Məhkəmə qərarları › İş №8(103)-23/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-23/2024

24.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-23/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-885/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qərardadından tələbkar Səfərov Sənan Adil oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Səfərov Sənan Adil oğlu şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Osmanlı Ruslan Tufan oğlunun Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1379/2023-027 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədinin icra edilməməsi ilə əlaqədar ona dəymiş maddi ziyanın müəyyən edilərək icra məmurundan tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1379/2023-027 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Hüseynov İman Əmirəhməd oğlundan 5579,33 manat alınaraq tələbkara verilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Osman Ruslan Tufan oğlu tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra işi Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru cənab Osmanlı Ruslan Tufan oğlunun icraatındadır. Borclu Hüseynov İman Əmirəhməd oğlu icra işi üzrə heç bir ödəniş etməyib. İcra sənədinin hazırki dövrədək icra olmamasının səbəbi icra məmurunun hərəkətsizliyi ilə bağlıdır. Belə ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1379/2023- 027 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Hüseynov İman Əmirəhməd oğlunun bərəsində məcburi gətirmə, axtarış elan edilməsi, ünvana baxış keçirilməsi və borclunun ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulması barədə tələbkarın ərizələrinin heç birinə baxılmamışdır, icra məmurunun bu hərəkətsizliyi qanunsuzdur və tələbkarın hüquqlarının pozulmasına gətirib çıxarır, bu hal icra məmuru qanunu bilmədikdə və yaxud qəsdən məhkəmə qərarını icra etmək istəmədikdə yaranır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-885/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan tələbkar Səfərov Sənan Adil oğlu şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Osmanlı Ruslan Tufan oğlunun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1379/2023-027 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsində hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədinin icra edilməməsi ilə ələqədar dəymiş maddi ziyanın müəyyən edilərək icra məmurundan tutulması barədə qərardad qəbul edilməsi üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilib, ərizəyə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-885/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-885/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-885/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır. Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 3-cü maddələri). Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda, icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Məhkəmə kollegiyası şikayətin “icra məmuru tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi” dəlillərinə münasibətdə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1379/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Hüseynov İman Əmirəhməd oğlundan 5579 (beş min beş yüz yetmiş doqquz) manat 33 (otuz üç) qəpik məbləğində pulun alınaraq iddiaçı Səfərov Sənan Adi oğluna ödənilməsi, cavabdeh Hüseynov İman Əmirəhməd oğlundan dövlət rüsumu kimi 75 (yetmiş beş) manat 79 (yetmiş doqquz) qəpik pulun alınaraq Dövlət Büdcəsinə ödənilməsi, cavabdeh Hüseynov İman Əmirəhməd oğlundan ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pulun tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir, qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir, xx.xx.2023-cü il tarixdə icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədi üzrə tələbin ödənilməsi məqsədilə qərar və “tələbin könüllü icrası haqqında” eyni tarixli Bildirişlə borcluya müraciət olunmuşdur, xx.xx.2023-cü il tarixdə “borclunun əmlakının axtarışı haqqında” qərar qəbul olunmuş, borclunun iş yerinin müəyyən edilməsi ilə bağlı tədbirlər görülmüş, borc məbləğinin bir hissəsinin ödənilməsi təmin edilmiş, borclunun izahatı alınmışdır, eyni zamanda hazırda da icra tədbirləri davam etdirilir, icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmişdir, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icra olunması məqsədilə borcluya bildiriş göndərilmiş, borclunun mülkiyyətində olan avtomobilin yerini müəyyən etmək mümkün olmadığından əmlak barəsində axtarış elan edilmişdir, hazırda da icra işi davam etdirilir, icra məmuru R.Osmanlının fəaliyyəti dövründə icra işi üzrə əməlində (hərəkət və hərəkətsizliyində) hər hansı bir pozuntu halları, onun tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya bildirir ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, icra sənədi üzrə borcluya məxsus “Pontiac” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmiş, həmin avtomobilin yerini müəyyən etmək mümkün olmadığından, borclu İ.Ə.Hüseynovun əmlakı barəsində axtarış elan edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli İnkasso sərəncamından görünür ki, borclu İ.Hüseynov tərəfindən Dövlət Büdcəsinə 30,38 manatın ödənilməsi təmin edilmişdir. İş materiallarında olan İ.Hüseynovun izahatından görünür ki, borclu səhhətində problem olduğunu, buna görə birinci qrup əlillik dərəcəsi təyin olunduğunu və heç bir fəaliyyətlə məşğul olmadığını, tək gəlirinin əlilliyə görə aldığı müavinət olduğunu, borcunu həmin müavinətdən hissə-hissə ödəyib qərarı icra edəcəyini bildirmişdir Belə olan halda kollegiya hesab edir ki, şikayət əsassızdır. Məhkəmə kollegiyası ərizəçinin “icra sənədinin icra edilməməsi ilə ələqədar ona dəymiş maddi ziyanın müəyyən edilərək icra məmurundan tutulması” tələbinə münasibətdə qeyd edir ki, şikayət üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən vurulmuş ziyanın ərizəçiyə ödənilməsi tələbi də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 47.1. Tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi, üçüncü şəxslərin mənzilinə daxil olma, orada baxış keçirmə, saxlama yerlərini açma və baxma məhkəmənin qərardadı əsasında həyata keçirilir. 47.2. Borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulması yalnız məhkəmənin qərardadı əsasında həyata keçirilir. 56.3. Borclu hüquqi şəxsin banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru bu Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür. 57.1. Borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

89. Tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Beləliklə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-885/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r а r а а l d ı:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-885/2023 saylı, 13 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar