Məhkəmə qərarları › İş №8(103)-235/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-235/2022

05.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-235/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X4 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına baxılmasına dair həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 8(004)-386/2022 saylı qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 159800 ABŞ dolları tutularaq X3 ödənilməlidir, icra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə iş üzrə borclunun mülkiyyətində hər-hansı dəyərli əmlakın və ya gəlirlərin olub-olmaması məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Həmçinin həyata keçirilmiş digər zəruri icra tədbirləri ilə yanaşı iş üzrə borclunun əmək haqqından hər ay 50% (əlli faiz) tutulması üçün “X7 Azerbaijan” MMC-yə xx.xx.2021-ci il tarixdə müraciət olunmuşdur. Əmək haqqındnan tutulmalar və iş üzrə borclu tərəfindən əlavə ödənişlər hesabına bu günə qədər şöbənin depozit hesabına cəmi 17501,1 manat daxil olmuşdur. Borclu haqqında inzibati qaydada protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 3(004)-1862/2020 saylı xx.xx.2020-ci tarixli qərarına əsasən 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Tələbkar X2 nümayəndəsi xx.xx.2020-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbir görülməsini xahiş etmiş və bununla əlaqədar xx.xx.2021-ci il tarixdə “borclunun cinayət məsuliyyətinə cəlb edilməsi barədə” təqdimat Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi üçün aidiyyatı üzrə müraciət edilmiş və xx.xx.2021-ci il tarixdə ********* nömrəli cinayyət işinin başlandığı müəyyən edilmiş, lakin həmin cinayət işinin icraatına xx.xx.2021-ci tarixli qərarla əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə uyğun olaraq xitam verilmişdir. Həmçinin əldə olunan məlumata əsasən Borclu ölkəni tez-tez tərk edir, belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra vərəqəsi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədəmüvafiq hesab etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 8(004)-386/2022 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə borclunun şikayəti təmin olunmayaraq, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, işi ilə bağlı ölkə xaricinə işgüzar səfərlər edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə 11 fevral 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” 29 iyul 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın. Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə isə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Kollegiya qeyd edir ki, “İcra haqqında” Qanun, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. Hazırki işin hallarından isə görünür ki, borclu icra sənədi haqqında məlumatı var və ona könüllü icra üçün vaxt verilmiş, lakin bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı tam olaraq həyata keçirməmişdir. İcra sənədinə əsasən borcludan tələbkarın xeyrinə 159800 ABŞ dolları tutulmalı olduğu halda, borclu tərəfindən bu günə qədər şöbənin depozit hesabına cəmi 17501,1 manat ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, borclunun ölkə hüdudlarından çıxması borcun ödənilməmiş, icra sənədinin isə icra olunmadan qalmasına gətirib çıxara bilər. Bu səbəbdən kollegiya borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmasını məqsədəmüvafiq hesab etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclunun şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 8(004)- 386/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar