Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-235/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(011)-606/2024 nömrəli iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qəbul etdiyi 10 iyun 2024-cü il tarixli qərardaddan Borclu verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2956/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 76, 32 saylı mənzilə Tələbkar və Borclu hər birinin 1/2 hissədə payları müəyyən olunmalı, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə Tələbkar 2/3 hissədə, Borclu 1/3 hissədə payları müəyyən olunmalı, “İnfiniti” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 2.500 manat məbləğində pul Borclu alınaraq Tələbkar ödənilməli, dövlət rüsumu qismində ödənilmiş 50 manatın əvəzi Borclu alınaraq iddiaçı Tələbkar ödənilməli, 45 manat dövlət rüsumu Borclu alınaraq Dövlət büdcəsinə ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat Tələbkar alınaraq Borclu ödənilməlidir. İcra vərəqəsində tələbkar kimi Tələbkar, borclu kimi isə Borclu göstərilmişdir. İcra vərəqəsi aidiyyəti üzrə icra olunması üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla Xətai Rayon Məhkəməsinə müraciət edərək icra vərəqəsinin icrasının təmini məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borclu həmin qərarı və bildirişi qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə borclu izahat verərək, borcundan heç bir ödəniş etmədiyini, hazırda analıq məzuniyyətində olduğunu, imkanı olduğunda ödəyəcəyini bildirmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. İş üzrə borclu təqdimata qarşı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, icra sənədi borclu tərəfindən üzrlü səbəblərdən icra edilmədiyindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas yoxdur. Belə ki, borclu xx.xx.2023-cü il tarixdə üçüncü dəfə ana olmuş və bununla əlaqədar olaraq üç illik analıq məzuniyyətinə buraxılmışdır. Bu səbəbdən borclu hazırda işləmir və heç bir yerdən hər hansı maddi gəliri yoxdur. Bundan başqa, borclu, yeni doğulmuş övladının xəstəlikləri ilə əlaqədar olaraq bütün xırda gəlirlərini də uşağın müalicəsinə xərcləyir. Bundan əlavə, borclunun mülkiyyətində daşınmaz əmlaklar var. İcra sənədi üzrə tələb həmin əmlaklara yönəldilə biləcəyi halda hazırki təqdimatın verilməsi əsassızdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Batista İtaliyaya qarşı” iş üzrə qəbul etdiyi qərarda bildirmişdir ki, şəxsin borclu olduğu məbləği ödəmək iqtidarında olub-olmadığını nəzərə almadan borcun ödənilməməsi ilə bağlı ölkədən getməyin məhdudlaşdırılmasının avtomatik tətbiq edilməsi “Avropa İnsan Hüquqları Konvensiyasının” 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, borclu hazırda Gədəbəy rayonun Qaraməmmədli kəndində qeydiyyatda olmaqla orada daimi yaşayır. Bu barədə icra məmuruna yazılı məlumat versə də, icra məmuru icra sənədini borclunun yaşayış yeri üzrə Gədəbəy Rayon İcra Şöbəsinə göndərmir. Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixdə qəbul etdiyi qərardadla təqdimatın təmin edilməsini qərara almışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Təqdimata qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırılmış şikayətdə həmçinin qeyd edilmişdir ki, Rayon Məhkəməsi işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qərardad qəbul etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və şikayətə baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” icra məmurunun təqdimatına yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, icra məmuru tərəfindən verilmiş təqdimatda qeyd edilən hallar təqdimata əlavə edilmiş sənədlər ilə, borclunun yeni doğulmuş uşağı və əmlaklarının olması halları borclunun təqdimata verdiyi etiraza, qərardaddan verdiyi şikayətə əlavə edilmiş və apellyasiya baxışı zamanı Məhkəməyə təqdim edilmiş sənədlər ilə təsdiq edilir. Borclunun təqdimata etirazında qeyd etdiyi dəlillər işin düzgün həlli üçün əhəmiyyətlidir. Bu səbəbdən həmin dəlillər məhkəmə tərəfindən tam araşdırılmalı və öz təsdiqini tapmış olduğu halda, məhkəmə tərəfindən qəbul edilməməsinin səbəbləri qərardadda ətraflı şərh edilməlidir. Lakin Rayon Məhkəməsi hesab etmişdir ki, borclunun analıq məzuniyyətində olması icra sənədinin üzrlü səbəbdən icra edilməməsi anlamına gəlmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi qanunverici ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin tətbiqinin zəruri şərtlərindən biri kimi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qeyd edilmişdir. İcra sənədinə diqqət yetirdikdə, Borclu tərəfindən icra edilməli tələb 2.550 manatın Tələbkar, 45 manatın isə dövlət büdcəsinə ödəniş edilməsindən ibarətdir. Əmlaklar üzərində payların müəyyən edilməsi hissəsində icra sənədinin icrası vəzifəsi borclunun deyil, daşınmaz əmlak üzərində dövlət qeydini aparmalı olan vəzifəli şəxslərin üzərinə düşür. Borclunun xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək qismən ödənişli sosial məzuniyyətə buraxılması, həmin müddətdə borclu tərəfindən icra sənədinin icra edilməməsinin hər bir halda üzrlü səbəb olması anlamına gəlmir. Əks yanaşma məhkəmə qətnaməsinin uzun müddət icrasız qalmasına səbəb ola bilər. İcra sənədinin üzrlü səbəbdən icra edilib-edilməməsi halının müəyyən edilməsi üçün borclunun icra sənədinin icrasına olan real münasibəti əsas götürülməlidir. Belə ki, icra sənədi o zaman üzrlü səbəbdən icra edilməmiş ola bilər ki, borclu icra sənədini icra etmək istəyində olsun, bunun üçün səy göstərsin, icra məmurunun çağırışlarına imkan daxilində vaxtında gəlsin, icra sənədinin icrası üçün icra məmuruna lazımi köməklikləri göstərsin, lakin onun iradəsindən asılı olmayan səbəbdən icra sənədinin icrası mümkün olmasın. İcra sənədinin icrasından qərəzli yayınma isə qeyd edilənlərin əksinə borclunun tələbi icra etməmək və bundan yayınmağa yönəlmiş qərəzli hərəkətlərində ifadə olunur. Hazırki iş üzrə icra sənədinin üzrlü səbəbdən icra edilməməsi halı müəyyən edilmir. Məhkəmə qeyd etməyi lazım bilir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması tədbiri məcburi icra tədbiri hesab edilmir, borclunun tələbi üzrsüz səbəbdən icra etməməsinə görə məruz qaldığı məsuliyyət tədbiri kimi nəzərdən keçirilməlidir. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması tədbirinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun məcburi icra tədbirlərinə aid fəsillərdə deyil, “məhkəmə və digər orqanların qərarlarının icrası haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət” fəslində yer alması heç də təsadüfi deyil. Odur ki, mülkiyyətində tutma yönəldilə biləcək əmlakı olan borcluya münasibətdə (icra sənədinin özü əmlak üzərində payları müəyyən etməklə belə əmlakın olduğunu təsdiq edir) məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi Qanunun 44-cü maddəsində göstərilmiş icra sənədinin icra məmuruna təqdim olunması; icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi halları borclunun məsuliyyətə cəlb edilməsi üçün yetərli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, əmlaka tutma yönəldilməsi borclunun deyil, icra məmurunun hərəkətlərinə bağlıdır. Bu mənada tələbi icra etməsi üçün yetərli aylıq qazancı olmayan borclu icra məmurundan tutmanın onun əmlakına yönəldilməsi üçün zəruri addımları atmağı tələb etməkdə haqlıdır. Belə olan halda, borclunun barəsində məsuliyyət tədbirinin tətbiq edilməsi üçün əsas müəyyən edilir. Lakin borclunun təqdimata etirazında qeyd etdiyi İnsan Haqları üzrə Avropa Məhkəməsinin “Batista İtaliyaya qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qərarında, şəxsin borclu olduğu məbləği ödəmək iqtidarında olub-olmadığını nəzərə almadan borcun ödənilməməsi ilə bağlı ölkədən getməyin məhdudlaşdırılmasının avtomatik tətbiq edilməsini “Avropa İnsan Hüquqları Konvensiyasının” 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Belə ki, Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən, hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquq şəxsin azadlıq hüququnun bir parçası kimi Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi ilə də təminat altına alınmışdır. Belə ki, həmin maddəyə görə, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi borclunun mülkiyyətində icra sənədi üzrə tutma yönəldilə biləcək əmlakın olub-olmaması, icra məmurunun tələbin əmlaka yönəldilməsi ilə bağlı məcburi icra tədbirlərini tətbiq edibetməməsi hallarını araşdırmadan təqdimatı təmin etməkdə haqlı olmamışdır. Beləliklə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və barəsində şikayət verilmiş qərardad əsaslı hesab edilə bilməz. Borclunun qərardaddan verdiyi şikayətin dəlilləri formal mülahizə xarakteri daşımır. Buna görə də, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qəbul etdiyi qərardadı ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə gömdərilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyun 2024-cü il tarixli qərardad ləğv edilsin və təqdimata yenidən, habelə bu qərardadın təsviri hissəsində göstərilənlər nəzərə alınmaqla baxılması üçün iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-235/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-235/2024
09.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver