Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-229/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Tələbkar tutulmuş aliment məbləğinin indeksasiyası barədə ərizəsinə baxılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-260/2025 nömrəli 18 mart 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İcra sənədi üzrə Tələbkar aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2190/2021 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizənin təmin edilməsi, məhkəməyə müraciət etdiyi tarixdən, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu (cavabdeh) Borclu tələbkar (iddiaçı) Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üçün müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğinin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2018ci il tarixli 2(010)-4010/2018 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilmiş və cavabdeh Borclu Tələbkar xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq ona verilməsi qət edilmişdir. Uşağın saxlanması, sağlamlığı, təhsili ilə bağlı bütün məsələlər onun öhdəsindədir və o, uşağın bütün xərclərini təkbaşına ödəməkdə maddi çətinlik çəkir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, uşaqların saxlanması və tələbatlarının bir hissəsinin ödənilməsi üçün minimum əmək haqqı və yaşayış minimumuna uyğun olaraq alimentin sabit - 246 manat məbləğində tutulması üçün qətnamənin icra qayda və üsulu dəyişdirilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-260/2025 nömrəli 18 mart 2025ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2190/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət verərək, onun ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, şəkərli diabet xəstəliyindən əziyyət çəkir və məlum olduğu kimi daimi olaraq dərmanlar qəbul edir və iş qabiliyyəti zəifdir. Bundan başqa, ikinci dəfə ailə həyatı qurmuş və qızı Ruqayyədən başqa himayəsində iki nəfər azyaşlı övladı vardır və maddi cəhətdən çox əziyyət çəkir. Belə ki, tələbkara hər ay 170 manat məbləğində alimenti vaxtı-vaxtında ödəyir, çünki həmin pul onun hazırkı qazancına və büdcəsinə uyğundur. Lakin, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində aliment 280 manat təşkil edir. Həmin pulu ödəmək qabiliyyətində deyildir. Qeyd olunanlara əsasən qərardadın ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin 18 aprel 2025-ci il tarixli qərardadı ilə borclunun şikayəti təmin olunmayaraq, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X3 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2190/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4010/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilməsi və cavabdeh Borclu Tələbkar xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması, cavabdeh Borclu tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Borclu 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2021-ci il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (175:250) 0,7 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası MPM-nin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinin tələbinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Kollegiya birinci instansiya məhkməsəinin mövqeyi ilə razılaşaraq, borclunun şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırda söhbət təyin olunmuş alimentin indeksasiyasından gedir, şikayətdə göstərilən dəlillər isə (alimentin məbləğinin yüksək olması, şəkərli diabet xəstəsi olması, əmək qabiliyyətinin aşağı olması, hazırda yeni ailə həyatı qurması və övladının olması) alimentin azaldılması barədə iddia vermək üçün əsas sayıla bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclunun şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-260/2025 nömrəli 18 aprel 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-229/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-229/2025
27.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver