Məhkəmə qərarları › İş №8(103)-23/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-23/2022

26.01.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-23/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 8(011)-889/2021 saylı qərardadından Tələbkar nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, 19 oktyabr 2020-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-201/2020 nömrəli, 18 mart 2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 1975-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Bahadır oğlundan 14 mart 2012-ci il təvəllüdlü X6 və 25 mart 2017-ci il təvəllüdlü X1 Kəmalə Akif qızının himayəsində saxlanılmalıdır. Borclu Bahadır oğlundan 14 mart 2012-ci il təvəllüdlü X2 və 25 mart 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Tələbkar ödənilməlidir. Alimentin tutulması 02 iyul 2019-cu il tarixdən hesablanmalıdır.Həmin icra sənədi 22 iyun 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu Bahadır oğluna göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədi üzrə borc 251278.52 manat təşkil edir. O, hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-889/2021 saylı 01 dekabr 2021-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilməmişdir. Bundan sonra Tələbkar nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-889/2021 saylı 01 dekabr 2021-ci il tarixli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardadı tamamilə əsassız və qanunsuz hesab edir. Belə ki, Xətai Rayon Məhkəməsi (hakim İlahə Abbasova) 8(011)-889/2021 saylı 01 dekabr 2021-ci il tarixli qərardadını “Borclu Bahadır oğlunun icra sənədinin üzürsüz səbəbdən icra etmədiyi təsdiq olunmadığından, həmçinin onun əmlakı üzərinə həbs qoyulduğundan, əmək haqqına tutulmalar yönəldiyindən və icra sənədi üzrə tutulmalı olan borc məbləğindən edilmiş ödənişlər tələbkar tərəfindən qəbul edildiyindən, borc alimentin tutulması ilə bağlı müəyyən edildiyindən və borclu tərəfindən hər ay ödənilən 10500 manat pul vəsaitinin uşağın saxlanılması üçün müəyyən edilmiş məbləğdən dəfələrlə çox olduğundan, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət olmaması” ilə əsaslandırmışdır. İş materiallarında olan Xətai rayon icra şöbəsinin icra məmuru Vüsal Umarovun 30 sentyabr 2021-ci il tarixli təqdimatına əsasən təqdimatın tarixinə Borclu Bahadır oğlunun əvvəlki dövrlər üçün ödənilməmiş aliment borcu 251278.52 manat təşkil edir. Həmin borcu dərhal ödəməyə Borclu Bahadır oğlunun maddi imkanı olmasına baxmayaraq, borcu ödəmir, bu isə icra sənədinin üzürsüz səbəbdən ödənilmədiyini sübut edir. İcra işində Borclu Bahadır oğlunun 2019-2021-ci illərdəki gəlirləri barədə məlumatlar, o cümlədən Dövlət Sosial Müdafiə fondunun arayışı vardır. Həmin sənədlərə əsasən, Borclu Bahadır oğlunun 2019-2021-ci illərdəki gəlirləri 1 mln. manata yaxın olmuşdur. Məhz buna görə də, onun həmin illər üzrə gəlirlərinin 1/3 hissəsi qədər ödəməli olduğu məbləğ hazırki borc həddindədir. Bundan başqa, Borclu Bahadır oğlu 2019-2021-ci illərdə "xxxx" ASC-dən 500 min. manatadək ödəniş almışdır. Həmçinin, bu işə birbaşa aidiyyatı olmasa da, iş materiallarında olan 28 avqust 2020-ci il tarixli nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi barədə barışıq sazişinin təsdiq edilmiş surətindən görünür ki, Borclu Bahadır oğlu tərəfindən Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)- 346/2020 saylı mülki iş üzrə iddialardan imtina etməsinə görə Tələbkar 230.000 manat pul verməyi öhdəsinə götürmüşdür. Lakin bu məbləğin aliment ödənişinə heç bir aidiyyatı yoxdur, bu saziş tərəflərin birgə əmlakının bölünməsi ilə bağlı olmuşdur. Amma elə bu saziş imzalanan kimi 230000 manat pulun Borclu Bahadır oğlu tərəfindən ödənilməsi, onun hazırki iş üzrə də borcu dərhal ödəməyə imkanı olmasını göstərir. Bütün bunlar onu sübut edir ki, Borclu Bahadır oğlunun borcu dərhal ödəməyə imkanı vardır. Bundan başqa, Xətai rayon Məhkəməsi 8(011)-889/2021 saylı 01.12.2021-ci il tarixli qərardadında qeyd edir ki, borclunun əmlakına həbs qoyulmuşdur. Amma məhkəmə nəzərə almamışdır ki, Borclu Bahadır oğluna məxsus “MERCEDES BENZ GL 500” minik markalı, **-LV- *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti məhkəməyə təqdim etdikləri qiymətləndirmə rəyinə əsasən cəmi 28000 manatdır, bu isə Borclu Bahadır oğlunun təqdimat tarixinə olan 251278.52 manat borcundan demək olar 10 dəfə azdır. Bundan başqa, Xətai rayon Məhkəməsi 8(011)-889/2021 saylı 01.12.2021-ci il tarixli qərardadında qeyd edir ki, Borclu Bahadır oğlunun hər ay 10500 manat aliment ödəyir, amma məhkəmə nəzərə almamışdır ki, bu məbləğin yarısı cari, yəni aylıq aliment ödənişinə, yalnız digər yarısı qalıq borcun ödənişinə hesablanır. Bundan başqa, Xətai rayon Məhkəməsi 8(011)-889/2021 saylı 01.12.2021-ci il tarixli qərardadında qeyd edir ki, guya tələbkar Borclu Bahadır oğlunun hər ay 10500 manat aliment ödəməsi ilə razıdır. Halbuki iş materiallarında bununla bağlı heç bir sübut yoxdur. Bütün bunlara və Borclu Bahadır oğlunun 251278.52 manat olmasına baxmayaraq, o, dəfələrlə xarici ölkələrə səfərlər edir və buna külli miqdarda vəsait xərcləyir, amma borcunu ödəməkdən boyun qaçırır. Beləliklə, hazırda Xətai Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, e-2(011)- 201/2020 saylı qətnaməsi üzrə Borclu Bahadır oğlunun ödənilməmiş külli miqdarda aliment borcu vardır. Bu borcu və bundan başqa Borclu Bahadır oğlunun cari aylıq aliment öhdəliyini nəzərə alsaq, əmək haqqından tutularsa hər ay ancaq təxminən 5000 manat həmin borc hesabına ödənildiyi üçün 5 ilə yaxın vaxt tələb olunur. Bu isə Xətai Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, e-2(011)-201/2020 saylı qətnaməsinin qərəzli icra olunmaması deməkdir, çünki aliment borcu dərhal ödənilməlidir, bu borcun ödənilməsi üçün heç bir möhlət verilməmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 8(011)-889/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 8(011)- 889/2021-ci il tarixli qərardadı ləğv edilməli və təqdimata yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, icra icraatı üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd olunan maddədən, habelə “İcra haqqında” Qanunun digər müddəalarından göründüyü kimi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, yalnız icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilmədiyi və zəruri icra hərəkətlərinin, o cümlədən borclunun bank hesablarında borcun yönələ biləcəyi pul vəsaitinin və digər əmlaklarının müəyyən edilməsi üzrə edilmiş hərəkətlərin hər hansı müsbət nəticə vermədiyi təqdirdə tətbiq edilməlidir. İş materiallarına görə Xətai rayon icra şöbəsinin icra məmuru Vüsal Umarovun 30 sentyabr 2021-ci il tarixli təqdimatına əsasən təqdimatın tarixinə Borclu Bahadır oğlunun əvvəlki dövrlər üçün ödənilməmiş aliment borcu 251278.52 manat təşkil edir. Həmin borcu dərhal ödəməyə Borclu Bahadır oğlunun maddi imkanı olması icra işində Borclu Bahadır oğlunun 2019-2021-ci illərdəki gəlirləri barədə məlumatlarla təsdiq olunmasına baxmayaraq, borcu ödəmir, bu isə icra sənədinin üzürlü səbəbdən icra olunmaması qənaətinə gəlinməsinə əsas vermir.. Bundan başqa, Borclu Bahadır oğlu 2019-2021-ci illərdə "xxxx" ASC-dən 500 min. manatadək ödəniş almışdır. Həmçinin, Xətai rayon Məhkəməsi 8(011)-889/2021 saylı 01.12.2021ci il tarixli qərardadında qeyd edir ki, borclunun əmlakına həbs qoyulmuşdur. Amma Borclu Bahadır oğluna məxsus “MERCEDES BENZ GL 500” minik markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti məhkəməyə təqdim etdikləri qiymətləndirmə rəyinə əsasən cəmi 28000 manatdır, bu isə Borclu Bahadır oğlunun təqdimat tarixinə olan 251278.52 manat borcundan demək olar 10 dəfə azdır. Daha sonra Xətai rayon Məhkəməsi 8(011)-889/2021 saylı 01.12.2021-ci il tarixli qərardadında qeyd edir ki, Borclu Bahadır oğlunun hər ay 10500 manat aliment ödəyir, amma məhkəmə nəzərə almamışdır ki, bu məbləğin yarısı cari, yəni aylıq aliment ödənişinə, yalnız digər yarısı qalıq borcun ödənişinə hesablanır. Həmçinin, Xətai rayon Məhkəməsi 8(011)-889/2021 saylı 01.12.2021-ci il tarixli qərardadında qeyd edir ki, tələbkar Borclu Bahadır oğlunun hər ay 10500 manat aliment ödəməsi ilə razıdır. Lakin iş materiallarında belə razılıqla bağlı heç bir sübut yoxdur. Beləliklə, Borclu Bahadır oğlunun borcu 251278.52 manat olmasını və bundan başqa Borclu Bahadır oğlunun cari aylıq aliment öhdəliyini nəzərə alsaq, əmək haqqından tutularsa hər ay ancaq təxminən 5000 manat həmin borc hesabına ödənildiyi üçün 5 ilə yaxın vaxt tələb olunur, halbuki, aliment borcu dərhal ödənilməlidir, bu borcun ödənilməsi üçün heç bir möhlət verilməmişdir. Birinci instansiya məhkəməsi təqdimatı rədd edərkən işin yuxarıda qeyd edilən hallarına qiymət verməmişdir. Beləliklə, Qərardaddan verilən şikayətdəki dəlillərin, eyni zamanda təqdimatda göstərilən, həmçinin yuxarıda sadalanan halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zərurətini nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və icra məmurunun təqdimatına yenidən baxılması üçün iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-889/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsal Umarovun təqdimatına yenidən baxılması üçün mülki iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar