Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-229/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 icra üsulnunun dəyişdirilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: icra üsulunun dəyişdirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X7 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-413/2023 saylı qərardadından X1 nümayəndəsi X5 tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Tələbkarın nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-6789/2021 saylı qətnaməsi ilə cavabdeh Borclu2 üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəziləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış iddiaçı X6 ilə 13 mart 2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin ləğv edilməsi öhdəliyinin və Borclu1 üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəziləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış iddiaçı X6 ilə 14 mart 2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə əlaqədar bildirişlərin ləğv edilməsi öhdəliyinin icra üsulunun dəyişdirib Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi iddiaçı X4 iddia tələbinə əsasən 2(001)-6789/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnamə ilə cavabdeh Borclu2 və Borclu1 üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəziləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış iddiaçı X6 ilə əmək müqavilələrinin bağlanması ilə əlaqədar bildirişlərin ləğv edilməsi öhdəliyi qoyulmuşdur. İcra sənədi xx.xx.2021-ci il tarixində Binəqədi rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə quluqçusu Şakir Bahadırov tərəfindən araşdırma nəticəsində məlum olmuşdur ki, X14 həbs edilmişdir və Bakı istintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən alınmış məlumatda X10 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 6 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edildiyi və cəzasını 2 saylı CCM-də çəkdiyi müəyyən edilmişdir. Həmin müəssisənin rəhbərliyi tərəfindən X16 icra sənədinin məzmunu və tələbi ilə məlumatlandırılmışdır, X16 rəsmi qaydada 2019-cu ildə özünə iş axtarması məqsədilə "20 Yanvar metro" stansiyasında yaxınlığında iş elanı ilə bağlı 2 nəfər şəxs tərəfindən aldadılaraq ona hansısa sənədə imza etdirilmişdir. Həbs olunduqdan sonra ev ünvanına gəlmiş məktublardan ona məlum olmuşdur ki, adına hansısa MMC vardır. Lakin MMC-nin nə olduğunu və heç bir vətəndaşla müqavilə bağlamadığını, MMC-nin harada yerləşdiyini, nə ilə məşğul olduğunu, həmçinin rəhbərliyi barədə heç nə bilmədiyini göstərmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə quluqçusu Şakir Bahadırov Azərbaycan Respublikasının "İcra Haqqında" Qanunun 70.4-cü maddəsini rəhbər tutaraq Binəqədi Rayon Məhkəməsinin 2(001)-6789/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə İcra vərəqəsini xx/xx-270170/2021-14 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə Binəqədi Rayon Məhkəməsinə qaytarmışdır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-413/2023 saylı, 22 may 2023cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qətnamənin icrasını müəyyən hadisənin gələcəkdə baş verməsi ilə əlaqələndirib, möhlət verərək qətnamənin müvafiq icra qaydasını müəyyən etmiş olur. Bu ardıcıllıqla icra hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarandıqda həmin icra qaydasının dəyişdirilməsi zərurəti yarana bilər. Tələbkarın nümayəndəsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyin cavabdeh olmayan, icra sənədi üzrə isə borclu qismində göstərilməyən tərəfin üzərinə həvalə edilməklə, qətnamənin icrasına nail olmaq niyyətindədir. Halbuki, qətnamənin icra qaydasının dəyişdirilməsi dedikdə məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsi başa düşülür. Lakin ərizə təmin edildiyi halda yalnız qətnamənin yeni icra qaydası və ya üsulu deyil, onun məzmunu və mahiyyəti də dəyişmiş olacaqdır. Belə ki, məhkəmə icraatı zamanı proses iştirakçısı olmayan şəxsin hüquq və vəzifələri ilə bağlı məsələnin həll edilməsi yeni üsul və qayda hesab edilə bilməz.
5. Birinci instansiyası məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231-ci maddəsi və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
6. Tələbkarın nümayəndəsi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6789/2021 saylı xx.xx.2021-ci il tarixli, icra sənədi üzrə qətnaməsi ilə cavabdeh Borclu2 üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəziləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış iddiaçı X6 ilə 13 mart 2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin ləğv edilməsi öhdəliyinin və cavabdeh Borclu1 üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəziləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış iddiaçı X6 ilə 14 mart 2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə əlaqədar bildirişlərin ləğv edilməsi öhdəliyinin icra üsulunu dəyişdirib Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsi iddiaçı X4 iddia tələbinə əsasən 2(001)-6789/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnamə ilə cavabdeh Borclu2 və Borclu1 üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəziləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış iddiaçı X6 ilə əmək müqavilələrinin bağlanması ilə əlaqədar bildirişlərin ləğv edilməsi öhdəliyi qoyulmuşdur. İcra sənədi xx.xx.2021-ci il tarixində Binəqədi rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə quluqçusu Şakir Bahadırov tərəfindən araşdırma nəticəsində məlum olmuşdur ki, X14 həbs edilmişdir və Bakı istintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası Ədliyya Nazirliyi Penitensiar Xidmətdən alınmış məlumatda X10 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 6 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edildiyi və cəzasını 2 saylı CÇM-də çəkdiyi müəyyən edilmişdir. Həmin müəssisənin rəhbərliyi tərəfindən X16 icra sənədinin məzmunu və tələbi ilə məlumatlandırılmışdır, X16 rəsmi qaydada 2019-cu ildə özünə iş axtarması məqsədilə “20 Yanvar metro” stansiyasında yaxınlığında iş elanı ilə bağlı 2 nəfər şəxs tərəfindən aldadılaraq ona hansısa sənədə imza etdirilmişdir. Həbs olunduqdan sonra ev ünvanına gəlmiş məktublardan ona məlum olmuşdur ki, adına hansısa MMC vardır. Lakin, o, MMC-nin nə olduğunu və heç bir vətəndaşla müqavilə bağlamadığını, MMC-nin harada yerləşdiyini, nə ilə məşğul olduğunu, həmçinin rəhbərliyi barədə heç nə bilmədiyini göstərmişdir və bu səbəbdən də qeyd olunan icra sənədinin icrasını təmin edə bilmədiyini bildirmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə quluqçusu Şakir Bahadırov Azərbaycan Respublikasının “İcra Haqqında” Qanunun 70.4-cü maddəsini rəhbər tutaraq Binəqədi Rayon Məhkəməsinin 2(001)-6789/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə İcra vərəqəsini xx/xx-270170/2021-14 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə icra sənədinin icrasının mümkün olmadığına görə Binəqədi Rayon Məhkəməsinə qaytarmışdır. Binəqədi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən icrası mümkün olmadığına görə qərarından sonra xx.xx.2023cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək Borclu2 MMC və “X22 QTG” MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmış əmək müqaviləsinin “Əmək və Məşğulluq” alt sistemində ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti 10 fevral 2023-cü il tarixli 3-17-5/2-A-3898/2023 saylı məktubla bildirir ki, əmək müqaviləsinin “Əmək və Məşğulluq” alt sistemində ləğv edilməsi məhkəmə qərarı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə həvalə edildiyi halda icra oluna bilər.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-413/2023 saylı 22 may 2023-cü il tarixli X8 tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
11. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
12. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
13. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.
14. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
15. 231.4-cü maddəsinə əsasən, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər.
16. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
17. 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
18. 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri sayılır.
19. 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.
20. 10.2-ci maddəsinə görə borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur.
21. 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
22. 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
23. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 14 yanvar tarixli, 1 №-li Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilsin.
24. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin qeyd etməyi zəruri sayır ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, bir qayda olaraq, borclu qətnaməni könüllü yerinə yetirmədikdə və qətnamənin icrası onun hərəkətlərindən asılı olduqda, həyata keçirilir. Bununla belə qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının tələbkarın hüquqlarının və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi yalnız müstəsna hallarda həyata keçirilməsi mümkündür.
27. Eyni zamanda xüsusi olaraq qeyd olunmalıdır ki, qətnamənin icra üsulu və qaydası dəyişdirilən zaman icra icraatında borclunun əvəz edilməsi (vərəsəliyin və ya hüquq varisliyinin müəyyən edilməsi hallarını istisna olmaqla) yolverilməzdir.
28. Kollegiya yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, hazırki icraatın başlanmasına əsas olan ərizə təmin edildiyi halda yalnız qətnamənin icra qaydası və ya üsulu deyil, onun məzmunu və mahiyyəti də dəyişmiş olacaqdır. Halbuki, proses iştirakçısı olmayan şəxsin hüquq və vəzifələri ilə bağlı məsələnin həll edilməsi qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi formasında deyil, həmin şəxsin cavabdeh qismində cəlb edilməklə yenidən iddia qaldırmaqla məhkəməyə müraciət edilməsi qaydasında mümkündür.
29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
X1 nümayəndəsi X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-413/2023 saylı 22 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova