və əmlakın satış qiyməti 130000 manat müəyyən edilməsi, evin açıq hərracda satılması, əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin X2ma qaytarılması, ekspertiza tədqiqatlarının dəyəri 150 manatın 50 manatı “xxxx” ASC-dən, 100 manat Borclu tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 25.07.2019-cu il tarixli, 2(103)-721/2019 nömrəli icra sənədi üzrə Nizami rayon İcra və Probasiya şöbəsində 28.02.2020-ci il tarixdə icraat başlanılmışdır. Hazırda onu maddi imkanlarımda çətinlik yaranmışdır. “xxxx” ASC-yə olan borcunu bir dəfəyə ödəyə bilmir. 03 iyul 2020-ci il tarixdən 23 iyul 2020-ci il tarixədək COVİD-19 pozitivi diaqnozu ilə müalicə olunmuşdur. Buna baxmayaraq yenə müalicə olunur. Fiziki durumu yaxşı deyil. İşləmək imkanlarım məhdudlaşıb. İlkin olaraq “xxxx” ASC-yə olan 40180,34 manat borcundan 7841,34 manat birdəfəyə ödəyə bilər. Qalan borcunu isə hər ay 900 manat olmaqla 36 ay müddətində ödəyə bilər. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 8(007)-110/2021 saylı qərardadı ilə ərizə geri qaytarılmışdır. Borclu şikayət verərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 8(007)-110/2021 saylı qərardadının ləğv olunması, Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(103)-721/2019 saylı qətnaməsinin ilkin olaraq 7841,34 manat, sonra isə qalan borcun hər ay 900 manat olmaqla 36 ay müddətində hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət, ərizənin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, o, ərizəyə öz tələbini əsaslandırdığı hallar barədə sübutları və zəruri olan digər məlumatlar barədə lazımi sənədləri əlavə etməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 8(007)-110/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər və icra məmuru iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in): 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1. maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Birinci instansiya məhkəməsi borlcu tərəfindən verilmiş “qətnamənin hissə-hissə icra eidlməsi” barədə ərizəsini sübutlar təqdim edilmədiyinə əsaslanaraq geri qaytarmışdır. Lakin birinci instansiya məhkəməsi MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu nəzərə almamışdır. Məhkəmə həmçinin nəzərə almamışdır ki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Prosessual qanunvericilik həmçinin nəzərdə tutmuşdur ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM 77.3). Beləliklə, qanuvericiliyin tələblərinə əsasən, mülki icraat zamanı tərəfin sübutlar təqdim etməməsi onun tələbinin əsaslılığı dəyərələndirilərkən nəzərə alınır. Lakin bu hal ərizənin geri qaytarılması üçün prosessual əsas kimi nəzərdə tutulmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsinin ərizənin geri qaytarilması əsası kimi istinad etdiyi MPM-in 152-ci maddəsi ilə iddia ərizəsinin geri qaytarılması əsaslarını nəzərdə tutmuşdur. Bununla yanaşı, sübutların təqdim edilməməsi belə ərizənin geri qaytarılma əsasları sırasında nəzərdə tutulmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəyə baxaraq mahiyyəti üzrə münasibət bildirilməsi üçün hər hansı prosessual əngəl aşkar olunmamışdır. Qeyd edilənlərə əsasən, qərardad ləğv olunmalı, ərizəyə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 8(007)-110/2021 saylı qərardadı ləğv edilsin və Borclu tərəfindən verilmiş “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizəyə baxılması üçün iş materialları həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-228/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-228/2021
16.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver