Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-237/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-29/2021 saylı 12 mart 2021-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-29/2021 saylı, 12.03.2021-ci il tarixli qərardadı ilə, X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilmişdir. Qərardaddan X2 şikayət verərək qəraradın ləğv edilməsini və məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına dair qərar çıxarılmasını xahiş etdi. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-29/2021 saylı 25 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-29/2021 saylı 12 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materialları ilə müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.01.2020-ci il tarixli, 2(103)-773/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6491/2019 saylı iş üzrə 23.09.2019-cu il tarxli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qtənamə qəbul edilərək, iddia qismən təmin edilmişdir, qiyməti 1399 manat olan 1 ədəd televizor, qiyməti 150 manat olan 1 ədəd 583 əyarlı nişan üzüyü, qiyməti 120 manat olan 583 əyarlı 1 ədəd qızıl üzük, qiyməti 3000 manat olan 2 ədəd sırğa, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 ədəd üzükdən ibarət brilyant qaşlı qızıl dəst, qətnamə icra olunan vaxt həmin əmlaklar mövcud olmasa, onların dəyərinin cavabdeh X3 alınaraq iddiaçı X5 qaytarılması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarından görünür ki, X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.01.2020-ci il tarixli, 2(103)-773/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, icra sənədinin hissə-hissə icra etdirilməsi mümkünlüyü borclu şəxsin əmlak vəziyyəti və digər hallara uyğun olaraq müəyyən edilməklə qiymətləndirilməlidir ki, hazırkı iş üzrə də ərizəçinin dəlilləri və təqdim etdiyi sübutlar, qətnamənin icra edilməsinin onun əmlak vəziyyətindən asılı olaraq mümkünsüzlüyünü təsdiq etmək üçün kifayət etmir, ikincisi, icra olunması nəzərdə tutulan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.01.2020-ci il tarixdə qəbul olunmuş 2(103)-773/2020 saylı qətnaməsinin qüvvəyə minməsindən 1 ildən çox vaxt keçdiyindən və X2 həmin qətnamə ilə üzərinə qoyulmuş öhdəliyin icrasında hərəkətsiz qaldığından ərizə əsaslı hesab edilə bilməz və buna görə də rədd edilməlidir. Şikayətin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-29/2021 saylı 12 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-29/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-237/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-237/2021
24.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver