Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-239/2024 12.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3758/2023-017 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı üzrə icraat (Açar sözlər: əmlak üzərinə həbsin qoyulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadənin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3758/2023-017 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı üzrə qəbul edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(002)-168/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə təqdimatla məhkəməyə müraciət etmiş və təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3758/2023-017 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 8.682,94 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “CHEVROLET NİVA 2123” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır.
2. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(002)- 168/2024 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3758/2023-017 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus olan CHEVROLET NİVA 2123” minik markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borc tələbi həddində həbs qoyulması qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
3. Borclu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən ondan 8.682,94 manat məbləğində pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda o, həmin borcdan müəyyən məbləğləri ödəmişdir. Üzərinə həbs qoyulmuş avtomobil ilkin olaraq ona məxsus olsa da, həmin avtomobili təxminən 2007-ci il tarixdə başqa şəxsə satmışdır. Hazırkı vaxta kimi onun adında qalmasından onun xəbəri yoxdur, həmin avtomobilin kimdə olması belə ona məlum deyildir. Maşının mülkiyyətçisi özü olsa da, hazırda başqa şəxsin istifadəsindədir. Bu səbəbdən hesab edir ki, məhkəmənin qərardadı əsassız və qanunsuzdur.
5. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
8. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
9. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 8(002)-168/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. İş materiallarından aydın olur ki, icra sənədi Borclu 8.682.94 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədədir.
12. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, borclu həmin nəqliyyat vasitəsini təxminən 2007-ci il tarixdə başqa şəxsə satdığını bildirsə də, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan müəyyən edilir ki, «Chevrolet Niva 2123” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda da Borclu mülkiyyətindədir.
13. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni olmuşdur.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(002)-168/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: