Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-233/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, X1 “alimentin tutulmasının alimentin artırılması barədə ərizə verildiyi tarixdən hesablanması” barədə ərizəsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-302/2025 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qətnaməsi üzrə alimentin tutulmasının əvvəlinin 02 iyun 2020-ci ildən, yəni alimentin miqdarının artırılması barədə ərizə verdiyi tarixdən hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-302/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. X2 həmin qərardaddan şikayət vermiş, şikayəti – qərardadın əsassız olması, prosessual hüquq normalarının tələblərini pozulması, ərizənin icraata qəbul edilməli olması, Nərimanov rayon Məhkəməsinin xx.xx.2020 nömrəli qətnaməsinin hansı tarixdən qüvvəyə minməsi barədə digər məhkəmə aktları ilə düzgün qiymət verilməməsi, Ali Məhkəmənin Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı əsas götürülməklə araşdırma aparılmalı olması, iddianın yolverilməzliyinə dair prosessual qanunvericliyin tələblərinin düzgün tətbiq olunmaması və s. kimi əsaslandırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)- 302/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi, iddia ərizəsini qəbul etməkdən imtina edərkən mövqeyini onunla əsaslandırmışdır ki, hazırda tələbkar Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qərarı üzrə alimentin tutulmasının 02 iyun 2020-ci ildən, yəni alimentin miqdarının artırılması barədə ərizə verdiyi tarixdən hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin, qeyd olunan qətnamə ilə alimentin tutulmasının əvvəlinin məhz qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq hesablanmalı olması (“qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Borclu xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ümumi olaraq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınaraq iddiaçı X7 ödənilməsi”) qət edilmişdir. Göründüyü kimi artıq məhkəmə tərəfindən alimentin miqdarının artırılmasının hansı tarixdən hesablanması məsələsinə hüquqi qiymət verilmişdir. Belə olan halda, ərizənin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması yolverilməzdir, buna görə də ərizənin icraata qəbul olunmasından imtina olunmalı, ərizəyə əlavə olunmuş sənədlər ərizəçinin özünə qaytarılmalıdır. MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, işdə olan məhkəmə aktlarına əsasən, artıq alimentin alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq hesablanmalı olması öz əksini tapmış, eləcə də ərizəçinin şikayətdəki dəlilinə hüquqi qiymət verilmişdir. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2214/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X8 cavabdeh Borclu qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1735/2018 nömrəli qətnamsəi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Borclu xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ümumi olaraq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınaraq iddiaçı X7 ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bundan başqa, ərizəçinin tərəfindən qeyd olunanlara əsasən borclu tərəfindən aliment borcunun azaldılması və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin qüvvəyə mindiyi tarixdən hesablanması barədə ərizəsi Quba Rayon Məhkəməsi tərəfindən təmin olunmuş, həmin qərardaddan tələbkar tərəfindən verilmiş şikayət isə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(105)-150/2025 nömrəli qərardadı ilə təmin olunmamışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik - res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. MPM-nin 13.4-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. MPM-nin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəsini icraata qəbul etməkdən imtinası əsaslıdır, şikayətin dəlilləri isə qərardadın ləğvi üçün əsas təşkil etmir. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 “alimentin tutulmasının alimentin artırılması barədə ərizə verildiyi tarixdən hesablanması” barədə ərizəsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-302/2025 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 302/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-233/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-233/2025
27.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver