Məhkəmə qərarları › İş №8(103)-235/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-235/2021

21.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-235/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, cavabdeh Borclu iştirakı ilə, iddiaçı X1 tərəfindən verilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-443/2020 nömrəli iş üzrə 20.02.2020-ci il tarixli qətnaməsinin izah edilməsi barədə ərizəyə dair iş üzrə Suraxanı Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli qərardadından cavabdeh Borclu verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Arzu İsayevanın ərizəsi təmin olunsun, Suraxanı Rayon Məhkəməsinin 2(010)-443/2020 nömrəli iş üzrə 20.02.2020-ci il tarixli qətnaməsinə izah verilsin ki, qətnamədəki “iddiaçı Arzu İsayevanın Bakı şəhəri, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 1 saylı ATS-in inzibati binasının həyətindəki yataqxananın 5 saylı otağından istifadə etməsinə cavabdeh Borclu tərəfindən yaradılan maneələr aradan qaldırılsın” məzmunlu göstəriş ümumi istifadə üçün nəzərdə tutulmuş mətbəx və sanitar qovşaqdan istifadəyə maneələrin aradadan qaldırılmasını da nəzərdə tutur. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsassızdır. Belə ki, qətnamədə qət olunub ki, iddiaçının həmin yataqxanadakı 5 saylı otaqdan istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Birinci instansiya məhkəməsi düzgün olaraq izah verib ki, qətnamənin həmin göstərişi ümumi istifadə üçün nəzərdə tutulmuş mətbəx və sanitar qovşaqdan istifadəyə maneələrin aradadan qaldırılmasını da nəzərdə tutur. Çünki mətbəx və sanitar qovşaqdan istifadəyə yaradılan maneələr nəticə etibirilə otaqdan istifadəyə mane olur: mətbəx və sanitar qovşaqdan istifadə etmədən otaqdan istifadə mümkün deyil. Ona görə də məhkəmə Mülki- Prosessual Məcəllənin 230-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar