Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-238/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərardadından ərizəçi (tələbkar) Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (tələbkar) Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin Azərbaycan Dəmiryolu İdarəsindən 13711,20 manat vəsaitin alınıb ərizəçiyə ödənilməsi barədə 26 noyabr 1999-cu il tarixli qətnaməsinin qanunla müəyyən edilmiş müddətdən 23 il keçdikdən sonra, 2023-cü ildə icra edilməsinə görə həmin pul məbləğinin indeksasiya edilib "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən məhkəmə qətnaməsini icra etmədiyi müddət üçün inflyasiya məbləği 55859,42 manat məbləğində pulun alınıb ərizəçiyə ödənilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(006)-166/2023 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Tələbkar qərardaddan şikayət vermiş, Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən icra sənədi üzrə 13711,20 manat məbləğində borc xx.xx.2022-ci il tarixli 110 saylı ödəniş tapşırığı ilə tələbkarın hesabına ödənilmiş, icra sənədi üzrə borc yoxdur. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddənin məzmunundan göründüyü kimi, bu institutla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədardır və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməkdə haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-238/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-238/2023
26.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver