Məhkəmə qərarları › İş №8(103)-231/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-231/2025

27.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-231/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Nərimanov Rayon Məhkəməsinin 8(005)-12/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Nərimanov Rayon Məhkəməsinin 8(005)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu X3 Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun hərəkətlərindən verdiyi şikayət təmin edilmişdir.

2. Qeyd edilən qərardaddan Nərimanov rayon İcra şöbəsinin verdiyi şikayət Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilmiş, xx.xx.2025-ci il tarixli qərardad ləğv edilmiş, Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun hərəkətlərindən borclu L.Ağayevin verdiyi şikayət təmin edilməmişdir.

3. Həmin qərardaddan borclunun verdiyi şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

7. Borclu məhkəməyə ərizə verərək işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir.

8. Kollegiya hesab edir ki, işə şifahi icraat qaydasında baxılması üçün əsaslar mövcud deyil.

9. Rayon məhkəməsinin mübahisələndirilən qərardadında qeyd edilmişdir ki, müəyyən edilən hallardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-6113/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin surətindən görünür ki, cavabdeh X2 21000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X1 ödənilməlidir. Abşeron rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-6113/2017 saylı, xx.xx.2017- ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Həmin tarixdə borcluya bildiriş göndərilərək, könüllü icra üçün 10 gün müddət verilmiş, əks təqdirdə icra sənədinin məcburi qaydada icra ediləcəyi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin borcludan tutulacağı barədə xəbərdar edilmişdir. İcra sənədi könüllü icra edilmədiyi üçün məcburi icra tədbirləri həyata keçirilmiş, tutma borclunun pensiyasına yönəldilmişdir.

10. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

11. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

12. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İcra haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.

13. “İcra haqqında” Qanunun 43.1-ci maddəsinə uyğun olaraq, məcburi icra tədbirlərinə aiddir: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.

14. Həmin Qanunun 45.2-ci maddəsinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür.

15. Eyni Qanunun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir.

16. “İcra haqqında” Qanunun 78-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. İcra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır. İcra ödənişinin məbləğinin 25 faizi dövlət büdcəsinə, qalan hissəsi isə icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. İcra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənəd ləğv edildikdə, icra ödənişi borcluya qaytarılır.

17. Qeyd edilən normalar da göründüyü kimi icra məmuru icra sənədinin məcburi icrasına görə məcburi icra ödənişinin alınması barədə qərar qəbul edə bilər və icra ödənişinin alınması ilk dəfə icraya yönəldiləndə alınmalıdır. Hazırki işdən isə müəyyən olunur ki, icra sənədi ilk dəfədir ki, icraya yönəldilmiş, borcluya könüllü icra haqqında bildiriş göndərilmiş, lakin icra sənədi könüllü icra edilməmiş və məcburi icra tədbiri ilə icra sənədinin məcburi icrası təmin edilmişdir. Demək ki, icra məmurunun məcburi icra ödənişlərinin tutulması barədə qərarı qanuni vəsaslı olmuşdur.

18. Göründüyü kimi, icra məmurunun qərarı qanunvericiliyə uyğun olduğundan, Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi son olaraq borclunun şikayətini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

20. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

21. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Borclu X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 8(005)-12/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar