Məhkəmə qərarları › İş №8(103)-231/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-231/2021

26.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-231/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Tələbkar MMC-nin vəkili X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadından Tələbkar MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 35.000 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq, Tələbkar MMC-yə ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru, 22 fevral 2021-ci il tarixdə məhkəməyə təqdimat verərək, borclu xx.xx.1983-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, icra sənədinin icrasına müvafiq qərarla başlanılmış və borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmiş, lakin borclu icranı könüllü təmin etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Tələbkar MMC, şikayət verərək, qərardadın ləğv, təqdimatın təmin olunması barədə yeni barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə təqdimatda göstərilən halları araşdırmadan, icra sənəsi əsasında başlanmış icra işini tələb etmədən, habelə icra məmurunun və tələbkarın səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədən təqdimatı əsassız hesab etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi, 12 aprel 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın vəkili, şikayətin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, tələbkarın vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi, qanun borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. Bu məhdudiyyətin tətbiqi üçün qanunvericilikdə əlavə şərtlər də nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 1) könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. 2) İcra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir. 3) Borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Adı çəkilən Təlimatın 2.4-cü bəndinə əsasən, təqdimata borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubun) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Birinci instansiya məhkəməsi, bu barədə təqdimatı rədd edərkən, mövqeyini təqdimatda borclu barəsində məlumatların ətraflı göstəriləməməsi, borclunun icra sənədi üzrə borcunu üzrsüz səbəbdən icra etməməsinin kifayət qədər əsalandırılmaması, icra məmurunun borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməsinin iş materialları ilə müəyyən edilməməsi ilə əsaslandırılmışdır. Kollegiya, rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmır, ona görə ki, təqdimatdan və ona əlavə olunmuş sənədlərdən borclu barədə məlumatlar (borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı) və icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi aydın şəkildə müəyyən olunur. Belə olan halda, Kollegiya hesab edir ki, məhkəmədə bu hallarla bağlı əsaslı şübhələr olduğu halda, borclunun icra sənədinin icrasını təmin etməməsinin səbəblərini və onun əmlakının axtarılması üçün bütün icra tədbirlərinin həyata keçirməsini müəyyən etmək üçün icra sənədi üzrə icra işini tələb edə, eyni zmanada borclunun, tələbkarın, həmçinin icra məmurunun məhkəmə iclasında iştirakını təmin etməklə bu hallar barədə onların izahatlarını dinləyə bilərdi. Lakin iş materiallarından görünür ki, həmin məsələlər birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Odur ki, Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı ləğv olunmalı, təqdimata yenidən baxılması üçün iş rayon məhkəməsinə qaytarılmalı, yuxarıda göstərilən hallar üzrə araşdırma aparılmaqla təqdimata hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələnkar Tələbkar MMC şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-172/2021 nömrəli, 11 mart 2021ci il tarixli qərardadı ləğv edilsin və təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar