Məhkəmə qərarları › İş №8(103)-233/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-233/2021

25.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-233/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 8(001)-209/2021 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun 28 iyul 2020-ci il tarixli icraata başlamaq haqqında qərarından şikayət verərək göstərmişdir ki, Bakı şəhər Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov ona qarşı icraata başlamaq haqqında qərar qəbul etmişdir. Həmin qərara əsasən icra məmuru tərəfindən müəyyən olunmuşdur ki, o və digər cavadehlər X9, X4 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68-də yerləşən 11 saylı evin 87 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməli və həmin mənzil boşaldılmalıdır. Sözü gedən icra məmuru Bəxtiyar İsmayılovun qərarından narazıdır və hesab edir ki, məhkəmə tərəfindən şikayəti təmin olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi qətnamə qəbul edərkən qərəzli qanunvericilik normalarını kobud şəklində pozaraq qətnamə qəbul etmişdir. Həmçinin Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verərək, iddiaçı “xxxx” ASC-nin ona və digər cavabdehlərə qarşı qaldırdığı mənzil də istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbi barədə qətnamə dəyişdirilmədən qüvvədə qalmışdır. Bununla bağlı o, Bakı Apelyasiya Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(103)-1115/2020 saylı qətnaməsindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti vermiş, lakin Ali Məhkəmə onun kassasiya şikayətini təmin etməyərək Bakı Apelyasiya Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(103)-1115/2020 saylı qətnaməsini qüvvədə saxlamışdır. Bunun nəticəsində mülki iş Binəqədi rayon icra və probasiya şöbəsinə icraya yönləndirilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 8(001)- 209/2021 saylı qərardadı ilə X2nun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6878/2019 saylı, 19 noyabr 2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun icraata başlamaq haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməmişdir. X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 8(001)- 209/2021 saylı qərardadından şikayət vərərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 8(001)-209/2021 saylı qərardadı əsassız və qanunsuzdur. Belə ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ona və digər cavabdehlərə qarşı qaldırdığı iddiası təmin olunaraq qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən vətəndaşın adına bir mənzil olduqda həmin mənzil hərraca çıxarıla bilməz. Buna baxmayaraq, məhkəmə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68-də 11 saylı evin 87 saylı mənzilini “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə hərraca çıxardaraq onu və ailə üzvlərini həmin evdən çıxarılmasını tələb etmişdir. Bu cür qanun pozuntuları vətəndaşlar üçün böyük problemlər və mənzil olmadığından fəlakətlər yaradır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 8(001)-209/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6878/2019 saylı, 19 noyabr 2019- cu il tarixli icra vərəqəsindən görünür ki, X6, X3, X1 və X5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəllə 5057/68-də yerləşən 11 saylı evin 87 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və həmin mənzilin boşaldılması qət edilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun 28 iyul 2020-ci il tarixli qərarının və bildirişin surətindən görünür ki, icra məmuru 23 iyul 2020-ci il tarixində icraatına daxil olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6878/2019 saylı, 19 noyabr 2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin 10 gün müddətində könüllü icrası barədə bildiriş və qərar poçt vasitəsilə və şəxsən borcluya göndərilmişdir. Qərarda texniki səhv olaraq tarix 28 iyul 2020-ci il göstərilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov tərəfindən X7 göndərilən 22 fevral 2021-ci il tarixli, 17/68-97619-1 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, borcludan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6878/2019 saylı, 19 noyabr 2019-cu il tarixli icra sənədinin tələblərini 10 gün müddətində təmin edilməsi və bu barədə Binəqədi rayon icra şöbəsinə məlumat verilməsi, əks təqdirdə barəsində İXM-nin 528-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim ediləcəyi barədə xəbərdar edilmişdir. Xəbərdarlıq məktubu borclu tərəfindən 22 fevral 2021-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan X5 22 fevral 2021-ci il tarixli izahatından görünür ki, onun, atası Qərib Zeynalov rəhmətə getdiyi üçün başı qarışıq olduğu üçün məhkəmə qararının icrasını təmin edə bilməmişdir. Hazırda həmin ünvanda yəni mənzildə o, və digər ailə üzvləri ilə birlikdə yaşayır. Mənzili boşaltmaq üçün ona və ailə üzvlərinə bir ay vaxt lazımdır. O və ailə üzvləri tələbkar olan “xxxx” ASC-yə müraciət edəcəklər. O, və digər ailə üzvləri öz məsuliyyətlərini dərk edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinin birinci hissəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, icra məmuru tərəfindən icra hərəkətləri icra qanunvericilyinin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə ki, icra qanunvericiliyinin normalarına əsasən icra məmuru icra sənədini aldığı gün icraata başlamaq haqqında qərar qəbul etmiş, həmin qərarı borcluya, habelə icra sənədini vermiş məhkəməyə göndərmişdir. Eyni zamanda borclulara icra sənədində göstərilmiş tələblərin könüllü icrası üçün bildiriş göndərilmiş, əks təqdirdə göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi bildirilmişdir. Həmin bildiriş və xəbərdarlıq X8 tərəfindən rəsmi qaydada qəbul edilmiş və icra şöbəsində izahat verərək mənzili boşaltmaq üçün ona və ailə üzvlərinə bir ay vaxt lazım olduğunu, onun və ailə üzvlərinin “xxxx” ASC-yə müraciət edəcəklərini, həmçinin öz məsuliyyətlərini dərk etdiyini bildirmişdir. Belə olan halda, icra məmuru qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri yerinə yetirmiş, borcluların hüquqlarının pozulmasına yönələn hər hansı bir hərəkət edilməmişdir. Beləliklə, şikayətin əsassız olması nəticəsinə gələn məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 8(001)- 209/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 8(001)-209/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar