Məhkəmə qərarları › İş №8(103)-231/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-231/2024

20.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-231/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə icazə verilməsinə dair həmin məhkəmənin 21 may 2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə yaranmış borcun hissəhissə icra edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, ondan iki uşağın saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmaqla qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin alınıb Tələbkar verilməsi qət edilmiş, tərəfindən qətnamədən apellyasiya və kassasiya şikayətləri verilsə də şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə çıxdığı müddətdə o, "xxxx" MMC-də işləyirdi, lakin xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir, işlədiyi müddətdə maaşının 1/3 hissəsi avtomatik qaydada tutulurdu, sonra işləmədiyi üçün aliment ödəmək imkanı olmamış, buna görə də müəyyən məbləğdə borcu yaranmışdır. Uşaqlarını düşünərək və məhkəmə qətnaməsinin icra olunmalı olduğunu bildiyindən bəzi aylarda yaranmış borca görə daha yüksək ödənişlər etmişdir. Son 6 ay ərzində 5210 manat ödəmişdir, hal-hazırda hər ay 440 manat ödəniş edir, buna baxmayaraq 3736 manat aliment borcu yaranmışdır. Tələbkar və icra məmuru bu borcu birdəfəlik ödəmə şəklində icra olunmasını tələb edirlər, lakin onun buna maddi imkanı çatmır. Hər ay 440 manatı çətinliklə ödəyir, yaranmış borca görə əlavə 300 manat ödəniş etmək imkanı vardır. Ona görə də qətnamənin icrasına nail olmaq üçün hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar çıxarılmsını xahiş edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli qətnamə üzrə yaranmış borcun borclu X2 tərəfindən ödənilib qurtaranadək, qətnamənin hər ay 740 manat olmaqla hissə-hissə icra edilməsi qərara alınmışdır. Həmin qərardaddan Tələbkar verdiyi şikayət məhkəmənin 04 iyun 2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, alimentlə bağlı qətnamə dərhal icra olunmalı olduğu halda Ələddin Bayramov heç bir əsas olmadan ödəmə həyata keçirməmişdir. Uşaqlar uzun müddətdir tələbkarla qalır, kirayədə yaşayırlar, Ələddin Bayramov isə nikah dövründə adlıqları evdə yaşayır, adına bir çox daşınmaz əmlaklar var, bahalı avtomobil idarə edir, "xxxx" MMC-nin təsisçisi özüdür və aliment ödəməmək üçün borcdan yayınır. Məhkəmə kollegiyası ərizə üzrə toplanmış materialı tədqiq edərək belə qənaətə gəlir ki, şikayət təmin edilərək mübahisələndirilən qərardad ləğv edilməli və qətnamənin hissə-hissə icra edilməsinə icazə verilməsi barədə X1 ərizəsi təmin olunmamalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın icranın qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, uşaqların saxlanılması üçün tutulmalı olan və bilavasitə borclunun vaxtında ödəməməsi səbəbindən çoxalmış (yığılmış) aliment borcunun hissəhissə ödənilməsi uşaqların mənafeyinə uyğun olmamaqla yanaşı, ümumiyyətlə borclunun əmlak vəziyyətinin qətnamənin icrasına maneə törədəcək şəkildə aşağı olmasını təsdiq edəcək hər hansı sübut da məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-564/2024 saylı iş üzrə 21 may 2024-cü il tarixli qərardadı ləğv edilsin və həmin məhkəmənin 12 aprel 2023-cü il il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə icazə verilməsi barədə X1 ərizəsi təmin olunmasın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar