Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-232/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-223/2021 saylı, 19.03.2021-ci il tarixli qərardadından Bakı şəhər Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1504/2018 saylı, 09 fevral 2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ilə birgə nikahda olan X2 adına aşkar olunmuş “Peugeot 406” markalı, 10-RA406 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1504/2018 saylı, 09 fevral 2018-ci il tarixli icra sənədinə əsasən Borclu 11498,08 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir.İcra vərəqi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş verilsə də, tələb təmin edilməmişdir. “Elektron-icra” sistemində Borclu hesablarında pul vəsaitinin olması aşkar edilməsə də, onunla birgə nikahda olan X2 adına “Peugeot 406” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-223/2021 saylı, 19.03.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1504/2018 saylı, 09 fevral 2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ilə birgə nikahda olan X2 adına aşkar olunmuş əmlakın üzərinə həbs qoyulmasına dair Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatı təmin edilməmişdir. Bakı şəhər Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 həmin qərardaddan şikayət verərək, ləğv edilməsi və təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-223/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması vaxtı və yeri haqqında tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiya məhkəməsi, onların iştirakı olmadan şikayətlərə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin Qanunun 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasının təmin etmək üçün həbs qoyulur. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, borcluya məxsus əmlakın üzərinə həbs qoyulmasının məqsədi tutmanın həmin əmlaka yönəldilməsi yolu ilə tələbin təmin edilməsidir. Təqdimat isə onunla əsaslandırılmışdır ki, borclunun arvadının adına avtomobil aşkar edilmişdir və ehtimal edilir həmin əmlak ümumi birgə mülkiyyətdədir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəla avtomobilin mülkiyyətçisinin borclunun arvadı olmağı həmin avtomobilin birgə mülkiyyət hesab edilməsi üçün kifayət deyildir. Bu barədə ər-arvadın ümumi mülkiyyətinə dair Mülki Məcəllənin 225-ci maddəsində anlayış verilmişdir. Bundan başqa avtomobil birgə mülkiyyət hesab edilsə belə, paylar müəyyən edilmədən həmin əmlaka tutma yönəldilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. X1 Borclu ilə nikahda olması o demək deyil ki, qeyd olunan avtomobil onların ümumi birgə mülkiyyətindədir yaxud birgə nikah dövründə əldə edilmişdir. Bu hal iş materialları ilə təsdiq olunmur. Bu cür vəziyyətdə, yəni borclu olmayan şəxsin avtomobilin üzərinə həbs qoyula bilməz. İkincisi, "İcra haqqında" Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Təqdimata borclunun pul vəsaitlərinin və başqa sərvətinin olmamasına dair hər hansı bir sübut əlavə edilməmişdir. Borclunun pul vəsaitlərinin olmasını tələbkar da inkar etmir. Üçüncüsü, “İcra haqqında" Qanunun 48.1-ci maddəsinə əsasən tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Demək bu normada borclunun başqa əmlakı kifayət etmədikdə, tələbin girov qoyulmuş əmlaka yönəldilməsini mümkün edir. Borclunun başqa əmlakının ümumiyyətlə olub-olmaması isə təqdimatdan və əlavə edilmiş sənədlərdən görünmür. Bu cür vəziyyətdə tələbin ilk növbədə borclu ilə nikahda olan şəxsin mülkiyyətində olan avtomobilə yönəldilməsinə dair təqdimat verilməsi isə anlaşılan olmamışdır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-223/2021 saylı, 19.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-223/2021 saylı, 19.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-232/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-232/2021
24.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver