Məhkəmə qərarları › İş №8(103)-238/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-238/2021

26.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-238/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(010)-87/2021 saylı, 16 mart 2021ci il tarixli qərardadından X7 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X7 məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-490/2012 saylı 10 yanvar 2012-ci il tarixli qətnaməsinin dərhal icra edilməsi ilə bağlı Suraxanı rayon İcra və Probasiya şöbəsinin üzərinə öhdəlik qoyulması və Suraxanı rayon İcra və Probasiya şöbəsinin qanunsuz hərəkətsizliyi nəticəsində ona vurulmuş vurulmuş ziyana görə 32400 manat məbləğində kompensasiya tutulmasını xahiş etmişdir. X16 şikayəti onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2012-ci il tarixli qətnaməsinə əsasən X11, X3, X5 və X4 ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzildən çxarılmaları qət edilmişdir. İcra sənədi 14.02.2012-ci il tarixdə Suraxanı rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmasına baxmayaraq hələ də icra edilməmişdir. Artıq 9 ildir ki, Suraxanı rayon İcra və probasiya şöbəsinin hərəkətsizliyi nəticəsində o, qanun sahibliyində olan əmlakından istifadə edə bilmir və bunun nəticəsində ona maddiz ziyan dəymişdir. Onun dəfələrlə bu barədə həm yazılı, həm də şifahi qaydada müraciət etməsinə baxmayaraq, icra şöbəsi tərəfindən hələ də, icra sənədi icra edilməmişdir. Suraxanı rayon İcra və probasiya şöbəsi tərəfindən qanuni qüvvəyə minmiş qətnamənin icra edilməməsi onun insan hüquqlarına dair Avropa Konvensiyasında sadalanan fundamental hüquqlarını pozmuşdur. Göründüyü kimi artıq 9 ildir ki, onun xeyrinə qəbul edilmiş qətnamənin icra olunmaması onu həmin yaşayış sahəsindən istifadə və bəhrələnmək hüququndan məhrum etmişdir. Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən ötən 9 il ərzində qətnamənin icra edilməməsi nəticəsində ona xeyli dərəcədə maddi ziyan vurulmuşdur. Belə ki, 9 il ərzində o, ailə üzvlərilə birlikdə kirayələrdə qalaraq xeyli miqdarda pul xərcləmişdir. Hazırda qanunla özünə məxsus mənzili ola-ola Suraxanı rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyiucbatından o, 30 illik ipotekayla kreditə götürülmüş mənzildə yaşayır və hər ay buna görə 260 manat pul ödəyir. Bununla yanaşı qeyd olunan mənzili 9 il ərzində ən azı 300 manatdan kirayəyə vermiş olsaydı bugünədək 32400 manat pul əldə etmiş olardım. Buna görə də hesab edir ki, 9 il Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmurlarının qanunsuz hərəkətsizliyinə görə ona ötən müddət ərzində ən azı 32400 manat məbləğində ziyan dəymişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(010)-87/2021 saylı, 16 mart 2021ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, həmin qərardaddan X13 verdiyi şikayət isə məhkəmənin 12 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət müəllifi şikayətini yuxarıda qeyd edilən şikayətin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən tələbkar indiyədək qətnamənin icra edilmədiyini bildirərək birinci instansiya mhəkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış borclu, eləcə də Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(010)- 87/2021 saylı, 16 mart 2021-ci il tarixli qərardadı ləğv edilməklə iş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 10.01.2012-ci il tarixli icra vərəqəsinin surətinə əsasən iddiaçı X13 cavabdehlər X11, X3 və X1 qarşı yaşayış yerindən köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehlər X11, X3, X5 və X4 Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Hacınski küçəsi, ev № 101- də yerləşən 44 №-li mənzildən çxarılmaları qət edilmişdir. Qətnamə üzrə 13.02.2012-ci ildə icra vərəqəsi verilməklə qətnamə icraya yönəldilmiş, 14.02.2012-ci ildə Maraqlı şəxs tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə iş üzrə tərəflərə icra sənədinin icraatına başlanması haqqında məlumat göndərilmiş, eyni tarixdə borclular X11, X3, X5 və X6 borcun könüllü icra edilməsi ilə bağlı bildiriş göndərilmişdir. İş materiallarında olan 17/73-1421-3 nömrəli, 23.02.2012-ci il tarixli məktubdan görünür ki, icra məmuru tərəfindən Azərbaycan Respublikası Qaçqınlar və X14 üzrə Dövlət Komitəsinə qeyd edilən icra sənədi üzrə borcluların köçürülməsi barədə tədbirlər görməsi bildirilmişdir. İş materiallarında olan 17/73-1421-3 nömrəli, 14.03.2012-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclularaq icra sənədi üzrə yaşadıqları mənzildən çıxmaları barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınlar və X14 üzrə Dövlət Komitəsinin 02/349 nömrəli, 15.03.2012-ci il tarixli məktubundan görünür ki, icra məmurunun sorğusuna cavab olaraq borcluların hazırkı mərhələdə mənzillə təmin edilməsinin mümkün olmadığı, tələbkara məxsus mənzildə məskunlaşmış məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi məsələsinə baxılacağı bildirilmişdir. İş materiallarında olan Suraxanı rayon İcra Hakimiyyətinin 1/123 nömrəli, 14.02.2012-ci il tarixli məktubundan görünür ki, borcluların adı “başqalarına məxsus mənzillərdə məskunlaşmış məcburi köçkün ailələri” üçün tikintisi nəzərdə tutulmuş evlərlə əlaqədar tərtib edilmiş siyahıya salınmışdır. İş materiallarında olan 18-1421/12Q-9 nömrəli, 15.01.2018-ci il və 02.11.2018-ci il tarixli məktublardan görünür ki, icra məmuru tərəfindən Azərbaycan Respublikası Qaçqınlar və X14 üzrə Dövlət Komitəsinə qeyd edilən icra sənədi üzrə borcluların mənzillə təmin olunması üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan 18-1421/12Q-9 nömrəli, 12.01.2018-ci il və 02.11.2018-ci il tarixli məktublardan görünür ki, icra məmuru tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə qeyd edilən icra sənədi üzrə borcluların mənzillə təmin olunması üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınlar və X14 üzrə Dövlət Komitəsinin 02/128 nömrəli, 26.01.2018-ci il və 21.01.2019-cu il tarixli, 02/93 nömrəli məktublarından görünür ki, icra məmurunun sorğularına cavab olaraq borcluların növbəli şəkildə yeni mənzillərlə təmin olunacağı və köçürüləcəyi göstərilmişdir. Birinci instansiya məhkəməsi şikayəti təmin etmədiyi zaman icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edildiyi tarixdən etibarən icra məmuru tərəfindən davamlı olaraq icra sənədinin icrası ilə əlaqədar müvafiq orqanlara sorğular verilməsinə, başqa sözlə icra məmuru tərəfindən hərəkətsizlik edilməməməsinə əsaslanmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 12.1-ci maddəsinə görə isə, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə 11 fevral 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” 29 iyul 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X9 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir”. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiə hüququnun ayrılmaz tərkib hissəsidir, məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması isə pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi şikayəti təmin etmədiyi zaman icra məmuru tərəfindən davamlı olaraq icra sənədinin icrası ilə əlaqədar müvafiq orqanlara sorğular verildiyini qeyd etsə də, iş materiallarından görünür ki, 14.02.2012-ci ildə Maraqlı şəxs tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə iş üzrə tərəflərə icra sənədinin icraatına başlanması haqqında məlumat göndərilmiş, eyni tarixdə borclular X11, X3, X5 və X6 borcun könüllü icra edilməsi ilə bağlı bildiriş göndərilmişdir. Bundan sonra 12.01.2018-ci il və 15.01.2018-ci il tarixlərdə icra məmuru tərəfindən müxtəlif dövlət orqanlarına sorğular göndərilmişdir. Bununla belə iş materiallarında 2012-ci il və 2018-ci illər arasında, həmçinin 2018-ci ildən indiyənədək hansı icra hərəkətlərinin yerinə yetirilməsi barədə məlumat yoxdur. İşin materiallarından görünür ki, şikayətə baxılması ilə bağlı məhkəmənin iclas protokollarından icra işinin tələb edilərək öyrənildiyi, ötən müddət ərzində hansı icra hərəkətlərinin aparıldığının yoxlanıldığı da görünmür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(010)-87/2021 saylı, 16 mart 2021-ci il tarixli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları araşdıraraq şikayətə qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(010)-87/2021 saylı, 16 mart 2021ci il tarixli qərardadı ləğv edilərək iş X2 şikayətinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar