Məhkəmə qərarları › İş №8(103)-230/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-230/2021

24.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-230/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Tələbkar Bəxyiyar oğlu, Borclu və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-17401/2017 saylı 22.12.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-177/2021 saylı işi üzrə 11.03.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-17401/2017 saylı, 22.12.2017-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri,Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 Q saylı evin sağ yan divarı boyunca aparılan tikinti işlərinin dayandırılması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Cəbiyev təqdimatla məhkəməyə müraciət edərək, həmin icra vərəqəsi üzrə Borclu məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmin təqdimat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 177/2021 saylı işi üzrə 11.03.2021-ci il tarixli qərardadı ilə təmin edilmiş, ünvan 1 ünvanında yaşayan Borclu Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın rədd edilməsini xahiş etmişdir. Şikayətdə qərardadda icra məmurunun onu çağırmasını təsdiq edən hər hansı poçt bildirişinə, xəbərnaməsinə istinad edilməmiş, hansı tarixdə icra məmuru çağırılmağı, hansı çağırışdan boyun qaçırmağı göstərilməmişdir. Qərardad aşağıdakılara əsasən ləğv edilməlidir.Belə ki, İcra haqqında Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Hazırda qeyd edilən icra sənədi üzrə icra məmuru tərəfindən ona hər hansı çağırış göndərilməmiş, birbaşa məhkəməyə müraciət edilmişdir. Məhkəmə isə təqdimata icra işində olan sənədlər əsasında baxmaq əvəzinə bunu etməmiş, hətta icra işinə baxış keçirməmiş, hər hansı poçt sənədinə, xəbərnaməyə istinad etməmişdir. Təqdimata əlavə olunmuş 27.01.2021-ci il tarixli Xəbərdarlıq ona göndərilməmiş, onun göndərilməsi və ya ona təqdim edilməsi barədə təqdimata hər hansı sənəd əlavə edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-17401 /2017 saylı, 22.12.2017-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 Q saylı evin sağ yan divarı boyunca aparılan tikinti işlərinin dayandırılması qərara alınmışdır. Bundan sonra icra məmuru Vüqar Alıyev 16.01.2018-ci il tarixdə əraziyə gəldi və müəyyən etdi ki, hər hansı tikinti işləri aparılmır, bununla bağlı akt tərtib edildi.Həmin vaxtdan bu günə kimi hər hansı tikinti işləri aparılmasa da, iş üzrə Tələbkar, icra məmuru ilə əlbir olaraq göstərməyə çalışırlar ki, guya iş aparılır. Qeyd edilənlər tamamilə yalan və böhtandır, divar boyunca hər hansı iş aparılmamışdır. İşə baxan məhkəmənin başqa bir qərəzi ondan ibarətdir ki, məhkəmə təqdimatın surətini ona verməmiş, MPM-nin 231.2-ci maddəsi üzrə təqdimata baxılmasına onu dəvət etməmiş, bu barədə hər hansı bildirişi ünvanına göndərməmiş, icra işində və məhkəmə portalında əlaqə telefonu olmasına baxmayaraq hətta sms belə göndərməmiş, dinlənmə hüququnu təmin etməmişdir ki, böhtan xarakterli təqdimatla bağlı dəlillərini bildirir. Məhkəmə təqdimata baxdıqdan sonra da onun surətini ona MPM-in 266.1-ci maddəsi üzrə müəyyən edilmiş 5 gün müddətində deyil, 20 gün sonra, 05.04.2021-ci il tarixdə poçt xidmətinə təhvil vermiş və poçtdan 09.04.2021-ci il tarixdə qəbul etsə də, ehtimal var ki, qərardad artıq icraya yönəldilmişdir. Gülünc doğuran hal ondan ibarətdir ki, məhz hu icra məmurunun icraatında olan və icra olunmayan, hərəkətsizlik etdiyi, kağız üzərində qalan məhkəmə qərarları bəlkə də yüzlərlədir və icra məmuru onları icra etmək əvəzinə, icra olunan icra sənədi ilə bağlı böhtan xarakterli təqdimat verir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-177/2021 saylı işi üzrə 16.04.2021-ci tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclunun vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, məcburi gətirilmə barədə qərardadın əsassız olduğunu, Binəqədi rayon İcra Şöbəsi tərəfindən borcluya hər hansı xəbərdarlıq və ya bildirişin verilmədiyini, birinci instansiya məhkəməsi tərəfindən hər hansı sənədə istinad edilmədən, borclu ilə əlaqə saxlanılmadan qərar qəbul edildiyini, tikinti işlərinin dayandırılması barədə qərardan sonra həmin ərazidə heç bir işin görülmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar Bəxyiyar oğlu apellyasiya şikayətini qəbul etməyərək, qarşı tərəfə xəbərdarlıq edildiyini və bu barədə məlumatlı olduğunu, borclu tərəfindən tikinti işlərinin dayandırılması barədə qərarın olduğunu, lakin tikinti işlərinin davam etdirildiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Binəqədi rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirib, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni çəkişmə şəraitində obyektiv həqiqətin müəyyən edilməsinə yönəlik mülki posessual hüquq prinsiplərinin tələbləri baxımından əsaslı hesab etməyərək və şikayətin dəlilləri üzrə İcra haqqında” Qanunun 8, 26, 84.2, Mülki Prosesual Məcəllənin 385.1,387.1, 387.2.4, 397.2, 398.0.2, 399-cu maddələrinə istinadən hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli təqdimata yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında əks olunmuş istinadların işin həqiqi hallarına uyğun gəlməsi və onların sübuta yetirilməsi qənaətinə gəlmədiyindən, tərəflərin və maraqlı şəxslərin iştirakının təmin edilməsi, icra sənədinin icrası ilə bağlı icra işinə nəzarət qaydasında onun vəziyyətini və onların dəlillərinin araşdırılmasını, icra sənədinin icrası ilə bağlı borclunun məlumatlandırılmasını və borclunun üzrsüz səbəbdən yayınmasını və onun hüquqi nəticələrini, habelə digər məcburi icra tədbirlərin görülməsinin və təqdimatın əsaslığının yoxlayaraq səlahiyyəti həddində əsaslı qiymət verilməsini zəruri bilir. Birinci instansiya məhkəməsi qərardad qəbul edərkən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü ödəməsi barədə qərarın və bildirişin (xəbərdarlığın) göndərilib-göndərilməməsi, icra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə xəbərdarlıq edilməsi və onun icradan yayınması, yaşadığı ünvana çağırış vərəqəsi göndərilsə də, icra yerinə gəlməməsi kimi iş üzrə əhəmiyyətli faktlara lazımi diqqət yetirməmiş və bu barədə ətraflı araşdırma aparmamışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-177/2021 saylı işi üzrə 11.03.2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyev tərəfindən tərtib edilmiş təqdimata yenidən baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar