Məhkəmə qərarları › İş №8(103)-239/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-239/2025

02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-239/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 8(001)-307/2025 saylı qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e2(001)-248/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməyən əmək haqqının əvəzi olaraq 7500 manat, əmək haqqının gecikdirilməsinə görə 2250 manat, məzuniyyət gününün son haqq-hesabının əvəzi olaraq 1304.8 manat məbləğində və nümayəndəyə göstərdiyi hüquqi xidmətin əvəzi olaraq 161 manat, ilkin mediasiya sessiyasında xərcinin əvəzi qismində 50 manat olmaqla, cəmi 11265.80 məbləğində pul vəsaitinin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Borclu "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-248/2024 saylı qətnaməsinin hissəhissə olmaqla, 1 il ərzində icra olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-248/2024 saylı qətnaməsinə əsasən tutulacaq pul məbləğini birdəfəlik ödəməyə maliyyə imkanları yol vermir. Belə ki, qətnamə üzrə məbləğin hesabdan birdəfəlik ödənilməsi, şirkətin gündəlik fəaliyyətində ciddi problemlər yaradacaq. Bu hallar nəzərə alınmaqla, tələb edilən məbləğin hissə-hissə, ayda 921,23 manatdan az olmamaqla, 1 il ərzində ödənilməsi mümkündür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-307/2025 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda borclu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə ilə tutulmalı borc məbləği kifayət qədər yüksək olduğundan, həmin borcun birdəfəyə ödənilməsi, cavabdehin öz fəaliyyətinin tənzimlənməsində maliyyə çətinlikləri yaratmaqla, onun dövlət, eyni zamanda həm iddiaçının, həm də digər hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərinin icrasına mane ola bilər. Lakin, 1 (bir) il müddətində hər 921,23 (doqquz yüz iyirmi bir manat 23 qəpik) manat məbləğində ödəniş edilməklə yuxarıda qeyd edilən qətnamənin hissə-hissə icra edilməsi həm tələbkarın, eyni zamanda borclunun mənafeyinə uyğundur. Bu əmək haqqı ödənişi kimi nəzərdə tutula bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırda borclu həmin vəsaitin 1 il ərzində aylıq hər ay 921,23 manat olaraq hissə-hissə icra edilməklə icra qaydasının müəyyən edilməsini xahiş edir. Hansı ki, bu üsul əslində sanki işçiyə aylıq əmək haqqının ödənilməsi deməkdir. Lakin qeyd edilməlidir ki, borclunun təklif etdiyi qaydada icra qaydası onun ödəniş qabiliyyətinə münasibətdə real deyildir. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında məhkəmə mübahisəsi onsuz da ödənilməmiş əmək haqqı ilə bağlı olmuş, məhkəmə qətnaməsi ilə həmin məbləğin hesablandığı qaydada birdəfəlik ödənilməsi tələb edilmişdir. Odur ki, göstərilən icra qaydası həm yuxarıda sadalanan normaların mahiyyətinə, həm də təlbkarın mənafeyinə uyğun deyil. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının hissə-hissə icrasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də diqqətdən yayınmamalıdır. Bu mənada, hazırkı işin halları baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, habelə tələbkarın maraqlarını nəzərə alaraq ərizəni rədd etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 8(001)- 307/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar