Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-228/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(009)- 1532/2022 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icrasına möhlət verilməsindən imtina barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-180/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1532/2022 saylı qətnaməsi ilə X1nun ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin “Ç” tikilisindən və “C” tikilisinin bir hissəsindən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və icra məmuru tərəfindən icraata başlanılma haqqında qərar qəbul edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasına möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin “Ç” tikilisindən və “C” tikilisinin bir hissəsindən hazırda gül mağazası kimi istifadə olunur. Hələ məhkəmə qətnaməsi qüvvəyə minməzdən öncə xarici şirkətlərlə alqısatqı müqaviləsi bağlanılıb, ödənişi əvvəlcədən edilərək mağazaya güllər sifariş olunmuşdur. Həmin güllərin çatdırılması isə məhkəmə qətnamsinin icra olunmalı dövrə təsadüf edir. Qeyd olunan güllərin yerləşdirilməsi üçün yuxarıda qeyd olunan icarəyə verilmiş əmlakdan başqa əmlakın olmaması, həmçinin yeni anbarın tapılması üçün sərf olunacaq vaxtda alınan güllərin solaraq satışa yararsız hala gəlməsi külli miqdarda zərərə səbəb olacaqdır. Göstərilənlərə əsasən icra sənədinin icrasına ən azı 4 ay müddətinə möhlət verilməsi xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-180/2023 saylı, 07 iyun 2023-cü il qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan X1 şikayət verərək qərardadın ləğv olunmasını, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçinin 5 ay müddətində məhkəmə qətnaməsini icra edə bilməməsinin əsas və başlıca səbəbi hal-hazırda gül mağazası olaraq istifadə etdiyi, ünvan 1 ünvanında yerləşən əmlakda çox miqdarda gülün olması və icarəyə götürmək üçün yeni qeyri-yaşayış sahəsini tapa bilməməsidir. Həmçinin, ərizədə də qeyd olunduğu kimi 28 sentyabr 2022-ci il tarixində qəbul edilmiş 2(009)-1532/2022 nömrəli qətnamə qanuni qüvvəyə minməzdən öncə ərizəçi ilə xarici şirkətlər arasında güllərin alğısatqısına dair müqavilələr bağlanmışdır. Bu alğı-satqı müqavilələrinin hər biri üzrə ödənişlər öncədən edilmiş və mövsümi güllər onların satış zamanına uyğun olaraq sifariş edilmişdir. Ərizəçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, əsas gəlir mənbəyinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir olmasını məhkəmə nəzərə almalı idi. Əmlakın tez bir zamanda boşaldılması sifariş edilmiş güllərin gələcəyi təqdirdə onların yerləşdirilməsi üçün yerin olmamasına və güllərin isti havada solub satışa yararsız hala gəlməsinə səbəb olacaqdır. Nəticə olaraq, ərizəçi külli miqdarda ziyanla üzləşəcək və əmlak vəziyyətiəhəmiyyətli dərəcədə pisləşəcəkdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-ə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır (maddə 231.1). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icrasına möhlət verməyin mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Baxılan iş üzrə borclu qətnamənin icrasına möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, möhlət verilməsinə əsas olaraq qeyd etdiyi kimi çıxarılması qət olunmuş tikilidə gül satmasını və güllərin sifarişi ilə əlaqədar alqı-satqı müqavilələri imzaladığını təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(005)-887/2019 saylı iş üzrə 07 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №8(103)-228/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-228/2023
12.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver