Məhkəmə qərarları › İş №8(103)-229/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-229/2021

24.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-229/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına baxılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2020ci il tarixli 8(004)-705/2020 saylı qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1297 saylı bağ sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmiş, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. ”Elektron icra” informasiya sistemindən Borclu məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1297 saylı bağ sahəsinin olduğu müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 8(004)- 705/2020 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14350/2019 saylı 03.12.2019-cu il tarixli icra sənədi üzrə borclu, xx.xx.1970-ci il təvəllüdlü Borclu məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1297 saylı bağ sahəsinin üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulmuşdur. Hazırda borclu şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərmişdir ki, qətnamə ilə ondan 11500 manat pul tutulmalıdır, həmin pul vəsaitinin 8500 manatını ödəmişdir, icra sənədi üzrə tərəfindən borcun ödənilməsindən yayınma, imtina etmə halları yoxdur. Borcun qalan hissəsinin isə yaxın vaxtlarda ödənilməsi barədə tələbkarla razılaşması var. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 14350/2019 saylı 03.12.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 11500 manat tutularaq Tələbkar ödənilməlidir. “Elektron icra” informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən müəyyən edilir ki, Borclu adına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1297 saylı bağ sahəsi qeydiyyatdan keçmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci bir ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə isə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadına əsasən qoyulur. Göründüyü kimi, hazırki təqdimatla icra məmuru borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir ki, qanunla da bu yolveriləndir, əmlak üzərinə həbs qoyulması həmin əmlak barəsində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Hazırki halda icra sənədinin icrası ilə bağlı zəruri icra hərəkətləri həyata keçirilmiş, lakin borclu tərəfindən borc ödənilməmişdir. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək üçün ona məxsus daşınmaz əmlakın üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq təqdimatı təmin etməkdə haqlı olmuşdur. Borclu şikayətində borc məbləğindən 8500 manat ödədiyini, qalan məbləğin isə ödənilməsi ilə bağlı tələbkarla razılaşdığını qeyd etsə də, borcun ödənilməsi ilə bağlı və ya tələbkarla olan razılaşması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Kollegiya qeyd edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 8(004)- 705/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar