Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-236/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, X2 tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 8(011)- 84/2021 saylı qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən qəbuledilmiş icraata başlamaq haqqında 23.11.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 8(011)-84/2021 saylı qərardadı ilə X5 Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında 23.11.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməmişdir. X2 tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 8(011)- 84/2021 saylı qərardadından şikayət verilmiş, həmin şikayət məhkəmənin 29 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayətində qeyd edir ki, o, hazırki işdə mübahisələndirilən icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliyi tam şəkildə icra etmişdir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5/2015 saylı, 13.01.2015-ci il tarixli icra vərəqəsinə əsasən, X11 262576,43 manat məbləğində pul tutularaq X6 xeyrinə ödənilməsi qət olunmuşdur. Qeyd olunan qətnamə qəbul edildikdən bir müddət sonra tələbkarla X11 arasında barışıq sazişi imzalanmış, belə ki, X7 ödəniləcək vəsait əvəzinə, ona borclunun sədri olduğu “xxxx” MTK tərəfindən inşa olunan binadan əmlak (qeyri-yaşayış sahəsi və 20 ədəd qaraj) verilmiş, beləliklə də, ona olan borcu tam şəkildə əvəzləşdirilmişdir. Tələbkarın qətnamə çıxarıldıqdan sonra 5 il müddətində onun icrasını tələb etməməsi bir daha sübut edir ki, onun bu müddət ərzində borcluya qarşı heç bir tələbi mövcud olmamışdır. Belə ki, tələbkar borcun əvəzinə qeyri-yaşayış sahəsi və 20 ədəd qaraj əldə etdiyindən, borclunun ona qarşı yaranan öhdəliyi artıq tam şəkildə icra olunmuş, bu səbəbdən də, tələbkarın bu müddət ərzində qətnamənin icrasını tələb etməyinə ehtiyac qalmamışdır. Hazırda tələbkar artıq icra edilmiş öhdəliyi borcludan yenidən tələb etməklə öz hüquqlarından sui-istifadə edərək əsassız şəkildə varlanmaq niyyətindədir.Eyni zamanda, icra məmuru tələbkarın da iştirakı ilə müvafiq icra sənədi üzrə araşdırma aparmaqla qeyd edilən halları asanlıqla müəyyənləşdirə bilərdi. Lakin icra məmuru mübahisələndirilən icra sənədinin üzərindən bu qədər uzun müddət keçməsinə baxmayaraq, həmin sənəd üzrə heç bir araşdırma aparmamış, bu isə borclunun hüquqlarımın pozulması ilə nəticələnmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Rəhimov, X2 və tələbkar X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Şikayətə əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)- 3/2015 saylı, 13.01.2015-ci il tarixli icra sənədindən görünür ki, ilk iddia üzrə cavabdeh X4 244000 manat və 18567,43 manat faiz, cəmi 262576,43 manat alınaraq, ilk iddia üzrə iddiaçı X1 ödənilməsi qət edilmişdir. Şikayətə əlavə edilmiş Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin 23.11.2020-ci il tarixli icaata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5/2015 saylı, 13.01.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borcluya könüllü icra barədə bildiriş göndərilmişdir. Şikayətə əlavə edilmiş ərizələrdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5/2015 saylı, 13.01.2015-ci il tarixli icra sənədi üzrə tələbkar X3 icra sənədi üzrə məcburi icra tədbirlərinin görülməsi barədə icra şöbəsinə müraciət etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 8(011)-84/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və digər orqana göndərilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Hazırda isə şikayətçi icra sənədi üzrə icra məmuru tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında qərardan şikayət edərək, həmin qərarın ləğv edilməsini xahiş edir. Göründüyü kimi, borclu şikayətini icra sənədi üzrə tələbin tələbkarla aralarında olan razılaşma ilə tam ödənilməsi ilə əsaslandırır. Halbuki, şikayətə əlavə edilən sənədlərdə göstərilən icra sənədi üzrə tələbin ödənilməsi öz təsdiqini tapmır və borclu tərəfindən şikayətin əsaslandığı hallar hər hansı sübutla müəyyən olunmur. Kollegiya hesab edir ki, şikayətçinin şikayətini əsaslandırdığı hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamış, icra sənədi üzrə icra məmurunun hər hansı qanunsuz hərəkətləri, həmçinin icra sənədi üzrə icraata başlamaq haqqında qərarın ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 8(011)- 84/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-236/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-236/2021
19.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver