Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-228/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Tələbkar Əyyub qızının ödənilməli olan aliment məbləğinin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: alimentin indeksasiyası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-301/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilən şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4154/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Suraxanı rayon Məhkəməsinin 13.01,2015-ci il tarixli 2(010)-539/2015 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilmiş, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu ii təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması xx.xx.2019-cu il tarixdən başlayaraq, Borclu hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində aliment tutularaq Tələbkar verilməsi qət edilmişdir.
2. Həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə Tələbkar Əyyub qızı məhkəməyə ərizə ilə müraciət edərək, həmin qətnamə əsasında təyin edilmiş aliment məbləğinin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-301/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli, 2(010)-4154/2019 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində indeksasiya edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu ii təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar Əyyub qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-301/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilən şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 5.Şikayət onunla əsaslandırılmışdır ki, Tələbkar alimentin indeksləşməsi ilə əlaqədar Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə isə onun tərəfindən məhkəməyə təqdim edilən heç bir sənədə əhəmiyyət vermədən indeksləşməni sabit pul məbləği olmaqla onun həm əvvəlki illərdə olan əmək haqqından artıq, həm də 2025-ci ildə olan əmək haqqından da yüksək təyin etmiş, eləcə də indeksləşməni 0.89-la hesablamışdır. Əvvəlki illər üzrə - 2019-cu ildən bu günədək o, aliment ödənişi etmişdir. 2025-ci ildə yenə də 440 manat olmaqla ödəmiş, lakin məhkəmə bunu nəzərə almamış, xx.xx.2019-cu il tarixli, 2(010)-4154 nömrəli qətnaməsini əsas götürərək alimenti indeksləşdirmişdir. Halbuki tələbkarla nikahları pozulandan bu günədək o, alimenti əvvəlki dövrlərin tələbinə uyğun ödəmiş, tələbkarın da heç bir tələbi olmamış, razı qalmışdır. Eyni zamanda 2023-cü ildən də 2025-ci il də daxil olmaqla, 440 manatdan hər ay mütəmadi ödəmiş, heç bir borcu yoxdur və 440 manat ödəməkdə də davam edir. Məhkəmə tərəfindən ödənilmiş məbləğləri təkrar ona ödətdirmək qanun pozuntusudur. Bu barədə ödəniş qəbzlərini və Suraxanı rayon İcra Şöbəsinin verdiyi arayışı məhkəməyə təqdim etmişdir. Alimentin artırılması onun əməkhaqqına uyğun həyata keçirilməmişdir. İş yerindən əməkhaqqı barədə arayışı iş materiallarına əlavə etmişdir. Eləcə də məhkəmə onun ailəsini və bir övladını nəzərə almadan yüksək həddə indeksləşdirmə aparmışdır. Bəs onun yeni ailəsi, o, iki azyaşlı övladı nə etməlidir, nə yeməlidir? Məhkəmə absurd indekləşmə ilə yeni ailəyə problem yaratmışdır. Alimentin qarşı tərəfə sabit pul məbləğində ödənilməsi “Polis haqqında” qanunun pozulması deməkdir. Onun, yəni Mühafizə Polisində işlədiyinə görə sabit əməkhaqqı var. Bu qaydada yüksək indeksləşmə digər sağlam ailəyə maddi baxımdan ciddi problemlər yaradır. “Polis haqqında” qanunun tələbi kobud surətdə pozulub. Hakim 0.89 rəqəmini hansı hesabla götürüb? Məhkəmə zamanı iddiaçı Tələbkar özü şəxsən iştirak etmişdir. O, məhkəmə zamanı alimentin 246 manat həcmində artırılmasını məhkəməyə bildirmək istəsə də məhkəmə onun sözünü kəsmişdir. Tələbkar ilk ərizəsində alimentin 246 (təxminən 250) manat həcmində artırılması barədə ərizə də yazmışdır. Həmin ərizə və qərardad apellyasiya şikayətinə əlavə edilir. Onun onlardan başqa bir körpə, iki yaşlı övladı da var. Bəs o, necə dolansın? Axı, o, boşandıqdan 8-9 il sonra yeni ailə qurmuşdur. Bu cür indeksləşmə nə sabit pul məbləğinə, nə də əməkhaqqı üzrə tutmaya uyğun gəlmir. Məhkəmə alimentin indeksləşməsini müəyyən edərkən valideynlərin (hər iki valideynin) vəzifəsini, öhdəliyini, ailə vəziyyətini, maddi durumunu nəzərə almalı idi. Valideynlərin vəzifəsini, öhdəliyini, ailə vəziyyətini nəzərə almadan, maddi durumunu nəzərə almadan indeksləşməni yüksək həddə qəbul etdi. Tələbkar maddi vəziyyəti ondan qat-qat üstündür. Tələbkar məhkəməyə yalan məlumatlar yazmış, hətta ondan rəsmi qaydada bank vasitəsilə illərlə aldığı 440 manat alimentləri gizlətmişdir. Məhkəmə isə işin faktiki hallarını araşdırmadan onun aylıq əməkhaqqından da çox indeksləşmə aparılması barədə qərardad çıxarmışdır. Halbuki minimum əməkhaqqı 2025ci ildə 400 manat olmuş, o isə tələbkara uzun illər 440 manat ödəmişdir. Məhkəmə Tələbkar iş yerini, maaşını müəyyən edə bilərdi. Bu faktiki hallar müəyyən edilsə idi, məhkəmənin gəldiyi nəticə doğru və obyektiv olardı. Uşaqların saxlanması hər iki valideynin borcu, vəzifəsi və öhdəliyidir. Tələbkar ödənilən alimentlər rəsmi sənəd üzrədir. Bəs onun ödədiyi alimentlərin, pulların taleyi necə oldu? Niyə məhkəmə bunları nəzərə almadan qərar qəbul edib? Tələbkar yalan yazmasını, aldığı pulları gizlətməsini niyə məhkəmə nəzərə almamışdır? Əgər Tələbkar aliment ödənişindən razı qalmasa idi, şikayət edib tələb edərdi. Qarşılıqlı razılaşma ilə uşaqların yaşayışını tam təmin edən həddə ödənişlər etmişdir. 6.Borclu həmçinin şikayətə əlavə təqdim edərək göstərmişdir ki, 0.89 la indeksləşmə onun aylıq əmək haqqısından da çoxdur, nikahları ləğv ediləndən bu günə qədər aliment borcu olmayıb, tələbkar da aliment ödənişindən razı qalmış, heç bir problem olmamışdır. Tələbkar heç vaxt iş yerini bildirməmiş, 2019-cu ildə və 2025-ci ilin aprel ayında məhkəmə zamanı nə ödənilən alimentlərin adını çəkməmiş, yalan məlumatlar vermiş, iş yerinin olmasını da tamamilə gizlətmişdir. Tələbkar 2019-cu ilin 25 iyl tarixindən “AZAL” Heydər Əliyev adına Beynəlxalq Hava limanında işləyir, Əmək haqqı 1046 manat təşkil edir. Borclunun əmək haqqısından çoxdur. Məhkəmədə indeksləşməyə baxılan zaman iş yerini müəyyən edə bilməmişlər. Yeni ailə qurmağını və 1 övladının olmağını, əmək haqqını və tələbkarın işləməsini nəzərə alaraq 2 uşağa görə, yəni hər uşağa görə 2025-ci ilin aprel ayı tarixindən başlayaraq əmək haqqına nisbətdə manatla alimentin müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş edir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. 8.Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2 Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4154/2019 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilmiş, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu ii təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması xx.xx.2019-cu il tarixdən başlayaraq, Borclu hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində aliment tutularaq Tələbkar verilməsi qət edilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 14.Məhkəmə qeyd etmişdir ki, sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə 2019-cu ilin iyun ayında qəbul edildiyindən və həmin ilin 01 mart-01 sentyabr tarixləri aralığında ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı 180 manat məbləğində təşkil etdiyindən qətnamə üzrə tutulan 160 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.89 (160/180) misli həddində indeksasiya olunmalıdır. 15.Məhkəmə Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddəsinin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarıda şərh edilənləri nəzərə alaraq alimentin indeksasiyası barədə tələbkarın ərizəsini təmin etmişdir. 16.Məhkəmənin mövqeyi ilə razılaşmayan borclunun dəlilləri isə onun maddi vəziyyətinin nəzərə alınmaması, yeni ailə qurması və 1 övladının olması, tələbkarın da işləməsi, aliment borcunun olmaması kimi dəlillərdən ibarədir.
17. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar.
18. Məhkəmə kollegiyası alimentin indeksasiyası üzrə məsələni müzakirə edərkən uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların tələbkarın üzərinə düşməsini və tələbkarın uşaqlara qulluq etməsini diqqətəlayiq mənafe kimi nəzərə alaraq alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində indeksasiya olunmasını uşaqların üstün mənafeyinə uyğun hesab edir.
19. Tələbkarın himayəsində yetkinlik yaşına çatmayan övladının olması, mövcud iqtisadi şərtlər, uşaqların sosial, maddi və mənəvi təminatlarının effektiv, operativ şəkildə təmin edilməklə hüquqi tənzimlənməsi xüsusatı tələbkarın alimentin indeksasiya edilməsi barədə ərizəsinin təmin edilməsini zəruri edir. 20.Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək şikayətin dəlillərini əassız hesab edərək, ərizənin qismən təmin edilməsi üzrə məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
21. Məhkəmə kollegiyası borclunun əvvəlki ödənişlərin vaxtında edilməsi, aliment borcunun olmaması ilə bağlı etirazında göstərilən dəlilləri əsassız hesab edərək qeyd edir ki, borclunun əvvəlki ödənişləri vaxtında etməsi onun ümumi aliment öhdəliklərini icra etməsini göstərməklə alimentin indeksasiyası prosesinə maneə olmur.
22. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-301/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev